Azərbaycan tolerantlıq
nümunəsidir
İlham Əliyev:
"Biz kilsəni bərpa
etdik, onlar məscidləri dağıtdı"
Azərbaycan tolerant ölkədir. Bu sözün
əsl mənasında
və hər baxımdan belədir.
Amma bizim dözümlülüyümüzün
də bir həddi və bir hüdudu var.
Dəfələrlə həm ölkə Prezidenti İlham Əliyev və həm də ayrı-ayrı dövlət
adamlarımız çıxışlarında
da bəyan ediblər ki, Azərbaycandakı dini, milli dözümlülük,
tolerantlıq birbaşa
olaraq Azərbaycanın
milli-dövlətçilik maraqlarına xidmət edir. Yəni bu da o deməkdir ki, kimlərəsə yaradılan
əlahiddə azadlıq
Azərbaycanın dövlət
maraqlarının hüdudlarını
aşa bilməz.
Elə qanunlarımız da bunu deyir, bunu
müdafiə edir.
Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən
sui-istifadə edən,
dövlət səviyyəsində
etnik təmizləmə
və işğalçılıq
siyasəti aparan Ermənistanın Azərbaycana
qarşı təcavüzü
davam edir. Bu təcavüzün
qurbanları arasında
tarixi-dini abidələrimiz,
fərqli dini konfessiyaların və müxtəlif xalqların
mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların
nümayəndələri Ermənistanın
təcavüzkarlıq və
etnik təmizləmə
siyasətindən əl
çəkməsi, qaçqın
və məcburi köçkün həyatı
yaşamağa məhkum
olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının
öz yurd-yuvasına qayıtması tələbi
ilə dəfələrlə
beynəlxalq təşkilatlara
və dünya ictimaiyyətinə müraciət
edib. Lakin işğalçı Ermənistan hələ də məkrli planlarından əl çəkmək istəmir.
Bununla belə, dini konfessiyaların başçıları Azərbaycan
xalqının sülh
istəyini və dövlət başçısının apardığı
sülhpərvər siyasəti
təqdir edərək
dəstəkləyir və
onun uğurlu və müdrik siyasəti nəticəsində
işğal olunmuş
Azərbaycan torpaqlarının
azad ediləcəyinə
əmindir.
Azərbaycan - dini tolerantlığın
və multikulturalizmin inkişaf məkanı
Ölkə Prezidenti İlham
Əliyev bütün
görüşlərində olduğu kimi, Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışı
zamanı etdiyi çıxışında da
bir daha Azərbaycanda dini tolerantlığın və
multikulturalizmin hər
zaman inkişaf etdiyini bildirib: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin
kəsişməsində yerləşir.
Əsrlər boyu mədəniyyət
və dillər Azərbaycanda lazımi səviyyədə inkişaf
edib. Dini tolerantlıq, multikulturalizm
hər zaman inkişaf edib. Öz tariximizlə fərəhlənirik.
Ən qədim məscidlərdən
biri Şamaxıda yerləşir. Qədim Alban kilsələri də, məhz Azərbaycandadır.
Əsrlər boyu bu zənginlikləri siyasi və sosial problemlərə baxmayaraq,
qoruyub saxlamışıq".
Ölkə Prezidenti xalqımızın
tolerantlıq keyfiyyətindən
sui-istifadə edən,
dövlət səviyyəsində
etnik təmizləmə
və işğalçılıq
siyasəti aparan Ermənistanın hələ
də Azərbaycana qarşı təcavüzünün
davam etdiyini bildirib: "Əfsuslar olsun ki, bəzi
tendensiyaları bizim regionda - Yaxın Şərqdə görürük.
Onun üçün toplaşmışıq
ki, sülh və qarşılıqlı
həmrəyliyə töhfə
verək. Azərbaycan
nadir ölkələrdəndir ki, Avropa Şurası
ölkələri və
islam əməkdaşlıq
ölkələri nümayəndələrini
Bakıya toplayıb. Ötən il
Avropa Oyunları oldu, gələn il isə İslam
Oyunları keçiriləcək.
Bu forumun keçirilməsi
multikulturalizmə dəstək
verir. Bütün dünya da buna dəstək verir. Multikulturalizm dövlət siyasətimiz
və həyat tərzimizdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Mətbuat azadlığı, sərbəst
toplaşmaq, dini, söz azadlığı təmin edilir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan
torpaqları işğal
edildi. Bunun nəticəsində 1 milyondan çox qaçqınımız var. Baxın
görün, biz Bakıda
erməni kilsəsini bərpa etmişik. Lakin bizim işğal olunan ərazilərdə məscidlərimiz dağıdılıb".
Azərbaycanda separatizmin daha bir nümunəsi
İftixarla qeyd etməliyik
ki, tarixin bütün mərhələlərində
ölkəmizdə milli,
irqi və dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.
25 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur və dövlət siyasətinin
prioritet istiqamətlərindən
birinə çevrilib.
Dini və milli tolerantlıq
termininin geniş məna tutumuna lakonik izah verən
Ulu Öndər Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən
proseslərin, həm də dövlətlərarası,
millətlərarası, dinlərarası
münasibətlərin bir
çox cəhətlərinə
aiddir... O, təkcə
dinlərin bir-birinə
dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına,
mədəniyyətlərinə dözümlülük deməkdir".
Göründüyü kimi, tolerantlıq düşüncə tərzi,
cəmiyyətin tarixi
inkişafının nəticəsi,
müxtəlif mədəniyyətlərin
birgəyaşayışıdır. Tolerantlıq ayrıca bir dövlətin deyil, artıq bütün dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb edib. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin
müxtəlifliyini yaşadan
və inkişaf etdirən unikal ölkəyə çevrilib.
Qloballaşma şəraitində həyata
keçirilən irimiqyaslı
enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması,
xarici investorların Azərbaycana uzunmüddətli
sərmayə qoyması
da ölkədəki daxili sabitlik və onu reallaşdıran
milli və dini tolerantlıq siyasəti sayəsində
mümkün olub.
Bir sözlə, əminliklə
qeyd etməliyik ki, müasir Azərbaycanda tolerantlıq
və multikulturalizm Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının
dəyərlər sisteminin
tərkib hissəsidir.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2016.- 29 aprel.- S.10