3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Dünən AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında Hüquqİnsan Haqları İnstitutu və "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Hüquqİnsan Haqları İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan söz açıb.  Bildirib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən önəmli işlər görülür.

Daha sonra çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli ölkəmizdə əlil insanlara dövlət qayğısının yüksək səviyyədə olduğunu bildirib: "Bu gün Azərbaycanda 570 min əlil insan var. "Əlillərə yardım göstərilməsi, onların problemlərinin həlli ölkə başçısı tərəfindən qoyulan tapşırıqdır".

Tədbirdə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış edərək, təmsil etdikləri qurumlarda əlillərin  həyat şəraitinin yaxşılaşdırılması üçün tərtib olunan fəaliyyət planı əsasında işlər görüldüyünü bildiriblər. Qeyd edilib ki, ölkəmizdə 1-ci, 2-ci qrup əlillər pulsuz dərman vasitələri ilə təmin olunur, dövlət hesabına müalicələrinin xarici ölkələrdə davam etdirilməsinə şərait yaradılır, onların dini maarifləndirilməsi üçün xüsusi kitablar nəşr olunur, sağlam ətraf mühitdə yaşaması üçün zəruri addımlar atılır.

Tədbirdə 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunan  film nümayiş etdirilib.

Mərasim musiqili proqramla davam edib.

NƏZAKƏT

Səs.- 2016.- 1 dekabr.- S.12