Vətəndaşların qanunvericilik təşəbbüsü huququ insan
hüquqlarının tərkib hissəsidir
Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlət quruluşunu səciyyələndirən bütün əsas prinsiplər öz əksini tapmışdır. Əsas Qanunumuzda Azərbaycanda hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu vurğulanmış, Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət olduğu və dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunduğu təsbit edilmişdir. Hüquq üzrə fəlsəfə doktoru Ziyafət Əsgərov yazır: "Bundan əlavə, ölkə konstitusiyasında vətəndaşların geniş siyasi azadlıqları tanınmış, onların dövlətin idarə olunmasında, bilavasitə və ya nümayəndələr vasitəsilə iştirak etmək hüququ əks olunmuşdur.
Diqqətəlayiq haldır ki, Azərbaycan Konstitusiyasında referendum və seçkilərlə yanaşı, xalqın ona məxsus olan dövlət hakimiyyətini həyata keçirməsinin digər birbaşa forması - vətəndaşların qanunvericilik təşəbbüsü hüququ da öz əksini tapmışdır. Bu mühüm müddəa 2009-cu il martın 18-də keçirilmiş referendum (ümumxalq səsverməsi) vasitəsilə konstitusiyamıza daxil edilmişdir.
Vətəndaşların qanunvericilik təşəbbüsü dedikdə seçki hüququna malik olan ölkə vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulmuş müəyyən qrupunun hər hansı qanun layihəsini və ya digər məsələni parlamentin müzakirəsinə təqdim etmək hüququ başa düşülür. Bu hüquqa uyğun gələn vəzifənin daşıyıcısı kimi, qanunverici orqan təqdim olunan qanun layihəsini müzakirəyə çıxarır, lakin o, qanun layihəsini qəbul etməyə də bilər. Beləliklə, referendumdan fərqli olaraq, vətəndaşların qanunvericilik təsəbbüsü yekun qərar xarakteri daşımır; bu, qanunyaratma deyil, qanunyaratmada iştirakdır".
Azərbaycanda qanunvericilik təşəbbüsü hüququ Milli Məclisin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, eləcə də seçki hüququna malik olan 40 min vətəndaşa mənsubdur. Beləliklə, seçki hüququ olan ən azı 40 min Azərbaycan vətəndaşı tərəfindən imzalanmış qanun və ya qərar layihəsi Milli Məclisə müzakirəyə təqdim oluna bilər. Bu qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılmalı və səsə qoyulmalıdır. Həmin layihələrin Milli Məclisdə səsə qoyulması üçün iki ay müddət müəyyən olunmuşdur.
Z.Əsgərovun fikrincə, konstitusiyada həm də nəzərdə tutulmuşdur ki, Milli Məclisə təqdim olunan qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı lə edilə bilər (96-cı maddənin III hissəsi). Göstərilən məhdudiyyətin qoyulmasında məqsəd qanun layihəsini irəli sürən subyektin qanunda əks olunan maraqlarının gözlənilməsidir. Bu subyektlərin sırasına qanunvericilik təşəbbüsü ilə çıxış etmiş 40 min vətəndaş da daxildir.
"Seçki hüququ olan 40 min vətəndaş" ifadəsi onu bildirir ki, 18 yaşına çatmamış və ya məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər göstərilən hüquqdan yararlana bilməzlər.
Qeyd edilməlidir ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququ bu və ya digər məsələ üzrə referendum keçirilməsini təklif etmək hüququ deyildir. Məlum olduğu kimi, referendum (keçirilməsi barədə qərar yalnız Milli Məclis və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilə bilər. Doğrudur, Seçki Məcəlləsinin 122.2-ci maddəsinə görə, ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Milli Məclisə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Lakin istənilən halda hər hansı məsələni referenduma yalnız Milli Məclis və ya ölkə Prezidenti çıxara bilər.
Beləliklə, xüsusi vurğulanmalıdır ki, sözügedən dəyişikliyin konstitusiya ilə nizama salınan və həlli yalnız referendum yolu ilə mümkün olan məsələlərə aidiyyəti yoxdur. Bundan əlavə, qanunvericilik təşəbbüsü hüququ vətəndaşlara konstitusiya qanunları da təklif etmək hüququ vermir. Konstitusiyanın 157-ci maddəsinə müvafiq olaraq konstitusiyaya əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Milli Məclisin azı 63 deputatı təklif edə bilər.
Konstitusiyada nəzərdə tutulmuşdur ki, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası ayrıca qanunla müəyyən olunacaqdır (96-cı maddənin VI hissəsi).
Qeyd etmək lazımdır ki, bəzən "xalq təşəbbüsü" institutu adlandırılan vətəndaşların qanunvericilik təşəbbüsü hüququ dünyanın bir sıra ölkələrində (Avstriyada, Braziliyada, Gürcüstanda, İspaniyada, İtaliyada, Kolumbiyada, Macarıstanda, Polşada, Rumıniyada və b.) nəzərdə tutulmuşdur.
Qanunvericilik təşəbbüsü üçün tələb olunan vətəndaşların sayı ölkələrdə müxtəlifdir. Məsələn, qanun layihəsini parlamentə təqdim etmək üçün Lixtenşteyndə 1000 (əhalinin sayı - təxminən 35 min); Sloveniyada 5 min (2 milyon); keçmiş Yuqoslaviya Respublikası Makedoniyada 10 min (2,1 milyon); Albaniyada 20 min (3,1 milyon); Gürcüstanda 30 min (4,5 milyon); Litvada 50 min (3,3 milyon); İsveçrədə 50 min (7,9 milyon); Macarıstanda 50 min (10 milyon); İtaliyada 50 min (58 milyon); Rumıniyada 250 min (21,5 milyon); Polşada 100 min (38,1 milyon); İspaniyada 500 min (47 milyon) sayda seçicinin imzalarını toplamaq lazımdır. Braziliyada bu hüquq seçicilərin ümumi sayının 1%-nə (əhalisinin sayı - təxminən 193 milyon), Kolumbiyada - 5%-nə (45,5 milyon), Andorrada və Latviyada - 10%-ə (müvafiq olaraq 85 min və 2,2 milyon) verilmişdir.
İstənilən halda bütün ölkələrdə qanunvericilik təşəbbüsü hüququndan istifadə edən vətəndaşların imzalarının etibarlılığı müəyyən orqanlar, əksər hallarda notariat orqanları və ya yerli hakimiyyət orqanları tərəfindən yoxlanılır və təsdiq edilir.
Z.Əsgərov yazır: "Xalq təşəbbüsü" institutunun mövcud olduğu bütün ölkələrdə vətəndaşların qanunverici orqana təqdim etdikləri qanun layihələri ilə bağlı müəyyən şərtlər nəzərdə tutulmuşdur. Məsələn, bir sıra dövlətlərdə (İspaniyada və s.) referendum zamam olduğu kimi, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında da müəyyən məsələlər üzrə, məsələn, büdcə, vergilər, beynəlxalq münasibətlər, amnistiya ilə bağlı layihələrin təqdim edilməsi qadağan olunmuşdur. Bəzi ölkələrin qanunvericiliyində tələb olunur ki, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsi müəyyən struktura malik olmalıdır. Məsələn, İtaliyada və Latviyada vətəndaşların parlamentə təqdim etdikləri layihələr digər qanun layihələri kimi maddə-maddə tərtib edilmiş olmalıdır. Albaniyada qanunun icrası üçün tələb olunan maliyyə xərcləri vətəndaşlar tərəfindən mütləq göstərilməlidir.
"Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda normativ-hüquqi aktlara dair tələblər, normativ-hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası və digər məsələlər tənzimlənmişdir. Bu müddəalar, əlbəttə ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də şamil edilir.
Bəzi ölkələrin qanunvericiliyində nəzərdə tutulmuşdur ki, seçicilər ölkənin müxtəlif regionlarını müəyyən nisbətdə təmsil etməlidirlər. Məqsəd burada irəli sürülən məsələnin ümumdövlət xarakteri daşıdığına əmin olmaqdan ibarətdir. Məsələn, Braziliyada seçicilər ən azı 5 ştatı, Rumıniyada isə ölkənin ən azı dörd vilayətini təmsil etməlidirlər. Bəzi hallarda imzaların toplanması üçün müddət müəyyənləşdirilmişdir; bu müddət adətən, altı aydan artıq olmamalıdır. Macarıstanın qanunvericiliyində tələb olunan imzaların toplanması üçün iki ay müddət nəzərdə tutulmuşdur.
Bir sıra dövlətlərin qanunvericiliyində belə bir tələb öz əksini tapmışdır ki, vətəndaşların qanunvencilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihəsi əsaslandırılmalı və onun qəbul edilməsinin məqsədləri göstərilməlidir (bax, məsələn: Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin VII hissəsi).
Yekun olaraq, qeyd etmək istərdik ki, Azarbaycan Respublikasının Əsas Qanununda vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun təsbit edilməsi sivil ölkələrin demokratik ənənələrinə tam uyğundur və bu prinsipial əhəmiyyətli müddəa Azərbaycan vətəndaşlarının birbaşa qanunvericilik prosesinə cəlb olunmasına imkan verəcək, onların cəmiyyətin və dövlətin siyasi həyatında daha fəal iştirakına möhkəm zəmin yaradacaqdır".
Vahid ÖMƏROV
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 26 aprel.- S.15