1 Dekabr Ümümdünya QİÇS-lə Mübarizə Günüdür

 

Noyabrın 30-da Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 Dekabr Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə mərkəzin təşkilat şöbəsinin müdiri Eldəniz Muradov çıxış edərək bildirib ki, 1 Dekabr Ümümdünya QİÇS-lə Mübarizə Günü dünya ictimaiyyətinin bu problemə diqqətinin yönəldilməsi məqsədi ilə 1988-ci ildə təsis olunmuşdur.

Mərkəzin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov çıxışında 21 noyabr 2016-cı il tarixində UNAIDS-in yeni hesabatının açıqlandığını diqqətə çatdırıb: "Hesabatda qeyd edilir ki, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil etmişdir ki, onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənmişdir. Onlardan 450-si (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,%) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır.

 Şöbə müdiri vurğulayıb ki, ümumilikdə, 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olmuşdur.

O, çıxışında 1.06.2015-ci il tarixindən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxsin İİV-ə görə müayinəyə cəlb olunduğunu və 90 nəfərdə İİV-ə yoluxma faktının təsdiqləndiyini bildirib.

NƏZAKƏT

Səs.- 2016.- 1 dekabr.- S.12