İlham Əliyev: “Bu gün
Azərbaycan enerji təhlükəsizliyi
baxımından qitə üçün əvəzolunmaz
tərəfdaşa çevrilibdir”
Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi. Ötən illərdə bu imkanlardan səmərəli istifadə edildi. Neftdən əldə olunan gəlirlər qeyri-neft sektoruna yönəldildi, ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərildi və bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda ölkəmizin ümumi gəlirlərinin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır.
Son illərdə Azərbaycan istənilən iri layihələri icra etmək üçün geniş imkanlar və çox yaxşı təcrübə əldə edib. Prezident İlham Əliyev 23-cü beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı”nın açılış mərasimində demişdir: “Cənub” qaz dəhlizi haqqında danışarkən, biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda, əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək, çox ciddi nəqliyyat bağlantıları yaratmışıq”.
Bu gün qarşıda duran başlıca iqtisadi hədəflərin neft-qaz sektoru ilə bağlı olmadığını vurğulayan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, hazırda əsas vəzifələr iqtisadiyyatı şaxələndirməkdən, neft amilindən asılılığı daha da azaltmaqdan, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdan və böyük infrastruktur layihələrini icra etməklə uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdan ibarətdir.
Uğurlu layihələr,
müsbət nəticələr
Enerji sektorunda qarşıda duran ciddi vəzifə sayılan “Cənub” Qaz Dəhlizinin icrası prosesi də artıq başlamışdır. Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20-ci ildönümünün qeyd olunduğu gündə “Cənub” Qaz Dəhlizinin təməli qoyuldu. Ötən ilin mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verildi. Nəhayət, 2016-cı il may ayının 17-də “Cənub” Qaz Dəhlizinin digər seqmenti sayılan Trans-Adriatik Boru Kəmərinin (TAP) təməli qoyuldu. Yeri gəlmişkən, Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayan TAP-ın icraçı direktoru Yan Bradşou “Cənub” Qaz Dəhlizinə və xüsusilə, onun Avropa qolu olan Trans-Adriatik Boru Kəməri layihəsinə göstərdiyi davamlı dəstəyə görə dövlətimizin başçısına səmimi qəlbdən təşəkkür edərək mayın 17-də Salonikidə TAP-ın təməlinin qoyulmasını bu vacib layihənin həyata keçirilməsində tarixi mərhələ kimi səciyyələndirmişdir.
Göründüyü kimi, “Cənub” Qaz Dəhlizi artıq reallıqdır. Yeri gəlmişkən, bu layihənin həyata keçirilməsi üçün qarşılıqlı inamın yüksək səviyyədə olmasının vacibliyini önə çəkən dövlət başçısı İlham Əliyev enerji sahəsində yeni bir əməkdaşlıq formatına başlanıldığı qənaətindədir. Bu formatın iştirakçıları isə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və bir neçə Balkan ölkəsidir. “Cənub” Qaz Dəhlizinin icrası nəzərdə tutulmuş cədvəl üzrə uğurla həyata keçirilir. Prezident İlham Əliyevin haqlı olaraq XXI əsrin layihəsi adlandırdığı “Cənub” Qaz Dəhlizinin bütün dörd seqmentində- “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə işlərin sürətlə davam etdirilməsi, xüsusən də, bu sahəyə verilən güclü beynəlxalq dəstək, onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edəcək. Bu da ölkəmizin regionda və dünyada etibarlı tədrəfdaş kimi rolunu bir qədər də artıracaq. Ən əsas məsələ isə, ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə, o deməkdir ki, hazırda Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. Neft amilindən asılılığı tam aradan götürməyi hədəf seçən Prezident İlham Əliyev 2016-cı ili Azərbaycan üçün, neftlə zəngin olan bütün ölkələr üçün sınaq ili hesab edərək, ölkəmizin bu sınaqdan şərəflə çıxacağına, sabitləşmə ili olacağına əminliyini bildirərək, gələn ildən iqtisadi artımın bərpa ediləcəyini böyük bir nikbinliklə bəyan edir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı dövlət başçısı İlham Əliyev diqqəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan roluna yönəldərək bildirmişdir: “Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından, qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. “Əsrin kontraktı”, yəni, XX əsrin kontraktı uğurla icra edilir. Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik!”
Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə, bütövlükdə, dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın müasir enerji siyasətində başlıca mövqeyə malik olan TANAP, TAP və “Şahdəniz-2” enerji layihələrinin əsasının qoyulması bu gün qardaş Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqla yanaşı, həmçinin, Azərbaycanın Avropa dövlətləri arasında nüfuzunun yüksəlməsinə və Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsinə mühüm töhfədir.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2016.- 26 avqust.- S.2