Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət-gənclər siyasətinin əsas istiqamətlərindəndir

Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, ölkə rəhbərliyinin gənclərin sosial təminatına yönələn tədbirləri həm də dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan gəncliyi dövlətin artan diqqətini öz üzərində hiss edir. İldən-ilə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə imkan verir. Bu isə o deməkdir ki, dövlətin sosialyönümlü islahatları digər sferalarda olduğu kimi, gənclər siyasəti sahəsində də özünü doğruldur. Məlumdur ki, gənclərlə bağlı həyata keçirilən proqramlar ölkədə reallaşdırılan sosial siyasətin mühüm tərkib hissəsidir. Əhalinin müxtəlif təbəqələrindən olan vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin mərkəzində, məhz gənclər dayanır. Daha dəqiq desək, bu gün ölkə gəncləri dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan yararlanırlar. Bu diqqət və qayğının, eləcə də, dövlətin gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktlardan biriPrezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanan və bu günlərdə təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramıdır. 144 bənddən, 88 fəsildən ibarət olan Proqram gənclərin azərbaycançılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, cəmiyyət həyatında aktiv şəxsiyyət kimi yetişməsinə xidmət edən gənclər siyasətinin daha da təkmilləşdirilməsi, habelə gənclərin məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin yüksəldilməsi məqsədini daşıyır. Dövlət Proqramında gənclərin təhsil, şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub. Proqramın əhəmiyyətini artıran önəmli məqamlardan biri ondan ibarətdir ki, layihə hazırlanarkən ölkənin müxtəlif bölgələrindən olan gənclərin rəy və təklifləri nəzərə alınıb.

   

Gənclər siyasəti milli maraqlara söykənir

   

Bu, bir daha onu göstərir ki, dövlətin gənclərə dəstəyi bütün sahələri əhatə edir. Azərbaycan gəncliyinin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının tam həyata keçiriləcəyi təqdirdə isə, ölkə gənclərinin məşğulluq, sosial-maddi təminatla bağlı ehtiyaclarının əsas etibarilə təmin olacağını əminliklə söyləmək mümkündür. Onu da qeyd edək ki, bu, Azərbaycanda gənclər siyasəti ilə bağlı ilk Dövlət Proqramı deyil. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrası nəticəsində gənclər siyasətinin səmərəliliyi xeyli artırılıb. Göründüyü kimi, əvvəlki illərin təcrübəsi də Azərbaycanda gənclər siyasətinin kifayət qədər uğurla aparıldığını deməyə əsas verir. Hazırda qəbul edilən və daha da təkmilləşdirilmiş yeni Proqramın həyata keçirilməsi isə Azərbaycan gəncliyinin hərtərəfli inkişafında yeni mərhələ rolunu oynayacaq. Digər tərəfdən, bu gün Azərbaycanda gənc nəslə dövlət qayğısının artırılmasını, gənclərin mənəvi inkişafına, bilik səviyyəsinin yüksəlməsinə, sosial vəziyyətinin yaxşılaşmasına yaradılan şəraiti ölkəmizin ümumi inkişaf göstəriciləri kontekstində dəyərləndirmək lazımdır. Çünki gənclərlə bağlı layihələrin, dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradan başlıca amil ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafı, maliyyə imkanlarının genişlənməsidir. Milli maraqlara söykənən dövlət siyasəti isə əldə olunan gəlirlərin xalqın mənafeyinin təmin olunmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edir. Beləliklə də, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi düşünülmüş, ardıcıl sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli şəkildə yararlanır. Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət aparılır, gənclərin dünyaya inteqrasiyası və cəmiyyətdə öz yerini tutması üçün bir çox layihə və proqramlar həyata keçirilir. Əlbəttə, bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti sahəsində beynəlxalq təşkilatların nümayəndələrinin də diqqətini çəkən mütərəqqi dəyişikliklərin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hələ keçən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almağa göndərilmişdi. Ulu Öndərin gənclər siyasəti müstəqillik illərində də yeni çalarlarla zənginləşərək davam etdirildi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin dövlət idarəçiliyində gənclər siyasəti yenə prioritet oldu. O, ölkənin gələcəkdə etibarlı əllərdə olması üçün sağlam fiziki və mənəvi xüsusiyyətlərə sahib, müstəqil düşüncəli, savadlı gənc nəslin yetişməsinin vacibliyini hər zaman vurğulayıb. Ulu Öndər çıxışlarının birində qeyd etmişdi: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir". Bu məsələyə xüsusi diqqətin göstəricisi kimi, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də isə ilk gənclər forumu keçirildi və həmin gün ölkəmizin tarixinə Milli Gənclər Günü kimi yazıldı. Həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində və görüləcək işlərin daha sistemli xarakter almasında Ulu Öndər tərəfindən 1999-cu ilin yayında imzalanan "Dövlət-gənclər siyasəti haqqında" Fərman böyük rol oynadı. Ulu Öndər gənclər qarşısında çıxışlarının birində ölkəmizin gələcəyinin, məhz böyüməkdə olan nəsildən asılı olacağını bildirərək, gənclərə öz tövsiyələrini çatdırıb: "Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun, vətəninə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaqona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir".

   

Gənclərin məşğulluğunun təmin edilməsi paritet istiqamətlərdəndir

   

Gənclərin səmərəli məşğuliyyətini təmin etmək üçün bölgələrdə Olimpiya komplekslərinin tikintisinə başlanıldı. İdman sahəsinə göstərilən diqqətin nəticəsi olaraq, artıq Azərbaycan gəncləri Olimpiadalarda və digər beynəlxalq yarışlarda bayrağımızı yüksək zirvələrə qaldırırlar. Sevindirici haldır ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məsələyə verdiyi önəmi qeyd edən Prezident İlham Əliyev qeyd edib: "Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil çıxış edir. Bu, hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir". Gənc ailələrin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılması bu gün də dövlətin diqqət mərkəzində duran ən əsas məsələlərdəndir. Çünki məlumdur ki, cəmiyyətin özəyini təşkil edən ailənin ev, yaşayış şəraitinin yaxşı olması sağlam və xoşbəxt nəslin yetişməsi üçün zəruri şərtdir. Hal-hazırda yeni nəslin ölkənin sosial-iqtisadi, siyasi-ictimai və mədəni həyatında fəal iştirakını təmin etmək istiqamətində böyük işlər görülür. Qəbul edilmiş dövlət proqramlarında gənclərin istedad və bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həllinə köməklik göstərilməsi, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, uşaq və gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün imkanların yaradılması, gənclər təşkilatlarının beynəlxalq əlaqələr qurmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi və digər prioritet məsələlər öz əksini tapıb. Proqram çərçivəsində həyata keçirilən tədbirlər gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını xeyli artırıb. Eyni zamanda, hazırda gənclərin öz fikirlərini sərbəst şəkildə ifadə etməsi, müxtəlif gənclər təşkilatlarında birləşməsi, ictimai işlərdə fəallıq göstərməsi ölkəmizdə müstəqil düşünən, öz gücünə inanan nəslin yetişməsinə müsbət təsir göstərir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2007-ci ildən həyata keçirdiyi "Yay məktəbləri" layihəsi çərçivəsində  təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə istiqamətlənib. Təşkilat həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın ABŞ, Kanada, Türkiyə, Ukrayna, Rusiya və digər dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bununla yanaşı, bu gün Azərbaycanda gəncləri öz ətrafında birləşdirən yüzlərlə qeyri-hökumət təşkilatı var. Demokratikləşmə prosesinin bariz göstəricisi kimi dövlət tərəfindən qeyri-hökumət təşkilatlarının inkişafına hər cür şərait yaradılır və onların bir sıra layihələrinin həyata keçirilməsinə dövlət tərəfindən maliyyə yardımı göstərilir. Bir sözlə, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

 

Ceyhun Rasimoğlu

Səs.- 2016.- 29 aprel.- S.14