İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır”
Dünya ölkələrini bürümüş qlobal maliyyə-iqtisadi böhran, enerji daşıyıcılarının kəskin ucuzlaşması heç bir ölkədən yan keçməyib. Bunun nəticəsində yaranmış maliyyə problemlərinin getdikcə dərinləşməsi 2015-ci ildə özünü daha qabarıq şəkildə göstərdi.
Bəzi ölkələrdə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhranın da müşahidə olunması vəziyyəti daha da gərginləşdirdi. Ayrı-ayrı dövlətlər, hətta milli valyutalarında devalvasiya etməli oldu. Bizim də ölkəmiz belə hallarla qarşılaşdı. Bəzi işbazlar yaranmış fürsətdən öz maraqları naminə istifadə edərək, dərhal süni bahalaşmaya əl atdılar. Lakin dövlət başçısının qəti göstərişi belə halların qarşısını aldı. Təxribatçılar, dəllallar və işbazlar bu istəklərinə çata bilmədilər.
Təsadüfi deyildir ki, ölkə Prezidenti İlham Əliyev görülən tədbirləri ümumiləşdirərək bildirmişdir: “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var”.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması, ilk növbədə, dövlət başçısı İlham Əliyevin düşünülmüş və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.
Təbii ki, belə xoşagəlməz hallar regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, ölkəmizdə müxtəlif sahələr üzrə inkişaf müşahidə olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilmişdir.
Faktlar, rəqəmlər,reallıqlar
Ötən il əhalinin pul gəlirlərində 5,8 faiz artım müşahidə olunub. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçib. Əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilmişdir.
Göründüyü kimi, ötən il yaddaşlarda maliyyə-iqtisadi böhran kimi qalsa da, ölkəmizdə iqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmişdir. Ölkə başçısının müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən qoruna bilmiş, itkilər minimuma endirilmiş və uğurlu inkişaf dinamikası davam etdirilmişdir. Belə bir çətin və gərgin dövrdə 114 min ailə ünvanlı sosial yardımla təmin olunmuşdur. Həmçinin, ölkəmizdə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik: “Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda, təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır”.
Həyata keçirilən praqmatik və nikbin proqnozlaşdırılmış və tarazlaşdırılmış iqtisadi-sosial siyasətin nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar, məhz vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaradıb. İnsanların aylıq gəlirləri, əmanətlərinin həcmi 10 faizdən çox, pul gəlirləri isə 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz təşkil edib ki, bu da insanların real gəlirlərinin nominal dəyərinin istehlak bazarında 3,5 dəfə artımı deməkdir. Ölkədə orta əməkhaqqı 520 dollar səviyyəsində, orta pensiya 200 dollar səviyyəsində təşkil edir ki, bu da Azərbaycanın MDB məkanında orta aylıq maaş və pensiyanın göstəricisinə görə 3-cü yeri tutduğunu göstərir.
Ümumiyyətlə, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, həm zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarmaqdadır. Çünki dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2016.- 24 avqust.- S.2