"Ulu
Öndər Heydər Əliyevin Azərbaycan Milli
Kitabxanasına hədiyyə etdiyi şəxsi
kitabları" mövzusunda sərgi-konfrans
keçirilib
Dünən Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Tərtər rayon icra hakimiyyəti və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları" mövzusunda sərgi-konfrans keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini ziyarət edib. Sonra Ümummilli Lider Heydər Əliyevin Milli Kitabxanada 1995-ci il 3 iyun tarixindəki çıxışına dair qısa video filmin nümayişi olub.
Konfransda Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov, Tərtər rayonunun mədəniyyət işçiləri və ziyalılar iştirak ediblər.
Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda "Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti" mövzusunda geniş məruzə ilə çıxış edib. Daha sonra çıxış edən Tərtər rayon MKS-nin direktoru İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Tərtər rayon Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov öz çıxışlarında Ulu Öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən geniş bəhs ediblər.
Konfransın sonunda kitab sərgisinə baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
ZÜMRÜD
Səs.-
2016.- 20 aprel.- S.4