Mübariz Qurbanlı: “Bakıda keçirilən BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir”
“Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin özünəməxsus xüsusiyyətləri var. Multikulturalizm müxtəlif mədəniyyətlərin bir arada dinc şəraitdə yaşamasının təmin edilməsidir. Əlbəttə, multikulturalizm dünyanın müxtəlif bölgələrində də var. Lakin bir var multikulturalizmi nəzəri olaraq mənimsəyəsən, bir də var ki, praktikada həyata keçirəsən. Azərbaycan multikulturalizmin praktikada tətbiq edildiyi ölkələrdəndir. Öz qanunlarında multikulturalizmi təsbit edən dövlətlərdəndir.” Bu sözləri Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda keçirilən konfransda söyləyib.
O bildirib ki, bizim multikulturalizm nümunəmiz özünü bir də onda göstərir ki, bu gün dünyanın 13 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində diqqətin sayəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dünyanın heç bir yerində bu formada mərkəz yaradılmayıb. Azərbaycan burada da gözəl nümunə ortaya qoyub. Yəni biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə və ölkəmizdə tətbiq etməklə işimizi bitmiş saymırıq. Biz multikulturalizm ideyasının bütün dünyada daha geniş yayılması üçün geniş fəaliyyət göstəririk, tədqiqat işləri aparırıq. Eyni zamanda, qeyri-hökumət təşkilatları vasitəsilə çoxlu sayda layihələr həyata keçirilir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir.
Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibətinin beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərdiyini vurğulayan Mübariz Qurbanlı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində, tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynamasının daha da aktuallıq kəsb etdiyini bildirib. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr Muzeyində İslam Mədəniyyəti Bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.
Komitə sədri bildirib ki, məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik, bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomeninin gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır. Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Ölkə rəhbərinin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemliliyini və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq, qeyd edilməklə yanaşı, dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirilə bilər.
Multikutural və tolerant dəyərlərin ümumbəşəri xarakter daşıdığını söyləyən Mübariz Qurbanlı çıxışında vurğulayıb ki, biz də Azərbaycanda bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ziyalılarımız, din xadimlərimiz cəmiyyətimizdə həm etnoslar, həm də dinlərarası tolerant münasibətlərin inkişafı üçün çalışmalıdırlar. Bu, ailədə başlamalı, məktəbdə davam etdirilməlidir. Cəmiyyət Azərbaycanın milli marağına, milli və dini birliyimizə ziyan vurmaq istəyənlərə qarşı ictimai qınaq yaratmalıdır. Belə tədbirlərdə də əsas məqsədlərimizdən biri bu fikirləri sizin diqqətinizə çatdırmaqdır.
R.HÜSEYNOVA
Səs.-
2016.- 29 aprel.- S.5