23 illik Ağdam həsrəti
İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından artıq məbləğdə
ziyan dəyib
Düz 23 il öncə, 1993-cü il iyul ayının 23-də işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Ağdam rayonu işğal olunub. Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək, Ağdam şəhərinə daxil olub, günün ikinci yarısında şəhər tamamilə işğal edilibdir. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib, uşaq və böyük, qadın və kişiyə fərq qoymadan, vəhşicəsinə insanları qətlə yetirərək, bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər.
Ağdam şəhəri Ağdam rayonunun inzibati mərkəzi olub, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Hazırda paytaxt Bakıdan 358 km aralıda yerləşir. İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəyib. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi. Ağdamda bütün dünyada yeganə olan Çörək Muzeyi var idi. Qeyd edək ki, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikirdilər. Zaman keçdikcə, bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada, "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyekti düşmən əlinə keçib. Vətən uğrunda gedən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəlmiş, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, bu uğurlu hal tezliklə bitəcək. Respublikamızın müxtəlif guşələrində məskunlaşaraq, Ağdam qubarını qəlbində həsrətə çevirənlərin bir istəyi, bir təmənnası var: tez bir zaman ərzində doğma yurda qayıtmaq!
Prezident İlham Əliyev çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb: "Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycanın məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir".
Bu sözlər, həmçinin, dövlət başçısının beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları öz ata-baba yurdlarından didərgin salınmış insanlarda sabaha ümidi artırır və məcburi köçkünlər, o cümlədən, ağdamlılar inanırlar ki, problemin siyasi həlli sahəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi səyləri, həyata keçirdiyi qlobal tədbirlər müsbət nəticəsini verəcək və onlar tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Ü.ƏSGƏROV
Səs.-
2016.- 23 avqust.- S.7