Bada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu
çərçivəsində Gənclər Forumu
keçirilib
Leyla Əliyeva: “Əminəm ki, Bakı Forumu bizim bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı birgə səylərimizə öz töhfəsini verəcək”
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumun açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib. Bakı dünyanın ən nüfuzlu qurumlarından sayılan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumuna ev sahibliyi edir. Tədbir çərçivəsində Gənclər Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu Forum mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi baxımından mühüm imkandır. Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.
Tədbirdə əvvəlcə “Gənc olmayan tədbir”
(Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu
Forumda qarşıda duran məqsədlərə nail
olunması, gənclərin beynəlxalq əməkdaşlığının
güclənməsi, yaşadığımız
planeti daha yaxşı məkana çevirmək imkanları və
s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər
arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən
100 nəfər iştirak edir. Məqsəd
dünyanın müxtəlif ölkələrindən
çoxlu sayda gənci bir araya toplayaraq
qarşıda duran məqsədlərə nail olmaq
üçün onların fikir və düşüncələrini
öyrənməkdir. Həmçinin bu Forumun mədəniyyətlərarası
dialoq, beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi, gənclərin təşəbbüslərinin
dəstəklənməsi, bu baxımdan yeni mənbələrin
müəyyənləşdirilməsi və s. məsələlərin
müzakirəsi üçün mühüm imkan olduğu
vurğulanıb. Sonra Gənclər Forumunun
açılışı olub.
Forumun moderatoru, UNAOC-un Sülh və insan hüquqları
proqramının direktoru Meqan Aurea Villanueva qeyd edib ki, son on ildə
dünyada gənclər təşkilatlarının fəallığı
xeyli güclənib. Hazırda dünyada zorakılıqlara
qarşı, münaqişələrdə uşaqların
üzləşdiyi problemlərin aradan qaldırılması və
digər istiqamətlərdə gənclərin fəallığı
daha da artıb. O, Bakıda keçirilən tədbirdə
sülh şəraitində və inklüziv cəmiyyətlərdə
yaşamağın üstünlükləri, gənclərin
liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası
dialoqa verə biləcəkləri töhfələr
baxımından çox önəmli məsələlərin
müzakirə ediləcəyini diqqətə
çatdırıb.
Sonra
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Nasir Əbdüləziz Əl-Nasir, Heydər Əliyev Fondunun
vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) xoşməramlı səfiri
Leyla Əliyeva, Azərbaycanın gənclər və idman
naziri Azad Rəhimov açılış nitqləri söyləyiblər.
BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali
nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun
keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək
onun nəticələrinin müsbət olacağına əminliyini
bildirib. Qeyd edib ki, gənclər bizim fəaliyyətimizin
əsas dayaqlarından biridir.
Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər
qurmaq istiqamətində gənclərin fikir və
düşüncələrini, təkliflərini eşitmək
üçün müzakirələr aparırıq. Bu mühüm
platformaya şərait yaratdığına görə Azərbaycan
hökumətinə dərin minnətdarlığımı
bildirirəm.
Nasir
Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun qarşıda
duran məqsədlərə çatmaq yolunda qətiyyətli
addım olduğunu vurğulayaraq, Gənclər Forumunun mədəniyyətlərarası
dialoq, təhsil, əməkdaşlıq və s. kimi konkret hədəflərə
istiqamətləndiyini bildirib. Vurğulayıb ki, biz
inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə
nail ola bilmərik. Biz məhz
gənclərin düşüncələri, fəaliyyətləri
və təşəbbüsləri nəticəsində
dünyanı daha yaxşı məkana çevirə bilərik.
“Gənclər
dəyişikliyin əsas katalizatorlarıdır”, - deyən
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi təmsil etdiyi təşkilatın həyata
keçirdiyi müxtəlif proqramlar çərçivəsində
hər il gənclərin müxtəlif düşüncələrinin
öyrənilməsi, habelə onların dünyanın fərqli
bölgələrinin mədəniyyətlərini öyrənmələri
baxımından mühüm imkanlar əldə etdiyini bildirib.
O deyib ki, məhz bu mübadilə proqramları çərçivəsində
gənclər dünyanın müxtəlif bölgələrində
baş verən hadisələri, problemləri bilavasitə
müşahidə edir, onları qiymətləndirir və həll
olunması üçün daha artıq səy göstərməyə
çalışırlar.
Nasir
Əbdüləziz Əl-Nasir UNAOC-un Maliyyə
Fondu tərəfindən gənclərin təşəbbüs
və layihələrinin maliyyələşdirilməsinin
onların daha səmərəli fəaliyyət göstərmələrinə
imkan yaratdığını vurğulayıb. Qeyd
edib ki, BMT-nin Təhlükəsizlik Şurasının
dünyada mövcud problemlərin həlli ilə bağlı
bəzi qətnamələrində gənclərin
düşüncələri də nəzərə
alınır. Biz bilirik ki, gənclərin
təşəbbüslərini dəstəkləməsək,
onların fəaliyyəti üçün əlverişli
şərait yaratmasaq inklüziv cəmiyyət
formalaşdırmaq mümkün deyil. Məhz
bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar
mühüm əhəmiyyət kəsb edir. BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
çıxışının sonunda Forumun işinə
uğurlar arzulayaraq, səmərəli müzakirələrin
aparılacağına əminliyini bildirib.Heydər Əliyev
Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) xoşməramlı səfiri
Leyla Əliyeva dünyanın müxtəlif ölkələrindən
olan gəncləri ölkəmizdə salamlayaraq, Bakı
Forumunun qarşılıqlı anlaşmanın və əməkdaşlığın
beynəlxalq miqyasda təşviqində mühüm rol
oynayacağına əminliyini bildirib:
-Əminəm ki, Bakı Forumu bizim bütün
dünyada anlaşma və əməkdaşlığın təbliği
ilə bağlı birgə səylərimizə öz
töhfəsini verəcək. Azərbaycan Şərq
ilə Qərbin kəsişməsində, Şərq
müdrikliyi ilə Qərb tərəqqisinin
qarşılaşdığı məkanda yerləşən
qədim ənənələr və zəngin tarixə malik
diyardır. Qədim zamanlarda Azərbaycan
tarixi İpək Yolunun üzərində əsas mərkəz
olub. Bu, Azərbaycanı tolerantlıq, yeni
ideyalar və dialoqa inanan ölkəyə çevirərək
mədəniyyətimizə inanılmaz dərəcədə
təsir edib. Azərbaycanın bu unikal
coğrafi mövqeyi onun landşaftına da öz təsirini
göstərib. Ölkəmiz ecazkar
başı qarlı dağlar, sıldırım qayalar,
sıx meşələr, çəmənliklər, düzənliklər
diyarıdır. On bir iqlim
qurşağından doqquzu Azərbaycanda var. Bu, bizə
çox zəngin təbii mühit və biomüxtəliflik
verir. Bəxtimiz gətirib ki, biz
inanılmaz tarixə, müxtəlif mədəniyyət və
zəngin biomüxtəlifliyə malikik. Mən
əminəm ki, bizim ölkəmizdə olmaqdan zövq
alacaqsınız.
İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının xoşməramlı səfiri qismində
bəzi fikirlərimi bildirim. Mən bilirəm ki,
statistik məlumatlar dəhşətlidir. Bu
gün aclıq və aclıqla əlaqədar səbəblərdən
hər dörd saniyədə bir nəfər
dünyasını dəyişir. Daha kədərlisi
odur ki, çox tez-tez uşaqlar dünyasını dəyişir.
Bütün dünyada yoxsulluğa son qoyulması 2030-cu il gündəliyinin prioritetlərinə
daxildir. Aclığı sıfra endirmək təşəbbüsü
ilə çıxış edən FAO bu işdə vacib rol
oynayır. Buna baxmayaraq, heç bir
uşağın aclıq və ya yetərincə qidalanmamadan
ölmədiyi bir dünyanı təmin etmək
üçün biz hamımız birlikdə işləməliyik
və çox çalışmalıyıq. Ərzaq bizim mədəni kimliyimizin və köklərimizin
ayrılmaz hissəsidir. O, sivilizasiyalar arasında
anlaşma və hörmətin təbliğinə yol
açır. Ərzaq mədəniyyətlərarası
anlaşma və tolerantlığın yaradılmasında
güclü alət kimi çıxış edə bilər.
2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə
beynəlxalq kampaniyaya başlandığını
vurğulayan Leyla Əliyeva bildirib ki, bizim əsas məqsədimiz
enerji və biliklərimizi güclü alətə çevirərək
ətraf mühit məsələsini həll etməyə
çalışmaqdır. Biz gələcək nəsillər
üçün yaşıl, təhlükəsiz və təminatlı
cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir.
Planetin mühafizəsində gənclər artıq daha
mütəşəkkil qaydada, könüllü olaraq kütləvi
şəkildə təbiətə sevgi və məhəbbətlərini
göstərmək üçün səylə
çalışırlar.
Təsisçisi
olduğu IDEA kampaniyası çərçivəsində son
beş ildə Azərbaycanda görülən
işlərdən danışan Heydər Əliyev Fondunun
vitse-prezidenti bu müddətdə beş milyondan çox
ağac əkildiyini bildirib. Bu yaxınlarda yerli
icmalarla birgə fəaliyyətə başlandığı,
ağacların kəsilməsinin qarşısının
alınması üçün məlumatlandırma fəaliyyətinin,
digər tədbirlərin görüldüyü, müxtəlif
sənət sahələrindən tanınmış şəxslərin
bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlıq qurulduğu diqqətə
çatdırılıb. Leyla Əliyeva
son illər IDEA-nın nəsli kəsilmək təhlükəsi
qarşısında olan heyvanların qorunması istiqamətində
də mühüm tədbirlər həyata keçirdiyini qeyd
edib. Bu sahədə Xəzər tayqası layihəsinin
də həyata keçiriləcəyinə ümidvar
olduğunu vurğulayan Leyla Əliyeva dedi:
-Əziz dostlar.
Bu gün bəşəriyyət sağ qalmaq
sınağı ilə üzləşib. Hazırda
bizim itkilər illərlə deyil, dəqiqələrlə
ölçülür. Biz burada
danışarkən hər 15 dəqiqədə bir fil
brakonyerlərin ucbatından ölür və hər saatda 11
minə yaxın köpək balığı insanlar tərəfindən
öldürülür. Yavaş-yavaş
biz elə vaxta yaxınlaşırıq ki, bütün
növlərin nəsli kəsiləcək. İndi bizim hərəkətə keçmək
vaxtımızdır. Vaxt gözləmir.
Mən bir daha sizə burada olduğunuza,
iştirak etdiyinizə görə təşəkkürümü
bildirmək istərdim. Mən bilirəm
ki, bizim hər birimiz ətraf mühitin qorunmasına, təkcə
gələcəyimiz deyil, bu günümüz
üçün müsbət təsir göstərə bilərik.
Mən bilirəm ki, bu tədbirlər çox
mühümdür, bizim bir-birimizlə görüşüb,
ideyaları paylaşmağımız, söhbət etməyimiz
vacibdir. Lakin ən mühümü bu an nəyin baş
verdiyidir. Beləliklə,
düşünürəm ki, hərəkətə keçmək
vaxtıdır. Sizin hamınıza ölkəmizdə
yaxşı vaxt keçirməyi, sevgi,
cansağlığı və xoşbəxtlik, hər
şeyin mümkün olduğuna, gələcəyin yalnız
daha yaşıl, daha parlaq və daha yaxşı
olacağına inam arzulayıram. Təşəkkür
edirəm.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı
gənclərin Bakıda toplaşmasının qarşıda
duran problemlərin həlli baxımından mühüm əhəmiyyət
kəsb etdiyini bildirib. Nazir deyib ki, BMT Sivilizasiyalar
Alyansının forumları artıq ənənəvi hal
alıb və bu, gənclərin iştirakının ən
yüksək səviyyədə təmin olunduğu
mühüm platformadır. Azərbaycanda gənclər
sahəsində mühüm tədbirlərin həyata
keçirildiyini qeyd edən Azad Rəhimov bildirib ki, ölkəmiz
gənclərin səsinin dünyaya
çatdırılması istiqamətində beynəlxalq
miqyasda təşəbbüsləri dəstəkləyir.
Hazırda bəşəriyyətin İkinci Dünya
müharibəsindən sonra ən böyük qaçqın
və məcburi köçkün problemləri ilə üzləşdiyini
deyən Azad Rəhimov dünyada yaranan münaqişə
ocaqlarına xeyli sayda gənclərin qoşulmasının
sülh çağırışlarına zidd olmaqla
yanaşı, sabitliyə də ciddi təhdid olduğunu
bildirib. Qeyd edib ki, dünyada davamlı inkişaf
üçün heç kimi geridə qoymayaraq bərabər
inkişafa nail olmalıyıq.
Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin
gücləndiyini və onların ciddi təhlükəyə
çevrildiklərini deyən Azad Rəhimov bildirib ki, beynəlxalq
ictimaiyyət bu problemlərin qarşısını almaq
üçün səmərəli tədbir görə
bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın
da ərazilərinin 20 faizi işğal altındadır.
Azad Rəhimov tədbir iştirakçılarına müraciət
edərək deyib ki, siz ölkəmizdə olduğunuz
müddətdə Azərbaycanın zəngin mədəniyyəti,
qədim tolerantlıq ənənələri, multikultural dəyərləri
ilə tanış olacaqsınız. Nazir Forumda səmərəli müzakirələrin
aparıldığını vurğulayaraq, gənclərin irəli
sürdüyü təşəbbüs və təkliflərin
dünyada mövcud problemlərin həllinə mühüm
töhfə verəcəyinə əminliyini bildirib. Açılış nitqlərindən sonra tədbirdə
iştirak edən gənclər xatirə şəkilləri
çəkdiriblər. Gənclər Forumu
işini əməkdaşlıq toplantıları və biznes
simpoziumla davam etdirib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar
Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi,
xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq
və davamlı inkişafın təşviqi, milli, dini və
irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi
təhdid edən mənfi halların aradan
qaldırılması, habelə ümumbəşəri əhəmiyyət
kəsb edən aktual məsələlərin müzakirə
olunduğu, mühüm problemlərin həllinə dəstək
məqsədi daşıyan qlobal platformadır. 2014-cü il
sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyası
çərçivəsində BMT-nin Sivilizasiyalar
Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə
Bakıda keçirilməsi barədə qərar qəbul
edilib.
Səs.-
2016.- 26 aprel.- S.5