Qloballaşma şəraitində təhsilin və elmin
inkişafı xüsusi əhəmiyyət
daşıyır
Milli Məclisin Elm və təhsil komitəsinin
üzvü Kamilə Əliyeva
- Kamilə xanım, məlum olduğu kimi bu gün qloballaşan dünyada mürəkkəb proseslər baş verir. Sizcə, belə birqloballaşma şəraitində təhsilin rolu nədən ibarətdir?
- Müasir dövrdə qloballaşma və informasiya cəmiyyəti quruculuğu fonunda hər bir ölkənin qarşısında bir sıra strateji vəzifə və tələblər durur. İnkişafın strateji məqsəd kimi müəyyənləşdirilməsi isə ayrı-ayrı sahələrin paralel tərəqqisini və XXI əsrin çağırışlarına adekvat cavab verməyi zəruri edir. Məhz buna görə də, milli dövlətlərin inkişaf konsepsiyasında milli tərəqqini təmin edən əsas faktor kimi strateji əhəmiyyətli sahələrə xüsusi diqqət yetirilməsi müəyyən olunur. Bu baxımdan, təhsil və elm sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.
Ümumiyyətlə, sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir dövrdə təhsilin rolu artmaqdadır. Bəllidir ki, təhsil fenomeni öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını müəyyən edir. Bu mənada, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq, bu sahədə davamlı islahatlarla nizamlı inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Ümumilikdə, cəmiyyət daxilində təhsil sektorunun inkişafı digər sahələrin də paralel tərəqqisinə mühüm töhfələr verir. Bu prosesdə aktiv rol oynayan faktorlar sırasında isə hər bir ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri xüsusi yer tutur.
Son illər ərzində aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bu da dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
- Ölkəmizdə təhsilin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Bu proqramların əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etməsi beynəlxalq səviyyəli ekspertlərin diqqətindədir. Aparılan təhlillər nəticəsində bizim uğurların əsas səbəbi kimi ölkəmizin konseptual olaraq - proqramlarla idarə olunması müəyyən edilib. Yəni dünyanın aparıcı ekspertləri son illərdə uğurlarımızın əsas amili kimi ölkəmizin dövlət başçısının təsdiq etdiyi çoxsaylı proqramlarla idarə olunmasında görürlər. İndiyə qədər Azərbaycanın ayrı-ayrı sahələrini əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib.
Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bir sözlə, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir.
Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.
- Bəs təhsil sahəsində qanunvericilik bazasını necə dəyərləndirmək mümkündür?
- Bilirsiniz ki, təhsil sahəsində əsas qanunumuz var. 2010-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilib. Hesab edirəm ki, bu qanun mükəmməl bir hüquqi sənəddir və təhsilimizin konstitusiyasıdır. Qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və zərurət yarandıqca yenə də ediləcək. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir ki, hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaradılsın. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul edilə bilər. Amma bununla yanaşı, təhsildə sahə qanunları üzərində də işlər gedir. Məsələn, məktəbəqədər təhsil, orta təhsil haqqında da qanunların da gələcəkdə qəbul olunması gözlənilir.
- Parlamentin son sessiyasında «Elm haqqında»
qanun qəbul olundu. Sizcə, bu sənəd elmin
inkişafına nə
kimi töhfələr
verəcək?
- Bəli, bu sənəd
uzun müddət idi ki, cəmiyyətdə
geniş müzakirə
olunurdu. Nəhayət, Milli Məclisin
son yaz sessiyası zamanı qanun layihəsi müzakirəyə
çıxarıldı. Sənəd geniş müzakirə olundu və millət vəkilləri tərəfindən bir sıra dəyərli təkliflər irəli sürüldü. Həmin təkliflərinmüəyyən
hissəsi qanun layihəsinə daxil edildi.
Bütövlükdə, "Elm haqqında"
qanunun əhəmiyyəti
böyükdür. Çünki qanun dövlətin elm siyasətinin tənzimlənməsində
ciddi hüquqi baza rolunu oynayır.
"Elm haqqında" qanun elmi fəaliyyət
sahəsində dövlət
siyasətinin məqsəd
və prinsiplərini,
elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi
fəaliyyətin təşkilati,
hüquqi əsaslarını
müəyyənləşdirir. Qanun, eyni zamanda, vətəndaşların
əqli potensialının
reallaşması və
elmi nailiyyətlərdən
istifadə edilməsində
məqsədyönlü fəaliyyətin
həyata keçirilməsi
üçün hüquqi
zəmin yaradır.
Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsində də Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə daha diqqətlə qarşılanır. Bu baxımdan, qanun elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Sənəddə həmçinin, elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapıb. Hesab edirəm ki, qanun elmin inkişafına böyük töhfələr verəcək.
- Kamilə xanım, başqa bir məsələ haqqında da fikirlərinizi bilmək istərdik. Braziliyanın Rio-De–Joneyro şəhərində keçrilən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında göstərdiyi nəticələri necə qiymətləndirirsiniz?
- Mən dünyanın ən mötəbər idman yarışında idmançılarımızın mübarizəsini maraqla izlədim. Uğurlarımız yüksəkdir və bu münasibətlə idmançılarımızı təbrik edirəm. Azərbaycan son Olimpiya Oyunları ilə müqayisədə medalların sayını artırdı. Biz bu dinamikanı gözləyirdik.
Hesab edirəm ki, qazanılan uğur Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin parlaq nümunəsidir. İnanıram ki, gələcək beynəlxalq idman yarışlarında nailiyyətlərimiz daha yüksək olacaq.
- Yeri gəlmişkən, Azərbaycan eyni zamanda, nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Gələn il ölkəmizdə İslam Həmrəylik Oyunlarının keçirilməsi də buna sübutdur...
- Bəli, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir. Bu tədbirlər müxtəlif sahələri əhatə edir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar da bu baxımdan əhəmiyyətlidir. Bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, İslam dünyasında da nüfuzunun göstəricisidir.
Həyata keçirilən siyasət Azərbaycanın
İslam aləmində nüfuzlu,
mötəbər dövlət kimi
tanınmasını şərtləndirib. Məhz
bunun qanunauyğun nəticəsidir
ki, ölkəmiz müsəlman ölkələri
ilə ikitərəfli və çoxtərəfli əlaqələrə
malikdir və münasibətlərin
inkişafı, bütövlükdə, İslam
coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət
edir. Ümumiyyətlə, bu
gün Azərbaycanla müsəlman
ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf
tendensiyasına malikdir. Qarşılıqlı
əlaqə və təmasların
sıxlaşdığı bir dövrdə
Azərbaycanla digər müsəlman ölkələri
arasındakı münasibətlər,
qarşılıqlı dəstək və işbirliyi
meyilləri daim inkişaf
etdirilməkdədir. Ölkələr arasında ikitərəfli
və çoxtərəfli formatda mövcud olan yüksək
səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni,
elmi, dini, humanitar və digər sahələrdə
möhkəm həmrəyliyin formalaşdırılması
yönündə mühüm addımlar
atılmaqdadır.
Səs.-
2016.- 23 avqust.- S.7