Azərbaycan qətiyyətli
mövqeyindən geri çəkilməyəcək
İlham Əliyev: "Ordu
quruculuğuna daha da böyük diqqət
göstəriləcək"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik iş qrafikinin ən mühüm hissələrindən biri də ordu quruculuğu, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, bütün qoşun növlərinin ən müasir hərbi texnika və avadanlıqla təchiz edilməsi kimi vacib məsələlərə həsr olunur. Məhz ölkə Prezidenti İlham Əliyevin Sədriliyi ilə Nazirlər Kabinetini 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bir daha ordu quruculuğuna toxunaraq dövlətin bu sahəyə daha böyük diqqətlə yanaşdığını bildirib: "İlk növbədə, biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılıb, böyük işlər görülüb. Ordumuzun maddi-texniki bazası möhkəmlənib.
Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcək". 20 ildən çoxdur ki, Ermənistan, sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Bu gün həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövluyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan fəal və çoxşaxəli xarici siyasət aparır. Azərbaycanın bütün ölkələrlə və beynəlxalq qurumlarla əlaqələri inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın siyasi və diplomatik uğurlarının əsasında söz yox ki, iqtisadi nailiyyətlərin əldə olunması dayanır. Əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident tərəfindən 25-dən artıq Fərman və Sərəncam imzalanmışdır. Bu gun sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artırılmışdır. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə etmişdir. 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artmışdır. Hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olmuşdur. 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Olkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilmişdir. Unvanlı yardım alan ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə özünüməşğulluq proqramlarına start verilmişdir. Artıq bu məqsədə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılmış və bu vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması təmin ediləcəkdir. İşsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılmışdır. Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş vermişdir. İş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür.
Prezident İlham Əliyevin Sədriliyi ilə Nazirlər Kabinetini 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatın daha sürətlə inkişaf etdirilməsini vurğulamışdır. "İqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Qeyd etdiyim kimi, bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcək".
Ermənistan savaşa hazırdırmı?
Bu real faktdır ki, güclü dövlətin güclü ordusu var. Aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu, gözlənilən idi. Bu da əsassız deyil. Çünki bu gün Ermənistan daha çox tənəzzülə uğrayır. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan bu gün dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Ona görə də Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə dövri olaraq təxribatlar törədir, atəşkəsi gündə on dəfələrlə pozur. Ermənistan tərəfi cəbhədə yaşanan son proseslər fonunda bunun bir daha əyani şahidi oldu və bir daha sübut olundu ki, Ermənistan ölü bir ölkədir və heç nəyə qadir deyil. Düşmən onu da aydın müşahidə etdi ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Azərbaycanın bu üstünlüyünün getdikcə artması fonunda isə Ermənistanın tənəzzülü sürətlənir. Bunu dövlət büdcələrinə nəzər salmaqla da aydın sezmək olar.
Bu gün Azərbaycanın 2016-cı il üzrə müdafiə xərcləri 59,3 milyon manat artırılıb. 2016-cı ildə bu istiqamət üzrə 1 milyard 837,8 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur. Ümumilikdə isə, Azərbaycanın hərbi xərcləri 3 milyard manata yaxındır. Buna səbəb ölkənin müharibə şəraitində yaşaması, ərazisinin 20 faizdən çoxunun hələ də işğal altında olmasıdır. Ayrılan vəsait ordunun maddi-texniki bazasının daha da gücləndirilməsinə imkan verir. Hazırda Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Son baş verən hadisələr də, bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, Azərbaycan qələbəni qısa müddətdə əldə edəcək.
Xüsusilə də, aprel ayının 3 günü ərzində Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə edən igid oğullarımız bir daha sübut etdilər ki, bu Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, ümumiyyətlə, uzun illərdən bəri inkişafının reallığı və nəticəsidir və bu gün əldə olunan qələbənin arxasında AZƏRBAYCAN tərəqqisi dayanır. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təməlində dayanan və ölkə Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyev də davam edən, yaşadılan tərəqqinin məntiqi nəticəsidir! Bu tərəqqinin nəticəsində Ermənistanın işğalçı rejimi və onun yedəyi sayılan qondarma "DQR" də artıq hər şeyin itirildiyinin fərqinə varıblar və güclü dövlətin güclü ordusu çox tezliklə Qarabağın işğal olunmuş ərazilərimizi də geriyə qaytaracaq!
RƏFİQƏ
KAMALQIZI
Səs qəzeti.- 2016.- 13 aprel.- S. 4.