Qadın hüquqlarının müdafiəsi insan azadlıqlarının tərkib hissəsi kimi

İctimai-siyasi, fəlsəfi və hüquqi fikir tarixində insan hüquqları və azadlıqları sahəsində nəzəri təlimlər qədim yunan, qədim Roma, qədim Şərq, sonralar isə ingilis və fransız mütəfəkkirləri tərəfindən ardıcıl olaraq inkişaf etdirilmiş, cəmiyyətin xoşbəxtliyi, ailənin səadəti, dövlətin demokratikliyi, hüquqiliyi və ədalətliliyi məhz bununla əlaqələndirilmişdir. Ümumiyyətlə, qədim Avropada, Qərb ölkələrində, xristian cəmiyyətlərində qadına münasibət kifayət qədər mənfi olmuş, uzun əsrlər boyu o, "şeytan" kimi lənətlənmişdir. Qədim Şərqdə qadına münasibəti yalnız islam dininin inkişafı ilə əlaqədar olaraq zaman-zaman dəyişmiş və inkişaf etmişdir.

Lakin bütün bunlar, heç də o demək deyildir ki, qadın hüquqları və azadlıqları islam ölkələrində yüksək səviyyədə olmuşdur. Buna baxmayaraq, mili və dini mənsubiyyətindən asılı olmayaraq, bütün ağıllı və müdrik insanlar, zamanından və məkanından asılı olmayaraq qadın və kişi hüquqlarının bərabərliyini, bu və ya digər dərəcədə vacib hesab etmiş, bütün təqiblərə baxmayaraq, hətta bəzən uğrunda qətiyyətlə mübarizə aparmaqdan belə çəkinməmişlər.

Səidə Həsənzadə yazır: "Azərbaycan tarixində qadın hüquqlarının və azadlıqlarının qanunvericilikdə təsbit olunması və onun həyata keçirilməsi sahəsində vəziyyət dünyada baş verən proseslərdən əhəmiyyətli dərəcədə fərqlənməsə də, ümumilikdə, qadına münasibət tarixən müəyyən hörmətə və diqqətə əsaslanmışdır. Elə buna görə də, Azərbaycan tarixində bir çox qadın qəhrəmanlar, qadın hökmdarlar, qadın diplomatlar, bəlkə də başqa xalqlara nisbətən daha çox olmuş, sevilmiş və hörmət qazanmışlar. Azərbaycan Demokratik Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının və müstəqil Azərbaycan Respublikasının qanunvericilik tarixində qadın hüquqlarının və azadlıqlarının  konstitusiya ilə tənzimlənməsinə bu və ya digər dərəcədə xüsusi diqqət yetirilmiş, bu isə ilk öncə qadın hüquqlarının və azadlıqlarının dünyada qəbul edilmiş beynəlxalq standartlarına söykənmişdir".

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na görə, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-ə qədər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Bu aktın 19-cu maddəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"də, Helsinki müşavirəsinin Yekun Aktında və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüququ sənədlərdə nəzərdə tutulan bütün hüquqların və azadlıqların ölkədə maneəsiz həyata keçirilməsinə təminat verilmişdir. Konstitusiya mahiyyəti daşıyan bu mühüm sənəddə qadın hüquqlarının və azadlıqlarının mükəmməl təsbit olunması və onlara əməl edilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bununla yanaşı, ölkəmizdə qadın hüquqlarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ən dəyərli və mötəbər hüquqi sənət 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası olmuşdur. Konstitusiya (lat. Sonstitutio - "quruluş") qanunu olmaqla, ali hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin siyasi, hüquqi, iqtisadi, sosial sisteminin əsasını təsbit edir, ölkə vətəndaşlarının hüquqlarını və azadlıqlarını, onların təminatlarını müəyyən edir. F.Hacıyev yazır: "Konstitusiya" sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" mənasını verməklə, aid olduğu dövlətin strukturunun əsasını, məqsədlərini və vəzifələrini, vətəndaşların statusunu, dövlətin hakimiyyət qollarını, hüquq sisteminin əsasını özündə əks etdirir. Ən ümumi şəkildə konstitusiya - ali hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və cəmiyyət, digər tərəfdən insan və dövlət arasında münasibətləri, dövlətin özünün təşkili əsaslarını tənzimləyən hüquq normalarının sistemi olmaq etibarilə onun tənzimləmə obyektləri sırasında dövlətin və şəxsiyyətin, insanın və vətəndaşın hüquqları və azadlıqları, onların konstitusiya təminatları mühüm əhəmiyyət kəsb edir. Dövlətin əsas qanunu hesab edilən konstitusiyada qadının statusunun - hüquqlarının, azadlıqlarının, vəzifələrinin, məsuliyyətinin təsbit olunması bir insan, bir vətəndaş və bir şəxsiyyət kimi qadına qoyulan böyük hörmətin, diqqətin və qayğının nəticəsi kimi qiymətləndirilməlidir. Konstitusiyamızın ikinci bölməsinin üçüncü fəsli bütünlüklə "Əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına" həsr olunmuş, kişinin və qadının eyni hüquqları və azadlıqları olduğu təsbit olunmuşdur. Burada göstərilmişdir ki, Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. İnsanın və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, dili, əqidəsi, siyasi və sosial mənsubiyyət əlamətlərinə görə məhdudlaşdırılması, bu göstəricilərə görə ayrı-seçkilik qadağan edilmişdir. Ümumiyyətlə, konstitusiyada bir insan kimi qadının hüquqlarının və azadlıqlarının geniş təsbit olunması mükəmməl formada təmin edilmişdir.

S.Həsənzadə yazır: "Ölkəmizdə müstəqillik illərində cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsinə götürülmüş, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq standartlara cavab verən müdafiə mexanizmlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Konstitusiya Məhkəməsinin, üçpilləli məhkəmə sisteminin, hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyətinin çoxsaylı müxtəlif təsisatlarının təşəkkülü və inkişafı sahəsində bu vaxta qədər olmayan uğurlu nailiyətlər əldə edilmişdir. Ulu Öndər Heydər Əliyev 19 sentyabr 1994-cü ildə "Qadınların IV Ümumdünya Konfransına hazırlıq"la əlaqədar olaraq "Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır. Nəticədə, 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınları geniş şəkildə təmsil olunmuş və konfransın işində fəal iştirak etmişlər. İlk dəfə olaraq Azərbaycan qadınları "beynəlxalq səviyyəli tədbirdə bu qədər geniş tərkibdə və yüksək səviyyədə təmsil olunmuşlar". 30 iyun 1995-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 18 dekabr 1979-cu il tarixli "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasına qoşulmuş və öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Eləcə də ölkədə qadın siyasətinin əsas istiqamətlərini müəyyən etmək, bu sahədə məqsədyönlü iş aparmaq, problemləri həll etmək, qadınların kişilərlə bərabərliyini, xüsusi ilə onların dövlət idarəçiliyində fəal iştirakının təşkil və təmin olunmasını həyata keçirmək məqsədi ilə Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli 668 saylı Fərmanı ilə, ölkədə "Qadın problemləri üzrə Dövlət Komitəsi" yaradılmış, 14 yanvar 1998-ci il tarixdə "Azərbaycanda qadınların rolunun artırılması tədbirləri haqqında" 727 ¹-li Sərəncam imzalanmışdır. Bunun ardınca 25 sentyabr 1998- ci ildə Müstəqil Azərbaycan Respublikası qadınlarının ilk Qurultayı keçirilmişdir. Bu tədbir cəmiyyətdə qadınların rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Nikah və ailə münasibətlərinin tənzim olunmasında 28 dekabr 1999-cu il tarixdə qəbul edilmiş Ailə Məcəlləsinin böyük tarixi əhəmiyyəti və rolu olmuşdur. 6 mart 2000-ci ildə Ümummilli Lider Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərman imzalanmışdır. Buna müvafiq olaraq elə həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 saylı Qərarı ilə "2000-2005-ci illər üçün Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Belə fəaliyyət proqramlarının hazırlanması, qəbul edilməsi və icrası sonrakı illərdə də ənənə şəklini almışdır. Bu da dövlətin qadın siyasəti sahəsində konkret vəzifələrinin müəyyən edilməsi, onların planlaşdırılması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətin uğurla davam etdirilməsinə imkan yaratmışdır. 2003-cü ilin sentyabr ayında keçirilən Azərbaycan qadınlarının II Qurultayı qarşıda duran mühüm vəzifələri geniş müzakirə etmiş və müvafiq qərar qəbul olunmuşdur. Ümumiyyətlə, Azərbaycan qadınlarının I, II və III Qurultayları müstəqillik dövründə ölkənin qadın siyasətinin əsas istiqamətlərini və hədəflərini konkretləşdirmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqları ilə bağlı zəruri olan bütün beynəlxalq Konvensiyalar ratifikasiya edilmiş, Milli Qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində geniş tədbirlər həyata keçirilmişdir. BMT-nin "İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı" 2 dekabr 1949-cu il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Qadınların siyasi hüquqları haqqında" 20 dekabr 1952-ci il tarixli Konvensiyasının 4 avqust 1992- ci ildə, "İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" 21 dekabr 1965-ci il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" 18 dekabr 1979-cu il tarixli Konvensiyasının 30 iyun 1995-ci ildə, "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizə haqqında" 10 dekabr 1984-cü il tarixli Konvensiyasının 31 may 1996-cı ildə, "Ərdə olan qadının vətəndaşlığı haqqında" 29 yanvar 1957-ci il tarixlı Konvensiyasının 31 may 1996-cı ildə ratifikasiyası Milli Məclis tərəfindən həyata keçırilmişdir. Avropa Şurasının, digər beynəlxalq və regional təşkilatların qadın hüquqları ilə bağlı sənədləri ölkəmizdə ratifikasiya edilmiş və milli qanunvericilikdə bütün bunların nəzərə alınması təmin olunmuşdur. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndərimiz Heydər Əliyevin hələ 1969-cu ildən başlayaraq əsasını qoyduğu, müstəqillik illərində tam formalaşdırılmış qadın siyasəti və bu sahədə ictimai münasibətlərin hüquqi tənzimlənməsi tədbirləri, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Belə ki, ölkə Prezidenti Cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli 361 saylı Fərmanı ilə "Qadın problemləri üzrə Dövlət Komitəsi"nin statusu daha da təkmilləşdirilərək "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" yaradılmış, onun səlahiyyətləri, hüquqları və fəaliyyət dairəsi genişləndirilmişdir. Komitənin müxtəlif istiqamətlərdə keçirdiyi tədbirlər ölkədə qadın hüquqlarının möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Ölkəmizdə qadın hüquqlarının və azadlıqlarının konstitusiya hüququ tədqiqi indiyə qədər müstəqil araşdırma mövzusu olmamışdır. Müstəqillik illərində demokratik-hüquqi, dünyəvi və unitar respublika quran, insan və vətəndaş hüquqlarının və əsas azadlıqlarının təmin olunmasını, vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini başlıca və şərəfli vəzifəsi hesab edən Azərbaycan Respublikasında, qadının konstitusiya statusunun elmi-nəzəri tədqiqinə və hüquqi tənzimlənməsinə dair mükəmməl təkliflərin verilməsi, son dərəcə aktual və vacibdir. Bu problemin konstitusiya hüququ ilə beynəlxalq hüququn müqayisəli, kompleks və sistemli tədqiqi əsasında, ümumelmi və xüsusi elmi tədqiqat metodlarından, nəzəri-təcrübi təlimlərdən I beynəlxalq ənənələrdən və elmi yanaşmalardan yaradıcılıqla istifadə etməklə araşdırılması milli elmimiz qarşısında duran mühüm vəzifələrdən biridir. Bu gün ölkəmizdə qadın hüquqlanın və azadlıqlarının konstitusiya tənzimlənməsi  yüksək səviyyədə təmin edilmiş və beynəlxalq hüquqi standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin "Uşaq hüquqları haqqında" Qanunun qəbul edilməsi, müstəqil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini"n yaradılması və fəaliyyəti Azərbaycan qadınının hüquq və azadlıqlarına verilən böyük töhfədir. Əminliklə demək olar ki, bu sahədə növbəti Dövlət Proqramı uğurla həyata keçiriləcək və ölkəmizdə qadın hüquqlarının etibarlı şəkildə təmin olunması həyata keçiriləcəkdir.

 

Vahid Ömərov.

Səs.- 2016.- 18 aprel.- S.15