“Dini
radikalizmə qarşı mübarizədə medianın rolu”
Mətbuat Şurasında media qurumları rəhbərlərinin
iştirakı ilə tədbir keçirilib
Dünən Mətbuat Şurasında “Dini radikalizmə qarşı mübarizədə medianın rolu” mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, media kapitanları və digərləri iştirak edib. Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mövzunun aktual olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan demokratik, dini məsələlərdə dözümlü, tolerant ölkədir: “Ölkəmizdə bu dəyərlərin olması, digər ölkələr üçün örnək kimi təqdim edilir. Azərbaycan Konstitusiyasında da dini etiqad azadlığı təsbit olunub və dini radikalizmlə mübarizə ilə bağlı qanunlar qüvvədədir. Ölkəmizdə hər bir insan azad şəkildə öz sözünün deyə bilir. Təbii ki, bütün bunların cəmiyyət arasında təbliğ olunmasında medianın rolu böyükdür. Azərbaycan mediası mahiyyətcə milli və vətənpərvərdir. Çox az hallarda milli mediada dini ayrı-seçkiliklə bağlı yazılara rast gəlmək olur. Peşə davranış qaydalarında da birmənalı şəkildə qeyd edilib ki, dini ayrı-seçkiliyə yol vermək olmaz. Dini məsələdə insanlar azaddır və onları buna görə bir-birindən ayırmaq olmaz. Amma nədənsə bəzi hallarda bu cür ayrı-seçkiliyə yol verilir ki, buna yol vermək olmaz”.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan mediasında “Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır: “Azərbaycanla Türkiyə arasında güclü əlaqələr mövcüddur. Bizi düşündürən məqamlardan biri Türkiyədə dövlət çevrilişi baş tutsaydı ölkəmizdə nələr baş verə bilərdi, sualıdır. Bundan əlavə, nurçu ilə gülənçi arasında fərq nədən ibarətdir? Media qurumları bunları araşdıraraq öz səhifələrində yerləşdirə bilər. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir”.
Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, sözügedən dini cərəyanlara qarşı təkcə dövlət və hüquq mühafizə orqanları deyil, mətbuat da mübarizə aparmalıdır. Bütün dünyada bu proseslərdə medianın rolu böyükdür və bizdə də media bu kimi məsələlrdə fəal olmalıdır. Media orqanları analitik yazılar və araşdırmalar vasitəsilə cəmiyyəti maarifləndirməlidir. Azərbaycan mediası yarandığı gündən maarifçilik missiyasını həyata keçirir və hər zaman bunu etməlidir. Çünki istər regionda, istər dünyada mediaya ən çox diqqət məhz Azərbaycanda göstərilir. Belə olan halda, media dövlətin yanında olub, ümummilli məsələlərdə dövlətçilik marağından çıxış etməlidir. Əgər media bu cərəyanlara qarşı mübarizə aparmasa, xəbərdarlıq etməsə, onların ilk hədəfi elə media ola bilər. Təbii ki, bütün tələblər tək medianın üzərinə düşmür. Burada vətəndaş cəmiyyətinin institutları, hüquq mühafizə orqanlarının da fəaliyyəti vurğulanmalıdır”.
PA əməkdaşı vuğulayıb ki, Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur: “Azərbaycan dövləti radikal dini cərəyanlara - istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub. FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Gülənin fəaliyyətini təqdir edən, çevrilişə cəhddən sonra ondan müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb. Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”. B.Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını bütün gücü ilə alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruhçuluğa qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Digər hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hələ 2009-cu ildə “Dialoq Avrasiya”nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gülənçilərə ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin - Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər”.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov çıxış edərək ölkəmizdə uğurlu dini siyasət həyata keçirildiyini qeyd edib. O bildirib ki, dini radikalizmlə mübarizədə medianın rolu birmənalıdır: “Biz də Dövlət Komitəsi olaraq hər zaman media ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq bundan sonra daha sıx istiqamətdə davam edəcək”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək bildirib ki, sözgedən məsələyə siyasi mövqe nümayiş etdirmək istəyiriksə, o zaman Azərbaycan Prezidentinin Türkiyədə baş verən məlum 15 iyul hadisələrinə verdiyi qiymətə nəzər yetirməliyik: “Azərbaycan Prezidenti həmin hadisələri dövlət çevrilişinə cəhd adlandırmışdı”. Millət vəkili qeyd edib ki, ümumiyyətlə, istər vəhhabilik, istər radikal şiəlik, istər nurçuluq, istərsə də FETO-çuluğun arxasında dayana qüvvələr var ki, onlarda məlum məqsədlərə xidmət edirlər: “Azərbaycanda din azadlıq mövcüddur. Lakin bu azadlıq qanunla qadağan olmayan fəaliyyət deməkdir. Adları çəkilən cərəyanların hamısı Qərb imperializminin dövlətlər üçün istifadə etdiyi yumşaq gücdür”.
Tarixçi alim, millət vəkili Musa Qasımlı söyləyib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir: “Mətbuat güclü maarifləndirmə işi aparmalıdır. Biz dini radikalizmə qarşı mübarizə aparmalı, həmin cərəyanları ifşa etməliyik. Bakı İslam Universitetinin faəliyyəti güclənməli, din xadimləri Azərbaycanda hazırlanmalıdır”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözügedən məsələnin cəmiyyəti narahat etdiyini bildirib. O söyləyib ki, radikal dini cərəyanlar siyasi məqsədlərə malikdir və onların arxasında beynəlxalq güclər dayanır: “Dövlət tərəfindən həmin cərəyanlara qarşı mübarizə aparılır. Media da öz növbəsində dövlətçiliklə bağlı məsələlərdə var gücü ilə çalışmalıdır. Mətbuat daim dövlətin yanındadır, bizim fəaliyyətimizin əsasında dövlətçilik dayanır. Azərbaycan mətbuatı bu məsələlərdə daha diqqətli olmalı, cəmiyyətin terrorçu qrupların iç üzünü görməsi üçün maarifləndirici məlumatlar verməlidir”.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev
isə çıxışında bildirib
ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda yaranan xaosdan istifadə edən nurçular
və digər dini cərəyanlar ölkəmizə
ayaq açmağa
başladılar: “Onların ilkin planı
Bakı Dövlət Universitetində ilahiyyat
fakultəsinin yaradılması oldu. Məhz
Türkiyədən gələn nurçuların ciddi cəhdindən, apardığı təbliğat
işindən sonra bu
fakultə fəaliyyətə başladı. Onlar
25-30 illik hədəfə hesablanan
strategiyaya malik idilər.
Bunu Fətullah Gülənin özü də müsahibələrinin birində
etiraf edib. Onların əsas
stretegiyası şagirdləri məktəbdən götürüb, ona təhsil
verib, daha sonra ali məktəbdə
tam hazırladıqdan sonra
digər ölkələrdə yetişdirməkdən ibarət
olub. Bunların hamısı məqsədli
şəkildə həyata keçirilən böyük
planın tərkib hissəsidir. Bəzən hədəf görünür, lakin onun üzərinə getməyə çətinlik
çəkirik. Lazımi məqamda dövlətçilik, ümummilli maraqlar naminə
birləşməyi bacarmalıyıq. Türkiyə iyunun 15-də bunu bir daha bütün
dünyaya nümayiş
etdirdi. Qardaş
ölkənin prezidenti vaxtilə Ulu Öndərin həyata keçirdiyi
metoddan istifadə etdi
və xalqı meydanlara səsləməklə
dövlət çevrilişinin
qarşısını qəti şəkildə aldı”. B.Quliyev təəssüflə bildirib
ki, bəzən mətbu orqanlarında dini radikalizmlə dini cərəyanlar
səhv salınır: “Radikalizm dağıdıcılıqla,
terrorçuluqla sonuclanır. Multikultural dəyərlərlə dini radikalizm bir-biri ilə tam ziddiyyət
təşkil edir və onların sərhədləri
kəskin olaraq fərqlənir. Bu baxımdan mətbuat belə incə məqamlara
toxunan zaman sərhədləri
ayırd etməyi bacarmalıdır”.
Səs.-
2016.- 26 avqust.- S.7