Akademik Zərifə xanım Əliyevanın nurlu
xatirəsi ürəklərdə yaşayır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynovanin müsahibəsi
- Hicran xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü tamam olur. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və fəaliyyəti hər zaman dərin hörmətlə yad edilir. İlk öncə bu barədə düşüncələrinizi bilmək istərdik...
- Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə onların bu zəhməti böyük bir yolun başlanğıcını təşkil edir. Bizi fərəhləndirən əsas məqam odur ki, belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Lakin bu nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Xalqımız hər il aprelin 15-də isə vəfatının ildönümünü, 28-də Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində o, başqa peşə sahibi olsaydı belə, yenə insanlara sevgisi ilə fərqlənəcəkdi.
- Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib...
- Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən bölgələrdə bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. O, həmkarları ilə birlikdə ayrı-ayrı rayonları gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. İstedadlı alimin qarşısına qoyduğu ali məqsəd insanların faciəsinə səbəb olan traxoma xəstəliyinin kökünün kəsilməsi idi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə xanımın namizədlik işində öz əksini tapmışdı. 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü.
- Görkəmli elm xadimi Zərifə xanım Əliyevanın zəngin həyat yolu, şübhəsiz ki, hər bir azərbaycanlıya örnəkdir. Bəs Zərifə xanım Əliyevanın nümunəvi və parlaq elmi fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.
- Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verir, bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir...
- Bəli, Azərbaycanın Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Onun üçün vəzifəsindən, həyatdakı mövqeyindən asılı olmayaraq bütün insanlar bərabər idi. Xəstələrinə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yardım əli uzadır və həmişə də çalışırdı ki, bunu başqaqları hiss etməsin. O hər gün işə gələndə rayonlardan gəlib xəstəxanada yatan xəstələrinə yemək, geyim gətirirdi ki, onlar ailədən uzaq düşdüklərinə görə narahat olmasınlar. Eyni zamanda hər bir xəstəsi ilə mehriban rəftar edir, onlarda sağalacaqlarına ümid yaradırdı. Həmişə deyirdi ki, xəstənin həkimə inamı uğurlu müalicəyə bərabərdir. Onun adının yanında “nur, işıq” sözləri daha çox işlənir. Bu da təbii ki, Zərifə xanımın peşəsi və işıqlı təbiəti ilə bağlıdır. Onun həyatının məqsədi xeyirxahlıq idi. Elə həmkarlarına bu insandan yadigar qalan da peşəsinə sədaqət, xəstələrə həssas münasibət və onları həyata qaytarmaq istəyidir. Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi. O, həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.
- Zərifə xanım Əliyevanın portretinin xarakterik cizgilərindən bəhs edərkən, həm də Onun gözəl ana, vəfalı ömür-gün yoldaşı, səmimi insan olduğu da xüsusi olaraq vurğulanır...
- Zərifə Əliyeva qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli ömür yoldaşı, səmimi dost, saf insan idi. O, öz gücünə, qüvvəsinə nə qədər inansa, arxayın olsa, ömrünü tibb elminin inkişafına həsr etsə də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə birinci yerdə dayanırdı. Ailəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan Zərifə xanım çalışırdı ki, onun uşaqları hərtərəfli inkişaf etmiş müasir gənclər kimi böyüsünlər. Xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək şəxsi həyatı ilə də hamıya örnək oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirdi. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub. Zərifə xanım elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün həmin ailənin hər üzvü mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır.
İnsan Yaradan
tərəfindən maddi və mənəvi
sınaqlara məruz qalır.
Hansı insan bu
sınaqlardan şərəflə çıxırsa bax, əsil insan da odur. Belələrinə
Allah hər iki dünyada əbədi səadət bəxş
edir. Zərifə Əliyeva da həyatın
bütün sınaqlarından şərəflə
çıxmış məhz belə bir insan idi. Son
dərəcə vəntənpərvər, ləyaqətli
şəxsiyyət, ailə səadətinin qoruyucusu,
fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə
Əliyeva Azərbaycan xalqının ürəyində məhz
belə yaşayır.
Səs.- 2016.- 27 aprel.-
S.9