Azərbaycanda əlillərin
hüquqlarının müdafiəsi
Azərbaycanın Dağlıq Qarabağ zonası və onun ətrafında baş verən hərbi münaqişə ölkə həyatının bütün sahələrinə təsir edərək, keçid dövrü üçün səciyyəvi olan problemləri daha da kəskinləşdirib. Ölkə ərazisinin beşdə bir hissəsi işğal altındadır. Artıq 10 ildir ki, qaçqın və köçkün əhalinin böyük bir hissəsi iqtisadi və sosial cəhətdən təcrid edilmiş və uzunmüddətli yaşayış üçün yararlı olmayan yerlərdə yaşayır. Onların əksəriyyəti insan inkişafının bütün sahələrində məhrumiyyətlərlə üzləşir.
Səftər Nəhmətli yazır: "Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu vaxt, konkret olaraq, 1986-cı ildə Çernobıl şəhərindəki Atom-Elektrik Stansiyasında dəhşətli qəza baş vermişdir. Qəzanın nəticələrini aradan qaldırmaq üçün Azərbaycandan on minlərlə adam Çernobıl şəhərinə və ondan 30 km aralıda yerləşən Slavutiq şəhərinin tikintisində işləməyə göndərilmişdir. Nəticədə, 20000 adam şüa xəstəliyinə tutularaq əlil olmuşdur. 1979-cu il sovet qoşunları Əfqanıstana yeridilmiş və 10 il ərzində müharibə aparılmışdır.
Həmin dövrdə sovet ordusunda xidmət edən azərbaycanlılar da müharibədə iştirak etmişlər. 1990-cı il yanvarın 20-də sovet ordusunun qoşun birləşmələrinin Bakı şəhərinə yeridilməsi nəticəsində 744 nəfər, 1992-ci il fevral ayının 26-da Rusiya ordusunun 366-cı alayının ermənilərlə birgə Xocalı şəhərinə etdiyi hücum nəticəsində, bir gün ərzində 487 adam güllə yarasından əlil olmuşdur. Təbii ki, qısa zaman kəsiyində Azərbaycan kimi kiçik bir ölkə üçün bu sayda adamın əlil olması əlavə problemlər yaratmışdır.
Əldə olunan statistikaya görə, 1999-cu il üçün respublikamızda yetkinlik yaşına çatmayan əlillərin sayı 22000, uşaqlıqdan əlil olanlar 36000, ümumi səbəblərdən əlil olanlar 140000, peşə xəstəliyi nəticəsində 8000, Azərbaycanın müdafiəsi ilə bağlı 47000, İkinci Dünya müharibəsi əlilləri 12000, Çernobıl əlilləri 4500, hərbi xidmət dövründə xəstəliklə bağlı 4500, digər kateqoriyadan olan əlillər isə 11000 nəfər olmuşdur. Təbii ki, göstərilən rəqəmlər real deyildir. Çünki ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi açıq şəkildə heç vaxt hesabat vermir. Eləcə də, BMT-nin Azərbaycan üzrə İnsan İnkişafı Haqqında hesabatında əlillər barəsində heç bir statistik araşdırma yoxdur. Dünya təcrübəsinə əsaslanaraq, belə rəy söyləmək mümkündür ki, Azərbaycanda ən azı 800000 (əhalisinin 10 faizi) əlil var".
Müəllifin fikrincə, Azərbaycanda əlil olan uşaqlar üçün aşağıdakı məktəblər fəaliyyət göstərir:
1. Kar uşaqlar üçün 1 saylı internat məktəbi (Bakı şəhəri).
2. Kar uşaqlar üçün 3 saylı internat məktəbi (Bakı şəhəri).
3. Ağır eşidən uşaqlar üçün internat məktəbi (Şüvəlan qəsəbəsi).
4. Kor və zəif görən uşaqlar üçün internat məktəbi (Bakı şəhəri).
5. Nitqi qüsurlu olan uşaqlar üçün internat məktəbi (Türkan qəsəbəsi).
6. 2 saylı köməkçi internat məktəbi (Maştağa qəsəbəsi).
7. Xüsusi tərbiyəyə ehtiyacı olan uşaq və yeniyetmələr üçün məktəb (Mərdəkan qəsəbəsi).
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan tədris müəssisələri keçmiş Sovetlər Birliyi dövründən fəaliyyət göstərir və son 15 ildə Azərbaycanda bu sahədə heç bir müsbət irəliləyiş olmamışdır. Göstərilən tədris müəssisələri, standart olaraq, 320 şagird üçün nəzərdə tutulmuşdur. Əsrin ortalarında respublika əhalisi 4 milyon idisə, hazırda 8 milyondur. Təbii ki, əhali artımı nəticəsində, əlillərin də sayı obyektiv olaraq artmışdır. Amma tədris obyektlərinin artırılmaması səbəbindən heç də əlillərin hamısı təhsilə cəlb edilmir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Əlillərin Sosial Müdafiəsi Haqqında ilk əhəmiyyətli və demək olar ki, bir çox sahələri əhatə edən qanun 1992-ci il avqustun 25-də qəbul olunub. Həmin Qanunun qüvvəyə minməsi haqqında qərarın 4-cü bəndində göstərilir ki, əlillik problemlərinin həllinə cəmiyyətin bütün üzvlərinin diqqətini cəlb etmək və əlillərə sosial yardımı genişləndirmək məqsədilə hər il Novruz bayramı (miili bayram) ərəfəsində Azərbaycan Respublikasında əlillərə mərhəmət həftəsi keçirilsin. Qəbul olunmuş qanun, 7 fəsil və 55 maddədən ibarət olmaqla, Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyətin həyatının iqtisadi-siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Qanunda öz əksini tapan fəsillər aşağıdakılardır:
1. Ümumi müddəalar (ümumi vəziyyət).
2. Əlilliyin qarşısının alınması və tibbi bərpa.
3. Əlillərin tərbiyəsi, təhsili və peşə hazırlığı.
4. Əlillərin işə düzəldilməsi.
5. Sosial infrastrukturun əlillərə maneəsiz müyəssər olması üçün şərait yaradılması.
6. Əlillərin maddi, sosial, məişət və tibbi təminatı.
7. Əlillərin ictimai təşkilatları.
S.Nəhmətli yazır: "BMT-nin İnsan İnkişafı haqqında Azərbaycan üzrə hesabatı 1995-ci ildən dərc olunsa da, həmin nəşrlərdə əlillər haqqında ətraflı məlumatların əks olunmaması problemlərin dəqiq araşdırılmasına çətinlik yaradır. Bütün bunlara baxmayaraq, hesabatdan bəzi məlumatları tapmaq mümkündür. İnsan uğursuzluğunun profili qrafikasında göstərilir ki, yol qəzasından baş verən xəsarət halları hər 100000 nəfərə 25 adam düşür. Sadə hesablama aparmaqla tapmaq olur ki, il ərzində təxminən 2000 adam avtomobil qəzasından əlil olur. Narkotiklərlə bağlı cinayətlər təxminən 2500 nəfər təşkil edir. Azərbaycan üzrə səhiyyə xərcləri dövlətin ümumi xərclərinin cəmisi bir faizini təşkil edir. Bu göstərici 1993-cü ildə 8,3 faiz təşkil etmişdir. Təbii ki, belə az kapitalla insan sağlamlığını qorumaq çox çətindir.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycanda əlillər haqqında müxtəlif səpkidə qanunların olmasına baxmayaraq, həmin kateqoriyadan olan şəxslər haqlarının qorunmasında müxtəlif bürokratik əngəllərlə üzləşirlər. Belə ki, aşağı ətrafları olmayan, yaxud hərəkət etməsi çətin olan əlillərin müxtəlif protez və əlil arabaları ilə təmin olunması prosedurası çox müşkül məsələdir. Əlillər yuxarıda göstərilən kömək üçün cavabdeh orqanlara müraciət etdikdə get-gələ salınır, müxtəlif lazımsız sənədlər tələb olunur və ya müalicə üçün guya pulun olmaması bəhanə edilərək, illərlə "növbə" sistemi tətbiq olunur. 1996-cı ildə Səhiyyə Nazirliyinin xətti ilə 300 nəfər əlil müalicə olunmaq üçün İsrailə aparılmışdır. Əlillərə bildirilmişdi ki, müalicə xərcləri guya nazirlik tərəfindən ödənilib. Xəstələr 10 gündən sonra müalicə olunmadan geri göndərildi və onların müxtəlif dövlət orqanlarına etdikləri çoxsaylı müraciətlərinə heç bir cavab verilmədi. Azərbaycanda əlillərə tibbi yardım göstərmək üçün lazım olan maddi-texniki vəsaitin çatmaması ucbatından çoxları üçün səhhətlərinin yaxşılaşması arzu olaraq qalır".
Müəllifin qeyd etdiyi kimi, Azərbaycanda dövlət sektorunun payına düşən istehsal obyektlərinin işləməməsi, özəl sektorların isə əlilləri işə düzəltməyə meyilli olmaması da əlillərin sosial-iqtisadi durumuna mənfi təsir edir.
Ölkəmizdə mövcud olan qanuna görə müəssisə və təşkilatlar hər 25 iş yerindən birini əlillər üçün nəzərdə tutmalıdırlar. Buna əməl edilmədikdə, təşkilat hər iş yeri üçün (işlə təmin olunmayan aylar üçün) orta əmək haqqının 3 misli məbləğində Respublika Əlilləri Sosial Müdafiə Fonduna vəsait köçürməlidirlər. Müvafiq dövlət orqanları bu qanunun yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərmirlər.
Azərbaycan Respublikası Qanunları ilə bir sıra vətəndaşlara şamil olunan güzəştləri bu yazıda yığcam şəkildə oxucuların nəzərinə çatdırmağı vacib sayırıq. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 5 iyun 1997-ci il tarixli Qanununda aşağıdakılar nəzərdə tutulur.
Bütün dünyada əlillərin sayı, kriteriyaları, BMT-nin bu sahədə sənədlərini, əlillərin qarşılaşdığı problemləri, eləcə də, Azərbaycanda əlillərin sosial-ictimai vəziyyətini analiz etdikdən sonra aşağıdakı nəticələrə gəlirik:
1. Əlillərin problemi bütün cəmiyyətin
problemidir. Onları ayrıca aradan
qaldırmaq mümkün
deyil. Cəmiyyət həyatının bütün sahələrində
əlillər də bizimlə birgə bərabər hüquqla iştirak etməlidirlər.
2. Əlillər haqqında
BMT-nin bitkin proqramı yoxdur. Sənədlər müxtəlif illərdə
qəbul olunub və səpələnmiş
haldadır.
3. Dünya dövlətləri BMT və Ümumdünya Səhiyyə Təşkilatına əlillər barədə dolğun və hərtərəfli məlumatlar vermirlər. Bunun nəticəsidir ki, bu sahədə elmi araşdırmalar yetərincə deyil.
4. Əlilliyin qarşısının alınması üçün dünya ölkələri proqram hazırlamalıdırlar.
5. Azərbaycanda Əlillərin Sosial Müdafiəsi haqqında qanunlar bitkin deyildir və yenidən işlənməsi məqsədəuyğundur.
6. Azərbaycanda əlillərin yaratdıqları təşkilatlar öz daxili problemlərindən kənara çıxa bilməyiblər.
7. Azərbaycan hökuməti əlillər barədə BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlara, eləcə də, Azərbaycan ictimaiyyətinə ətraflı və açıq məlumatlar verməməsi səbəbindən əlillərin rastlaşdıqları problemlər cəmiyyətə hərtərəfli aydın deyil.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 2 dekabr.- S.15