Təbabət Muzeyində mətbuat
nümayəndələri üçün
ekskursiya təşkil olunub
Dünən Səhiyyə Nazirliyinin Azərbaycan Təbabəti Muzeyində mətbuat nümayəndələri üçün ekskursiya təşkil olunub. Tədbir zamanı mətbuat işçilərinə Təbabət Muzeyi haqqında məlumat verilib. Qeyd olunub ki, muzey ölkəmizin təbabət irsini qorumaq, gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılıb və 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. Muzey doqquz zaldan – hücrədən ibarətdir. Birinci zalda XII əsr Şərqin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII-XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti diqqəti cəlb edir. Burada, həmçinin XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – A.Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı M.Vəkilovun, ilk sanitar həkim M.Şərifovun, V.Axundovun, Ə.Mehmandarovun, İ.Rəhimovun portretləri, diplomları, monoqrafiyaları və dissertasiyaları bu zalda nümayiş etdirilir.
AMEA-nın ilk prezidenti M.Mirqasımova və Azərbaycanda pediatriyanın əsasını qoymuş tibb elmləri doktoru Y.Gindesə ayrıca guşə həsr olunub. Muzeyə gələnlər Kiyev, Xarkov, Moskva və Novorossiysk universitetlərində təhsil almış azərbaycanlı həkimlərin, I Dünya müharibəsində iştirak etmiş tibb işçilərinin, Peterburqun Hərbi Lazaretində baş tibb bacısı kimi fəaliyyət göstərmiş Nigar xanım Qayıbova-Şıxlinskayanın və başqalarının fotoşəkillərinə maraqla baxırlar.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması naminə fəaliyyətini ehtiva edən növbəti zalda Ulu Öndərin rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə açılmış, o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlərdən, keçmiş sovetlər birliyində və xarici ölkələrdə çox sayda yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Azərbaycanda oftalmologiyanın inkişafında əvəzsiz xidmətləri olan əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın fotoşəkilləri, çoxşaxəli elmi fəaliyyətinə dair sənədlər də bu zalda sərgilənir.
Muzeyin digər zalı Ümummili Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edir. Yeni tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin görüntüləri bu fəaliyyətin sübutudur.
NƏZAKƏT
Səs.-
2016.- 20 aprel.- S.- 4