Qlobal layihələrin genişlənməsi və şaxələndirilməsi Azərbaycanın investor kimi də mövqelərini möhkəmləndirir.

Milli Məclisin deputatı Mirzəcan Xəlilov

- Mirzəcan müəllim,  bu günlərdə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, cari il  dərin iqtisadi  islahatlar ili olacaq. Artıq bu istiqamətdə önəmli addımlar atılmış, zamanın tələbinə uyğun qanunlar qəbul olunmuşdur. Əldə olunan uğurları necə şərh edərdiniz?

- Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkə iqtisadiyyatının sürətli inkişafı və  perspektivləri ilə bağlı tapşırıqlarını və tövsiyyələrini verən Prezident İlham Əliyev vurğulamışdır ki, qeyri-neft sənayesinin artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf etsin: «Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.» Qeyri-neft sənayesinin sürətli artımı, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə  pozitiv açıqlamalardan,  xarici mətbuat səhifələrində  yer alan təhlil və araşdırmalardan da aydın olur ki, ölkəmiz iqtisadi böhran dövründə də  siyasi, iqtisadi sabitliyini qorumaq iqtidarındadır. İnkişaf etməkdə olan ölkələr sırasına daxil olduğundan göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin edən ölkəmizdə düşünülmüş dövlət tənzimlənməsi mövcuddur. Enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma  ölkəmizdə də  əsas prinsiplər kimi  diqqət mərkəzində saxlanılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə  əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır. Sahibkarlığın inkişafı, özəl bölməyə göstərilən dövlət dəstəyi sayəsində işsizliyin 5 faizə enməsi, yoxsulluğun da eyni  həddə saxlanılması aparılan  iqtisadi siyasətin  uğurudur.

«Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır», söyləyən möhtərəm Prezidentimiz  İlham Əliyevin bildirdiyi kimi biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlbi, yerli istehsalın artırılması ilə bu sahədə daha uğurlu nəticələr əldə olunacaq, əlavə tədbirlər görüləcək. Bunun üçün idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq təmin olunur. Cənab İlham Əliyevin vurğuladığı kimi, qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. İş yerlərinin yaradılmasında özəl sektorun payı daha çoxdur. Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin  qarşıya qoyduğu başlıca hədəflərdəndir. Son 12 ildə ölkədə 70 mindən artıq özəl müəssisə yaradılmış, sosial məsuliyyəti olan əhalinin işlə təminatı istiqamətində  önəmli islahatlar aparılmışdır. 12 ildə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kreditin verilməsi iş adamlarına dövlət dəstəyinin nümunəsidir. Özəl sektorun inkişafına yönələn tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli münbit,  işgüzar şərait  yaratmışdır. Belə ki,  sahibkarlıq subyektlərində  yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya  tələb olunan fəaliyyət növlərinin  sayı 59-dan 37-yə endirilmiş,  dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə azaldılımışdır. Lisenziyaların «ASAN xidmət» mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik halları aradan qaldırılmışdır. Tələb budur ki, daxili bazarımız, yerli istehsal qorunsun, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni manelərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya  halları aradan qaldırılır. Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində  ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”»nın həlli  də qarşıdakı illərdə qeyri-neft sənayesinin inkişafına təkan verəcək. Ölkəmizə xarici sərmayələrin cəlbi  üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi təkmilləşdirilir, qanunun aliliyi təmin edilir. Əsas odur ki,  Azərbaycan brendi ilə  istehsal olunan məhsullarımız  xarici bazarlarda tanınsın, ölkəmizə xarici investisiya axını sürətlənsin.

- Dövlətimizin başçısı İlham Əliyev müşavirədə dünya təcrübəsinə istinadən bildirmişdir ki, ən qüdrətli dövlətlər belə  iqtisadiyyatlarını ölkəyə  xarici sərmayə cəlb etməklə  gücləndirmişlər...

- Möhtərəm Prezidentimiz çıxışında önə çəkdiyi bu reallığın səbəblərini də açıqlamışdır:  «Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.»  Təbii ki,  investisiyaların təşviqi üçün görülən tədbirlər sayəsində  ölkə iqtisadiyyatına qoyulacaq  sərmayələrin həcmi böyük dərəcədə artacaq.

Bu gerçəklik də  dövlətimizin başçısının çıxışlarında qeyd olunur ki, əməkdaşlığımızın  vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycan dövlətinin bugünkü və gələcək uğurlarının təməli kimi dəyərləndirilən «Əsrin müqaviləsi»  bu əməkdaşlığın, səylərin birləşdirilməsinin göstəricisidir. Ümummilli lider Heydər Əliyevin bu fikirlərini xatırlatmağa böyük zərurət duyulur: «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.» Azərbaycan ildən-ilə investisiya cəlbediciliyini qorumaqla, artıq bu gün digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını, enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq, xarici investorları bu sahəyə investisiya yatırmalarını sürətləndirmək üçün mövcud imkanlar barədə onlara geniş məlumatlar verilməsinin vacibliyini bəyan etmişdir. Qeyd edək ki,  son on iki ildə ölkə iqtisadiyyatına  180 milyard dollar investisiya qoyulub. Bu fikir dövlətimizin başçısı İlham Əliyev tərəfindən  hər zaman önə çəkilir ki, sabitlik  iqtisadi inkişafın əsasıdır. Sabitliyin qarantı Azərbaycan xalqıdır və görülən işlərdir.   Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meyilləri  daha da gücləndirir. Təbii ki, sabitlik olmasa, ən əsası investorların ölkə iqtisadiyyatına böyük həcmdə vəsait qoymasından danışmaq mümkünsüzdür. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin ilbəil artması Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir.  Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bu amilin rolunu daha aydın görmək olur. Ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, uğurlu daxili və xarici siyasəti  Azərbaycanı  sabitlik adasına çevirməklə ölkə iqtisadiyyatına investisiya axınını sürətləndirdi.  Xarici investorlara göstərilən dəstək, qoyacaqları investisiyaların təhlukəsizliyinə təminat əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz müsbət təsirini göstərdi. Məhz o dövrdə qoyulan möhkəm təməl  Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də inkişafın Azərbaycan modelindən geniş bəhs olunur, investisiya axınının sürətləndirilməsi üçün  geniş imkanların mövcudluğu bildirilir.

Qeyd etdiklərimiz  bir daha  bu reallığın təsdiqidir ki,  Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Nazirlər Kabinetinin iclasında bu əminlik də ifadə edilmişdir ki, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız olacaq. 2016-cı ilin birinci rübündə 37 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir. Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş vermişdir.   Dövlətimizin başçısı İlham Əliyevin cari ilin yanvarında imzaladığı «İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədirlər haqqında» fərmandan irəli gələn vəzifələrin uğurlu icrası  sözsüz ki, ölkə iqtisadiyyatına qoyulacaq investisiyaların həcminin artmasına öz müsbət  təsirini göstərəcək. Azərbaycanın iqtisadi uğurları fonunda cənab İlham Əliyev bu fikri  böyük inam hissi ilə qeyd edir ki, ölkəmiz xarici sərmayədardır. «Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına  düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir» söyləməklə diqqəti bir daha əsas hədəfə yönəldir: «Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı  həyat şəraiti yaratmaqdır.»

- Mirzəsan müəllim,  Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri də iqtisadi, maliyyə və bank sektorunda şəffaflığın təmin olunması oldu. Qarşıya qoyulan digər  əsas məsələ neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkə iqtisadiyyatında  təbii ehtiyat və yerli xammallardan istifadə etməklə əhalinin güzəranının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Tapşırığa uyğun olaraq, təmsil olunduğunuz Komitədə hansı məsələlərin müzakirəsinə, qanun layihəsinin hazırlanmasına və qəbuluna  önəm veriləcək?

- Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən möhtərəm Prezidentimiz  İlham Əliyev bildirir ki, Azərbaycanın bütün neft-qazı, təbii ehtiyatları xalqa xidmət etməli, neftdən əldə olunan gəlirlər şəffaf şəkildə və ədalətli bölünməlidir. Qarşıdakı dövr üçün  prioritetləri açıqlayarkən  bütün iqtisadi və maliyyə sisteminin şəffaflaşdırılması vacib amil kimi önə çəkilir: «Azərbaycanda bütün iqtisadi-maliyyə  sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik İrəli sürülən tapşırıqların icrası fonunda  cari ildə  ölkəmizdə iqtisadi inkişafla bağlı  heç bir problemin olmayacağına əminlik ifadə edilir. Bütün bunlar göstərir ki,  ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin   əsas məqsədi  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident  İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi  üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Hər bir sahənin inkişafına xidmət edən qanunlarımızın uğurlu icrası da  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Milli Məclisin digər komitələri kimi təmsil olunduğum komitə də dövrün tələblərinə uyğun qanun layihələrinin hazırlanmasına və qəbuluna maraq göstərir. Yenə də məqsəd qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da  yaxşılaşdırılmasıdır. 

- Siz eyni zamanda təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüsünüz. İqtisadiyyatımızın əsasında dayanan enerji amili bu gün də öz aktuallığını qoruyur. Dünyanın enerji bazarında Azərbaycanın mövqeyinin möhkəmlənməsini necə şərh edərdiniz?

- Cari ilin fevralında “Cənub” Qaz Dəhlizi layihəsində təmsil olunan ölkələrin  enerji nazirlərinin iştirak etdiyi Məşvərət Şurasının ikinci  iclasında da bu etiraflar səsləndirildi  ki, «Cənub» dəhlizi, TANAP, TAP-la bağlı  təşəbbüslər,  Prezident İlham Əliyevin daim sadiq qaldığı  enerji layihələrinin  şaxələndirilməsi, Azərbaycanın tranzit ölkəyə çevrilməsi  neft strategiyasının bəhrəsidir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev diqqəti enerji  sektorunda qazanılan uğurlara yönəldərək bildirmişdir: «Birinci rübdə Bakıda «Cənub» Qaz Dəhlizinin  ikinci Məşvərət Şurası keçirilmişdir. Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. «Cənub» Qaz Dəhlizinin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı  əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək

Qlobal layihələrin genişlənməsi və şaxələndirilməsi ilə  iqtisadiyyatın inkişafına nail olan Azərbaycan eyni zamanda investor kimi  mövqelərini möhkəmləndirir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin vurğuladığı kimi, çoxşaxəli  nəqliyyat strukturumuzu genişləndirmək Xəzər qazının Avropaya çatdırılması baxımından hər zaman aktualdır və maraqla qarşılanır.  Məşvərət Şurasının ikinci iclasında bir həqiqət də təsdiqləndi ki, Azərbaycanın iştirakı, təşəbbüsü olmadan  qlobal layihələrin reallaşması mümkün deyil və Avropanın enerji bazarında ölkəmizin rolu artmaqdadır. ABŞ, Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Monteneqro, Xorvatiyanı təmsil edən nümayəndələrin iştirak etdiyi Məşvərət Şurasında səslənən bütün çıxışlarda qeyd olunduğu kimi ölkəmizə inam və etimad birmənalı olaraq dəyişməzdir - Azərbaycan dünya enerji bazarına töhfələr verən və layihələrin  şaxələndirilməsində  təşəbbüskarlığı ilə fərqənən,  etibarlı tərəfdaş ölkədir. Azərbaycan Avropa İttifaqı ilə  enerji təhlükəsizliyi sahəsində  faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır. Beynəlxalq etimadı vədinə sadiqliyi ilə qazanan ölkəmizin neft strategiyasının tətbiqi ilə qazandığı uğurları şərtləndirən amil  göstərilən qətiyyət, Azərbaycanın  siyasi, iqtisadi, diplomatiya sahəsində əldə etdiyi  nailiyyətlərdir. 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən qaz boru  kəmərinin açılışı oldu. 2011-ci ildə şaxələndirməni stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. 2012-ci ildə TANAP - Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi Saziş imzalandı. Sonra sərmayədarlar «Şahdəniz-2»” layihəsinə investisiya qoyuluşuna aid yekun qərar üzərində razılığa gəldilər. 2014-cü ildə «Cənub» Qaz Dəhlizi ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2018-ci ildə isə dostluq və qardaşlıq xətti olan TANAP layihəsi başa çatdırılacaq.

Antalyada keçirilən «Böyük 20-lər»in sammitində, Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında səslənən «enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur» kimi  fikirlərin Bakıda keçirilən Məşvərət Şurasının ikinci iclasında daha geniş mənada səslənməsi o deməkdir ki,   «Cənub» Qaz Dəhlizi həqiqi mənada Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Avropanın enerji xəritəsini dəyişəcək «Cənub» Qaz Dəhlizi” çox illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. «Cənub» Qaz Dəhlizi, TANAP, TAP imkan verəcək ki,  Azərbaycan qaz potensialını maksimum dərəcədə Avropaya nəql etsin. Bu kimi qlobal layihələrin genişlənməsi və şaxələndirilməsi ilə  iqtisadiyyatın inkişafına nail olan Azərbaycan  investor kimi də mövqelərini möhkəmləndirir. Çoxşaxəli icrac nəqliyyat strukturunun genişləndirilməsi, Xəzər qazının Avropaya çatdırılması, dünyanın iri neft şirkətlərindən olan ARDNŞ-in Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna, Macarıstan, İsveçrə  kimi digər Avropa ölkələrində də investisiya layihələrini həyata keçirməsi, enerji layihələrinin icrası, artan iqtisadi imkanlarımız sayəsində mümkün olmuşdur. Bir sözlə, möhkəm təməl davamlı uğurlarımızı şərtləndirir. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir, öyrənilməsinin vacibliyi beynəlxalq səviyyədə də qeyd olunur.

Əminliklə deyə bilərəm ki, lider qətiyyətli olanda problemlərin həlli asan olur. Biz xoşbəxt xalqıq ki, bizim qətyyətli Prezidentimiz, qətiyyətli liderimiz var. 

 

Səs.- 2016.- 22 aprel.- S.8-9