TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib

 

Dünən Şəki şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər icra hakimiyyətinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər, Dahi Siyasətçinin xatirəsi ehtiramla yad olunub.

"Marxal" Müalicə-İstirahət Kompleksində keçirilən toplantıda qonaqlar AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair nəşrlərindən ibarət sərgiyə baxıblar.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açaraq, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: "TÜRKSOY həm türk xalqları arasında, həm də beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Sevindirici haldır ki, TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunuronun beynəlxalq təşkilat kimi fəaliyyəti dünyanın nüfuzlu qurumları tərəfindən alqışlanır".

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə TÜRKSOY-u xalqlarımızın mədəniyyətinin təbliğində ən vacib qurum kimi qiymətləndirib: "Bu beynəlxalq təşkilat 90-cı illərin əvvəllərində müstəqillik qazanan ölkələrlə həmyaşıddır. TÜRKSOY son dövrlərdə mədəni irs nümunələrimizin geniş məkanda təbliği üçün çox mühüm layihələr reallaşdırır. Türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri təşkil olunur".

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Qeyd edib ki, Şəki öz qədim mədəniyyəti, adət-ənənəsi, mətbəxi, tarixi irsi ilə buna sahib olub.

Sonra TÜRKSOY- un fəaliyyəti ilə bağlı vidioçarx nümayiş olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək, şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov "Paytaxt ili" ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatla çıxış edib.

Daha sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini qeyd ediblər.

ZÜMRÜD

Səs.- 2016.- 2 dekabr.- S.13