Məhkəmə nəzarəti
və insan hüquqları
Məhkəmə nəzarəti Azərbaycan Respublikasının 2000-ci ildə qəbul edilmiş və qüvvəyə minmiş cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş tamamilə yeni institutlarından biridir. F.Abbasova qeyd edir ki, bu institutun yaradılması zərurəti beynəlxalq hüquq aktlarının və ölkə konstitusiyasının müddəaları ilə əlaqəlidir. Məhkəmə nəzarəti institutunun yaradılmasının zəruriliyi, həm də cinayət prosesinin məhkəməyədək mərhələsində çəkişmə formasının təmin olunmasına xidmət edir. Mahiyyətcə, məhkəmə nəzarəti əməliyyat-axtarış, təhqiqat və istintaq orqanları üzərində məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasıdır. Azərbaycan Respublikasının cinayət prosesində prosessual məcburiyyət tədbirlərinin tətbiqi və istintaq hərəkətlərinin məcburi həyata keçirilməsi də məhkəmə nəzarətinin obyetklərinə aiddir.
Hüquq elmləri doktoru, professor Firuzə Abbasova və doktorant Fuad Səfərov yazırlar: "Prosessual məcburiyyət tədbirlərinin anlayışı həm milli, həm də keçmiş sovet hüquq ədəbiyyatında uzun müddət mübahisəli olmuşdur və bunun əsas səbəbi odur ki, sovet cinayət-prosessual qanunvericiliyində "prosessual məcburiyyət tədbiri" kateqoriyasından istifadə edilmirdi. Sovet cinayət-prosessual qanunvericiliyində "prosessual məcburiyyət tədbiri" kateqoriyasından istifadə edilmədiyi bir şəraitdə professor C.H.Mövsümov qeyd edirdi ki, cinayət-prosessual qanunvericiliyi cinayət-mühakimə icraatında proses iştirakçıları tərəfindən qanunla onlara verilmiş hüquq və vəzifələrdən qərəzli istifadə etmələrini, yaxud onlar tərəfindən cinayətin açılması və cinayət törətmiş şəxsin ifşa edilməsini çətinləşdirən hərəkətlərin edilməsinin qarşısını almaq məqsədilə müxtəlif xarakterli prosessual məcburi tədbirlərin tətbiq edilməsi imkanını müəyyən edir. Bu kimi tədbirlər sovet cinayət prosesində prosessual məcburi tədbirlər adlanır. C.H.Mövsümov qeyd edirdi ki, prosessual məcburi tədbirləri iki qrupa bölmək olar: a) sübutların toplanmasını və möhkəmləndirilməsini (axtarış, götürmə, şəxsi müayinə), mühakimə icraatının normal qaydalarını (məsələn, məhkəmə iclasının qaydalarını pozan şəxsin məhkəmə salonundan çıxarılması), həmçinin əmlakın gələcəkdə müsadirə edilməsinin mümkünlüyünü və ya vurulan maddi ziyanın ödənilməsini təmin edən (əmlak üzərinə həbs qoyulması) tədbirlər; b) qətimkan tədbirləri. Birinci qrupa aid olan təbdirlər müxtəlif şəxslərə tətbiq edilə bilərdi, ikinci qrupa aid olan tədbirlər isə yalnız şübhəli, təqsirləndirilən şəxslərə və məhkuma tətbiq edilə bilərdi.
F.M.Abbasova yazır: "2000-ci ildə qəbul edilmiş və qüvvəyə minmiş cinayət-prosessual qanunvericilikdə də prosessual məcburiyyət tədbirlərinin ümumi anlayışı verilməmişdir. Buna müəyyən qədər haqq da qazandırmaq olar, çünki prosessual məcburiyyət tədbirlərinin növləri, onların tətbiqi əsasları qaydası o qədər müxtəlifdir ki, bütün bunları bir anlayışda birləşdirmək olduqca çətindir. Eyni zamanda, bütün prosessual məcburiyyət tədbirləri üçün ümumi olan əlamətlər də mövcuddur ki, onlara aşağıdakıdarı aid etmək olar:
1) prosessual məcburiyyət tədbirləri dövlət məcburetməsinin bir növüdür - odur ki, bu tədbirləri yalnız səlahiyyətli dövlət orqanları tətbiq edə bilər. Hakimiyyət səlahiyyətlərinə malik olmayan proses iştirakçıları prosessual məcburiyyət tədbirləri tətbiq edə bilməzlər;
2) prosessual məcburiyyət tədbirləri preventiv xarakterlidirlər - onlar, bir qayda olaraq, qabaqlayıcı tədbirlər kimi çıxış edirlər, cinayət prosesinin normal gedişatına maneçilik yarada biləcək davranış ehtimalının yaranması artıq prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün əsasdır;
3) prosessual məcburiyyət tədbirləri şəxsiyyətin hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir - odur ki, prosessual məcburiyyət tədbirlərinin prosessual qaydaları cinayət prosesində şəxsiyyətin hüquqlarının təmin edilməsi qaydalarını pozmamalı, qanuni və əsaslı şəkildə həyata keçirilməlidir, eyni zamanda qanunla müəyyən edilmiş hallarda və hədlərdə tətbiq edilməlidir;
4) prosessual məcburiyyət tədbirlərinin məqsədi cinayət prosesinin normal gedişatını təmin etməkdir - prosessual məcburiyyət tədbirlərinin tətbiqi məcburi deyildir, onlar cinayət prosesini həyata keçirən orqanlara əlavə imkanlar qismində verilmişdir. Cinayət prosesini həyata orqan icraatın normal və vaxtında gedişatına mane olan halları aradan qaldırmaq zərurəti ilə üzləşəndə, prosessual məcburiyyət tədbirlərinə müraciət edə bilərlər;
5) prosessual məcburiyyət tədbirləri müvəqqəti xarakterlidirlər - onların əksəriyyəti, ümumiyyətlə, qısamüddətli və birdəfəlik xarakterlidir, bəzilərinin isə müddətldəri qanunla dəqiq müəyyən edilmişdir.
Beləliklə, prosessual məcburiyyət tədbirləri dedikdə, cinayət prosesinin normal gedişini təmin etmək və yarana biləcək maneələri aradan qaldırmaq məqsədilə səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş hallarda və hədlərdə cinayət prosesində iştirak edən müəyyən şəxslərə tətbiq edilən hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılması ilə xarakterizə olunan tədbirlər başa düşülür".
Müəlliflərin fikrincə, prosessual məcburiyyət tədbirlərinin nədən ibarət olmasına aydınlıq gətirildikdən sonra, onlardan hansılarının və hansı hallarda tətbiq edilməsi üçün məhkəmə qərarının tələb olunduğu məsələsinə də diqqət yetirmək olar. Qeyd edək ki, AR CPM-in 444-cü maddəsi bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə cəhd göstərmişdir. Belə ki, həmin maddə "Məhkəmə qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri" adlandırılmış və onun məzmununda aşağıdakı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün məhkəmə qərarının alınması prosedurunun tətbiqi nəzərdə tutulmuşdur:
1) AR CPM-in 152-ci maddəsində nəzərdə tutulmuş hallarda tutulma və ya CPM-in 148.7-ci maddəsində nəzərdə tutulmuş halda tutulma müddətinin uzadılması;
2) qətimkan tədbiri qismində həbs;
3) qətimkan tədbiri qismində təqsirləndirilən şəxsin vəzifədən kənarlaşdırılması;
4) məhkəmə-psixiatriya və ya məhkəmə-tibb ekspertizasının aparılması üçün şübhəli, təqsirləndirilən və ya psixi vəziyyətinə görə təqsirləndirilən şəxs qismində cəlb edilə bilməyən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi;
5) şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması;
6) tədqiqat üçün nümunələrin götürülməsi.
F.Abbasova və F.Səfərova qeyd edirlər ki, cinayət prosesində "məcburilik" hüquq tətbiq edən subyektin, barəsində hüquq tətbiq edilən subyektin iradəsi və arzusu ilə bağlı olmamasını, eləcə də, hüquq tətbiq edən subyektin qəbul etdiyi qərarların icrasını təmin edən kateoqriyadır. Bir qayda olaraq, cinayət prosesinin məqsədi məcburiyyət və məhrumiyyət yaratmaq deyildir, bunlar cinayət prosesinin əsas məqsədinə nail olmanın və bəzən, cinayət prosesi iştirakçılarının özlərinin təhrikçisi olduqları reaksiyavermə vasitələridir. Ümumi qaydalara görə, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə, göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir (AR CPM-in 64.1-ci maddəsi). Lakin prosessual qərarların və hüquq-mühafizə orqanlarının digər qanuni tələblərinin məcburi olduğunun qanunla bəyan edilməsi, özü-özlüyündə onların qeyd-şərtsiz icrasını təmin etmir. S.P.Rojkovun fikrincə, bunun üçün, qanunla, qeyd edilən müddəanın real təminat vasitələri nəzərdə tutulur. İstintaq hərəkətlərinin məcburi aparılması, ilk növbədə, cinayət prosesini həyata keçirən orqanın geniş mənada (ədəbiyyatda bəzi müəlliflər müstəntiqin, yazılı forma ilə yanaşı, şifahi formada da qərar qəbul etdiyini qeyd edirlər və onlar, bir qayda olaraq, müstəntiq tərəfindən bu və ya digər istintaq hərəkətinin həyata keçirilməli olması qənaətinə gəlməsini, məhz şifahi qərarın qəbul edilməsi kimi izah edirlər) qərarlarının məcburiliyinin təmin edilməsi vasitəsi kimi başa düşülməlidir. Müstəntiqdə bu və ya digər istintaq hərəkətinin həyata keçirilməsinin zəruri olması barədə daxili inam yaranmışdırsa, o, bu inamından yalnız bu istintaq hərəkətinə başqalarının icazə verməməsi, bunu arzu etməməsi və ya buna mane olması səbəbindən vaz keçməməlidir. Müstəntiq dövlətin nümayəndəsidir, onun qanuni və əsaslı iradəsi dövlətin iradəsini əks etdirir. Dövlətin iradəsi fərdin iradəsi qarşısında "aciz" qala bilməz.
M.A.Baranova göstərir ki, eyni zamanda nəzərə almaq lazımdır ki, həyata keçirilməsi üçün məhkəmə qərarının tələb edilməsi əlaməti də özü-özlüyündə, yəni ayrılıqda götürüldükdə, istintaq hərəkətinin məcburi həyata keçirildiyinə dəlalət etmir. İstintaq hərəkətinin məhkəmə qərarı əsasında həyata keçirilməsi heç də həmişə onun məcburiliyinə dəlalət etmir, istintaq hərəkətinin həyata keçirilməsi üçün məhkəmə qərarının alınması proseduru həmin istintaq hərəkətinin özünün mahiyyəti, onun insan və vətəndaşın hüquq və azadlıqlarına "müdaxiləetmə" dərəcəsi ilə də bağlı ola bilər. Bəzi hallarda istintaq hərəkətinin məhkəmə qərarı əsasında həyata keçirilməsi bu istintaq hərəkətinin mənafelərinə toxunduğu şəxsin buna razı olub-olmaması və ya buna icazə verib-verməməsi ilə deyil, qanunvericinin həmin istintaq hərəkəti üçün müəyyən edilmiş prosessual forması ilə bağlı olur. Bu halda istintaq hərəkətinin həyata keçirilməsinin özü deyil, onun həyata keçirilməsi üçün (onun qanuniliyinin təmin edilməsi üçün) məhkəmə qərarının alınması məcburi xarakter daşıyır.
Qeyd edilən müddəalar kontekstindən AR CPM-in 177.3-cü maddəsində istifadə edilmiş "aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün, bir qayda olaraq, məhkəmə qərarının alınması tələb olunur" cümləsi ilə həmin maddənin müəyyən etdiyi istintaq hərəkətləri sisteminin bəzi elementləri arasında uyğunsuzluğun olması aşkardır. Belə ki, AR CPM-in 177.3-cü maddəsinin müəyyən etdiyi sistemə nəzər salsaq, həmin sistemə maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi və meyitin qəbirdən çıxarılmasının aid edildiyinin şahidi ola bilərik. Əslində isə, bu istintaq hərəkətlərinin həyata keçirilməsi üçün hər bir halda məhkəmə qərarının əldə edilməsi tələb edilir. Qanun bu istintaq hərəkətlərinin həyata keçirilməsi üçün istisnaedici prosessual forma - təxirəsalınmaz hallarda məhkəmə qərarı olmadan, müstəntiqin qərarı əsasında icraat forması nəzərdə tutmamışdır. Belə olan təqdirdə, bu istintaq hərəkətlərinə münasibətdə "məcburi aparılması üçün, bir qayda olaraq, məhkəmə qərarının alınması tələb olunur" tələbinin nəzərdə tutulmasının heç bir mənası qalmır, çünki qüvvədə olan cinayət-prosessual qanunvericiliklə onların nəinki məcburi, hətta könüllü həyata keçirilməsi üçün də məhkəmə qərarının alınması proseduru nəzərdə tutulmuşdur. Başqa sözlə, bu istintaq hərəkətlərinin məcburi aparılması üçün, bir qayda olaraq, məhkəmə qərarının alınması tələb olunan istintaq hərəkətləri deyildirlər, yalnız və yalnız (bütün hallarda) məhkəmə qərarı əsasında həyata keçirilməsinə yol verilən istintaq hərəkətləridir. Bunlar isə fərqli kateqoriyalardır və məhkəmə qərarının alınması heç də həmişə sonuncu növ istintaq hərəkətinin məcburi həyata keçirildiyinə dəlalət etmir.
Vahid ÖMƏROV
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 27 aprel.- S.15