Vərəsəlik hüququ insan
hüquqlarının tərkib hissəsi kimi
Vərəsəlik hüququ, ölən şəxsin miras əmlakının aqibətini tənzimləyən hüquq sahəsidir. Vərəsəliklə bağlı tənzimləmələrin düzgün analiz edilməsi vərəsəlik hüququna hakim olan aparıcı prinsiplərin bilinməsinə bağlıdır. Vərəsəlik hüququ prinsiplərinin bilinməsi vərəsəlik qanunvericiliyinin doğru tövsif edilməsinə və beləliklə, praktikada qarşılaşılan halların azalmasına səbəb olar.
Hüquq üzrə fəlsəfə doktoru İsmayıl İsmayıllı yazır: " İlk öncə vərəsəlik hüququ "nə səbəbə vardır?" və "nəyə xidmət edir?" suallarına cavab verilməlidir. Bu suallara verilən cavab nəticəsində vərəsəliyin əsas prinsip və funksiyaları ortaya çıxacaqdır. Hər şeydən əvvəl vərəsəlikdə insana hörmət hissi vardır. Bir şəxsin həyatı boyu çalışıb əldə etdiyi iqtisadi varlığının (əmlakının) aqibətini öldükdən sonra da şəxsin özünün müəyyən etməsi ona və onun son iradəsinə olan hörmətin təzahürüdür. Bu səbəblədir ki, vəsiyyətnamələr tövsif edilərkən, öhdəlik münasibətlərində rəhbər tutulan "etimad" nəzəriyyəsi deyil, "iradə" nəzəriyyəsi əsas qəbul edilir. Bəzən ola bilər ki, vəsiyyətnamədə miras qoyanın ifadələri (sərəncamı) tam başa düşülməsin. Bu vəziyyətdə vəsiyyətnamə mətinində yer alan ifadələrə bir məna verilərək, tətbiq edilməməlidir. Burada ölçü olaraq öhdəliklər hüququnda olduğu kimi, vicdanlı üçüncü şəxslərin miras qoyanın iradəsinə yüklədiyi məna əsas götürülməz. Əksinə, miras qoyanın ehtimal edilən iradəsi əsas götürülərək, vəsiyyətnamə təfsir edilir. Yəni miras qoyanın iradəsinin müəyyən edilməsində üçüncü şəxslərin ifadəyə yüklədikləri məna deyil, miras qoyanın öz iradəsi əsasdır.
Vərəsəlik, eyni zamanda mülkiyyət hüququnu gücləndirir və onun davamlılığını təmin edir. Bir şəxsin həyatda ikən əmlakı üzərində sərəncam verə bildiyi kimi, öldükdən sonra geridə qoyduğu əmlakının aqibətinə dair də sərəncam verməsi mülkiyyət hüququnun bir tələbidir. Vərəsəlik hüququ olmasaydı, mülkiyyət natamam bir hüquq olardı və sahibinə, sadəcə həyatı boyunca istifadə imkanı verən bir hüquq dərəcəsinə düşərdi. Bunun nəticəsidir ki, şəxsin hüquq və azadlıqlarını qoruyan konstitusiyalar fərdi mülkiyyət və vərəsəliyi birlikdə təminat altına alırlar.
İkincisi, miras qoyanın kreditorlarının (alacaqlılarının) mənafelərinin qorunması prinsipidir. Bu prinsipə görə miras qoyanın sağ ikən borclu olduğu şəxslərə onun ölümündən sonra zərər dəyməməsi və onların tələblərinin təmin edilməsi zəruridir. Çünki bir şəxs öldükdən sonra onun tərəf (subyekt) olduğu hüquqi münasibətlər qeyri-müəyyən vəziyyətdə qalmamalıdır. Əks-təqdirdə, insanlar rahatlıqla bir-birlərinə borc verməyəcək və bu da mülki hüquq münasibətlərinə təsir göstərəcəkdir. Bunun nəticəsində də iqtisadi münasibətlər və ölkə iqtisadiyyatı zərər görə bilər. Qısası, vərəsəlik qanunvericiliyi təfsir edilərkən miras qoyanların kreditorlarının (alacaqlılarının) mənafeləri də diqqətə alınmalıdır".
Müəllifin fikrincə, vərəsəlik hüququna aid olan başqa bir prinsip də miras qoyanın qohumlarının mənafelərinin qorunması prinsipidir. Bu prinsipin tələbinə görə qanuni vərəsələr miras qoyana yaxın qohumluq münasibəti içərisində olan şəxlərdən seçilir. Bundan başqa, bu prinsipin bir təzahürü olaraq da miras qoyana ən yaxın qohumluq münasibətində olan şəxslər (valideynlər, uşaqlar və ər-arvad) məcburi pay sahibi sayılır və vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onların məcburi payları qorunur. Aşağıda məcburi pay anlayışı və məcburi pay sahiblərinin qorunmasının əsasları ətraflı incələnəcəkdir.
İ.İsmayıllı yazır: "Yuxarıda da ifadə edildiyi kimi, məcburi pay sahiblərinin paylarının qorunması vərəsəlik qanunvericiliyinin aparıcı prinsiplərindən biridir. Bu prinsip miras qoyana ən yaxın olan şəxslərin qorunması düşüncəsinə əsaslanır. AR Mülki Məcəlləsinin 1193-cü maddəsində məcburi pay sahibləri miras qoyanın uşaqları, valideynləri və ər-arvadı olaraq müəyyən edilir. Bununla da, qanunverici məcburi pay sahiblərini miras qoyana ən yaxın qohumluq münasibəti olan şəxslərdən seçdiyini göstərir. Bunun səbəbi, həyatı boyunca miras qoyana qarşı ailə münasibətindən irəli gələn vəzifə və öhdəlikləri lazımınca yerinə yetirən bu şəxslərin miras əmlakından pay almağa ən layiq hesab edilməsidir (Təbii ki, burada bu şəxslərin ailə münasibətlərindən irəli gələn vəzifə və öhdəlikləri yerinə yetirdikləri qanunverici tərəfindən ehtimal (prezumpsiya) edilir. Bunun əksini iddia edən sübut etməlidir). Başqa bir ifadə ilə desək, məcburi payın qorunmasının əsasında ailə münasibətindən irəli gələn vəzifə və öhdəlikləri yerinə yetirən bu şəxslərin mükafatlandırılması düşüncəsi dayanır. AR Mülki Məcəlləsinin vərəsənin məcburi paydan məhrum edilməsi ilə bağlı tənzimləmələrinə nəzər saldıqda, bu düşüncənin bariz şəkildə təzahürü görülür. Belə ki, qanunda nəzərdə tutulmuş hallarda əxlaqsız və ya cinayət əməli törədən şəxslər, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər və ən az üç il boyunca miras qoyandan ayrı yaşayan ər-arvad məcburi paydan məhrum edilə bilər. Görüldüyü kimi, qohumluq münasibətindən irəli gələn öhdəlikləri yerinə yetirməyən bu şəxslərin məcburi payları qorunmaya layiq hesab edilmir. Bunun əksinə məcburi pay sahibləri, ailə münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozmadıqları müddətcə məcburi payları qorunur".
AR Mülki Məcəlləsində "vərəsəlikdən məhrum etmə" anlayışı birmənalı istifadə edilməmişdir. Qanunda vərəsəlikdən məhrum etmə bəzən məcburi pay sahibi olan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi (1203.1-ci maddə "Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür, bəzən isə məcburi pay sahibi olmayan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi mənasında istifadə olunmuşdur (1176-cı maddə "Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir"). Həmçinin, AR Mülki Məcəlləsinin "Ləyaqətsiz vərəsə" başlığını daşıyan 1137-ci maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirən şəxsin ləyaqətsiz vərəsə olacağı və vərəsəlik hüququndan məhrum olacağı tənzimlənmişdir.
Müəllifin fikrincə, ləyaqətsiz vərəsəlik AR Mülki Məcəlləsininin "Ləyaqətsiz vərəsə" başlığını daşıyan 1137-ci maddəsində tənzimlənmişdir. AR Mülki Məcəlləsininin 1137-ci maddəsinə görə, "miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneçilik törətmiş və bununla da özünün və ya özünəyaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin".
Maddə mətnindən də görüldüyü kimi, AR Mülki Məcəlləsinin 1137-ci maddəsinə ləyaqətsiz vərəsəliklə bağlı iki hal nəzərdə tutulmuşdur:
Birincisi, miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneçilik törədilməlidir. Eyni zamanda, miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törədən şəxs bununla özünün və ya yaxın şəxslərin mirasdan pay almalarına və ya miras paylarının artmasına səbəb olmalıdır. Burada hər iki şərtin, eyni zamanda reallaşması vacibdir. Əgər şəxs miras qoyanın son iradəsinə maneçilik törədərsə, amma bundan özü və ya yaxınları bir mənfəət götürməzsə, o zaman bu maddə çərçivəsində ləyaqətsiz vərəsə sayılmaz. Bu vəziyyətdə şəxs başqalarına vurduğu zərərə görə məsuliyyət daşıya bilər, amma ləyaqətsiz vərəsə olmaz. Çünki ləyaqətsiz vərəsəlik üçün tələb olunan iki şərtin ikisi də eyni zamanda reallaşmamışdır. (Əgər şərtləri varsa miras qoyanın son iradəsinə maneçilik törədilməsindən zərər görən şəxslər mülki hüquq pozuntusu əsasında zərərə səbəb olandan təzminat tələb edə bilərlər).
MM 1137-ci maddəsində nəzərdə tutulan ikinci hal isə vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi halıdır. Bunun üçün, ilk növbədə vəsiyyətnamədə vəsiyyət edənin son iradəsi ifadə edilmiş olmalıdır. Qısaca desək, etibarlı bir vəsiyyətnamə olmalıdır. Bundan başqa, vərəsə vəsiyyətnamədə ifadə edilmiş iradəyə qarşı qəsdən cinayət və əxlaqsız hərəkət törətmiş olmaldır. Burada hər hansı bir əxlaqsız və ya cinayət əməli deyil, qəsdən törədilmiş bir əməl şərtdir. Bu şərtlər reallaşarsa, əməli törədən vərəsə maraqlı şəxslərin tələbi üzərinə məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılır.
AR Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulan ləyaqətsiz vərəsəlik hallarından başqa da məcburi pay sahiblərinin vərəsəlik hüququndan məhrum edilməsi mümkündür. Bilindiyi kimi, ləyaqətsiz vərəsəlik, miras əmlakından pay almağa "layiq" olmayan şəxslərin məhkəmə qaydasında vərəsəlikdən məhrum edilməsini nəzərdə tutur. Qənaətimizcə, AR Mülki Məcəlləsinin 1138 və 1164-cü maddələrində də açıq ifadə edilməsə də məcburi pay sahiblərinin vərəsəlik hüququndan məhrum edilməsi tənzimlənmişdir. Çünki hər iki maddədə də məcburi payın qorunmasına əsas təşkil edən münasibətin pozulduğu görülməktədir. Eyni zamanda, maddələrdə nəzərdə tutulan şərtlərin reallaşması halında şəxsin məhkəmə qaydasında vərəsəlikdən məhrum ediləcəyi tənzimlənmişdir. Vərəsəlik qanunvericiliyinə nəzər saldıqda, məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum etmənin məcburi pay sahibləri üçün nəzərədə tutulan bir prosedur olduğu görüləcəkdir.
Mövzuyla bağlı olaraq AR Mülki Məcəlləsinin "Vərəsə ola bilməyən valideynlər" başlığını daşıyan 1138-ci maddəsinə görə miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
İ.İsmayıllı yazır: "Maddə mətnindən də görüldüyü kimi, miras qoyanın saxlanılması üçün öhdələrinə qoyulmuş vəzifədən boyun qaçırma vərəsəlik hüququndan məhrum edilməyə səbəbdir. Qeyd edilməlidir ki, maddə "vərəsə ola bilməyən valideynlər" başlığını daşısa da, burada öhdəlikdən boyun qaçıran şəxs, sadəcə valideyn deyil, övlad və ər-arvad da ola bilər. Çünki şəxslərin saxlanılması öhdəliyi qayda olaraq, ailə üzvlərinin bir-birlərinə qarşı öhdəlikləri olub, qanunvericilikdə nəzərdə tutulan hallarda yerinə yetirilməsi məcburi xarakter daşıyır. Bu cür öhdəliklər olduqca məhduddur və ailə qanunvericiliyində nəzərdə tutulmuş ailə üzvlərinə aid olan öhdəliklərdir. Qanunda bu öhdəliklər dar çərçivədə valideynlərin övladlarına qarşı, ər-arvadın biri-birinə qarşı öhdəlikləri şəklində müəyyən olunub. Halbuki vərəsələr arasında olan münasibət, sadəcə bunlardan ibarət deyildir. Beləliklə, miras qoyanın saxlanması üzrə qanundan irəli gələn öhdəliyi yerinə yetirməyən vərəsə, vərəsə olmağa "layiq" deyildir və məhkəmə qərarına əsasən ləyaqətsiz vərəsə sayıla bilər.
Mövzuyla bağlı digər bir hal AR Mülki Məcəlləsinin "Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə" başlığını daşıyan 1164-cü maddəsində tənzimlənmişdir. Bəhsi keçən maddəyə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər".
Vahid ÖMƏROV
Səs.-
2016.- 20 aprel.- S.15