Multikulturalizm siyasətinin azərbaycan nümünəsi
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər.Çünki multikulturalizm çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən fenomendir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür.Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə və bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil."Multikulturalizm" termini Kanadada yaransa da, siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir.
Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa dinə hörmətdir.Öz dininə hörmət başqa dinə hörmətdən başlayır.Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.Həmçinin, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır.Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır.Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.Multikulturalizm siyasəti assimilyasiyanı inkar edir, inteqrasiyaya aparır.Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər.
Dünyaya yeni model təklifi
Çox təəssüflər olsun ki, bu gün dünyada cərəyan edən proseslər onu göstərir ki, "demokratiyanın beşiyi" kimi göstərilən regionlarda, ölkələrdə multikultural dəyərlər dağılmaq üzrədir.Hazırda multikulturalizm tədricən ümumavropa probleminə çevrilməkdədir ki, bu da imiqrasiya və inteqrasiya sahəsində siyasətlə bağlıdır. İmiqrasiya problemi iqtisadiyyatın yenidən qurulması, məşğulluq sahəsində böhran, şəhər seqreqasiyası, aşağı ixtisaslaşmaya malik olan işçilərin marginallaşması, təhsil sisteminin yenidən gözdən keçirilməsi zərurəti, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa problemləri ilə bir sırada durur. Avropa dövlətləri insan hüquqlarının üzərindən keçir, onları görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür. Məsələn, İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək, İsveçrədə minarələrin tikilməsinə qadağa, etnik əlamətlərə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük Britaniyadan irlandiyalılar), müxtəlif geyim növlərinə, dini simvollara qadağa, Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab daşımaq yasağı və s. diskriminasiyanın, rasizmin açıq-aşkar nümunələrindən bir neçəsidir.
Lakin multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Çünki multikulturalizm bütün bu problemlər üçün özünün, mübahisəsiz və qəti olmasa da müəyyən həlli yolunu təklif edir.
Multikulturalizmin Azərbaycan modeli
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub.Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.
Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olmuşdur.
Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olmuşdur.
Burada dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir.Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir.Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini islam, qalanını isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir.
Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Bu gün Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür.Azərbaycan dünyəvi müsəlman ölkəsidir.İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə və köklərimizə böyük hörmətlə yanaşırıq.
Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda multikulturalizm elementləri
Qeyd edək ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu.Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Ümummilli Lider Heydər Əliyevin atdığı düşünülmüş və qətiyyətli addımları, milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı.Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim edərək səsləndirdiyi "milliyətindən, irqindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respubilikasının bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır", "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu çox yüksək qiymətləndiririk və daim qoruyub saxlamalıyıq" kimi fikirlər Azərbaycanın multikultural mədəniyyətinin yüksəlməsini təmin edərək, onu keyfiyyətcə yeni bir müstəviyə daşıdı.
Ulu Öndər Heydər Əliyev bununla, ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər siyasi modellərdən üstün olduğunu və bunun qorunmsının vacibliyini bütün dünyaya göstərmişdir. Bunun bariz nümunəsi isə Ümummilli Liderin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və digər maddələri göstərmək mümkündür.
Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu Öndər etnik millətçiliyə alternativ kimi, bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən və irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.
Ulu Öndərin dediyi kimi, həqiqətən də, "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır".
Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir. Bunun göstəricisi olaraq hazırda Azərbaycan Respublikasında əhalinin 10 faizə qədərini ləzgilər, ermənilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, qrızlar, udinlər, Xınalıq sakinləri və digər millətlər təşkil edir. Onlar heç bir təzyiqə və ayrı-seçkiliyə məruz qalmadan, hər kəslə eyni hüquqlara malik olmaqla, tam sərbəst şəkildə yaşayırlar. Bununla belə bir aydın siyasi həqiqət aktuallaşır.
Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etdi
Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının
multikultural ənənələrinin qorunması sahəsində
həyata keçirilən siyasi istiqamət hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilir.Dövlətimizin
başçısının IV Bakı Beynəlxalq Humanitar
Forumunda dediyi kimi, "Multikulturalizmin müasir dünyada
alternativi yoxdur.Çünki dünya ölkələrinin mütləq
əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm
iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır.Bu,
ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır,
islamofobiyadır, antisemitizmdir".
Ölkəmizdəki tolerantlıq mühiti əsasında
duran mühüm amillərdən danışarkən, ilk
növbədə siyasi sabitliyi, sosial və iqtisadi
inkişafı qeyd etmək vacibdir. Prezident İlham Əliyevin
apardığı davamlı siyasət nəticəsində multikulturalizm Azərbaycan
Respublikasının dövlət siyasəti,
xalqımızın həyat tərzinə
çevrilmişdir.
Prezident İlham Əliyev bu siyasətin həyata
keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa
İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı
və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar
tərəfindən qəbul edilən milli azlıqların
hüquq və azadlıqlarının müdafiəsi ilə
bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd
edir. Məhz bu siyasi xəttin nəticəsi kimi, Azərbaycan
Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr
2009-cu il tarixli qanunla "Mədəni özünüifadə
formalarının müxtəlifliyinin qorunması və təşviqinə
dair" UNESCO Konvensiyasına qoşulmasını göstərmək
olar.
Azərbaycanın
mənəvi-siyasi yüksəlişində son dərəcə
vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü
və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi
olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir.Artıq
ənənəyə çevrilmiş bu forumlarda etdiyi
çıxışlarında Prezident İlham Əliyev
multikulturalizmi "alternativi olmayan, gələcək
inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə,
təkcə Azərbaycanda deyil, müasir dünyada
multikulturalizm meyillərinin gücləndirilməsinin
vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Belə
bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral
2014-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının
önəmli istiqamətlərini əlaqəli şəkildə
öyrənən, obyektiv səbəbdən özünü
göstərən müəyyən boşluqların
doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini
qurmaqdadır. Eyni zamanda, Azərbaycanı dünyada
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud
multikultural modellərini tədqiq və təşviq etmək
məqsədilə dövlət başçısının
qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm
sahəsində dünyanın aparıcı mütəxəssislərinin,
görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq
səviyyədə belə bir mərkəzin
açılmasını son dərəcə yüksək
qiymətləndirmələri, məhz Azərbaycanın bu
gün dünya multikulturalizminin mərkəzinə
çevrilməsi reallığını aydın şəkildə
nümayiş etdirir. Beləliklə, qısa zamanda Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və
dünyada təbliği ilə bağlı bir sıra
mühüm işlərin icrasına başladı.Əvvəlcə
"Multikulturalizmə giriş" və "Azərbaycan
multikulturalizmi" fənləri yaradıldı və hər
iki fənn üzrə tədris proqramları hazırlanaraq, Təhsil
Nazirliyində təsdiq olundu.Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin imkanları hesabına xarici ölkə
universitetləri ilə bu fənlərin tədrisi haqda
danışıqlar aparıldı və ilkin mərhələdə
10-a yaxın universitet təklifi müsbət
qarşıladı.
Bununla
yanaşı, Prezident İlham Əliyevin müvafiq Fərmanına
əsasən, 2016-cı il Azərbaycanda
"Multikulturalizm ili" elan edilmişdir. Bütün
bunlar bir daha onu sübut edir ki, Azərbaycan multikulturalizm modeli
pozitiv sosial təzahür kimi cəmiyyətin inkişafı
üçün münbit şərait yaradıb, etnik
münaqişələrin qarşısını alıb və
müxtəlif xalqlar arasında etimadı möhkəmlədib.
Eyni zamanda, cəmiyyətin mədəni müxtəliflik
əleyhinə etirazını səngitmək
üçün alternativ siyasət kimi meydana gəlmiş bu
model artıq dünya ölkələri üçün məqbul
inkişaf nümunəsinə çevrilmişdir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva dinlər və mədəniyyətlərarası
dialoqun təminatçısıdır
Ölkəmizin
və xalqımızın sahib olduğu multikultural dəyərlərin,
tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə
təqdim edilməsində Azərbaycan dövləti ilə
yanaşı, dünyada maddi və qeyri-maddi irsin
qorunmasında və təbliğində mühüm işlər
görən Heydər Əliyev Fondunun da böyük əməyi
var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın
multikultural ənənələrinin qorunub saxlanması, təbliği
ilə bağlı olduqca əhəmiyyətli layihələr
həyata keçirir. Bu layihələr Azərbaycan
multikulturalizminin bir ölkə çərçivəsində
qapalı inkişafını deyil, dünyada dinlərin və
mədəniyyətlərin müxtəliflikləri şəraitində
fəaliyyət göstərməsini reallaşdırır.
Fondun düşünülmüş, sistemli fəaliyyətində
multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsi istiqaməti
xüsusi yer tutur.
Azərbaycan
Respublikasının birinci xanımı, YUNESKO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondu digər dinlərə də xüsusi diqqət
ayırır.Onun rəhbərliyi ilə fond Luvr Muzeyində
islam Mədəniyyəti Bölməsinin təşkilində,
Romada katakombaların bərpasında, yəhudi uşaqlar
üçün təhsil imkanlarının
yaradılmasında, Strasburq və Fransanın digər
regionlarındakı kilsələrin təmirində
yaxından iştirak edir. Hətta bu il
fevralın 23-də fondun bərpa etdiyi Müqəddəs
Marçellinio və Pietro katakombalarının
açılışı da olub.
Bu da Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində
qapalı inkişafını deyil, dünya çərçivəsində
dinlərin və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır.
Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi altında fond bir-birinin ardınca davamlı olaraq mühüm layihələr həyata keçirir, onun təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan - tolerantlıq məkanı" layihələrini xüsusi qeyd etmək olar. Dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayırlar.
Bir sözlə, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır.Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevirmişdir.Azərbaycan multikulturalizminin siyasi banisi Ulu Öndərin arzularından biri də elə bu idi.
Hadi Rəcəbli
Milli Məclisin komitə sədri,
YAP Siyasi Şurasının
üzvü
Səs.-
2016.- 22 aprel.- S.11