Azərbaycançılıq ideologiyası milli intibahı təmin edir

Birmənalı şəkildə demək olar ki, Vətənə bağlılıq, vətənpərvərlik hissi hər kəs üçün böyük duyğudur. Bu duyğularla yaşamaq həm qururvericidir, həm də böyük fəxr deməkdir. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasətin bəhrəsi olaraq ölkəmizdə vətənpərvər bir gənclik formalaşıb. Vətənə sevgi, bayrağa bağlılıq gəncliyin başlıca amalına və həyat tərzinə çevrilib. Ümummilli Lider Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması  məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. İstər Azərbaycana birinci rəhbərliyi dövründə istərsə də müstəqil respublikamızın Prezidentliyi zamanında bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Dahi Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Bu baxımdan, demək olar ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Dahi Öndər Heydər Əliyevin tarixi xidmətidir.

Ümumilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik".

Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Ulu Öndər  Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.  Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində bu barədə demişdir: "Hər yerdə azərbaycanlılar olanda, Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan".

 

Dispora quruculuğu dövlət siyasətinin başlıca istiqamətidir

   

Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuş, Ümummilli Lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə, onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur.Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

  

Azərbaycançılıq ideologiyasının təbliği və inkişafında yeni mərhələ

  

Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin  layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev  diaspora quruculuğu sahəsinə xüsusu diqqət ayırmışdır. Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, xarici ölkələrdə milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etmək başlıca prorirtetlərdən olmalıdır: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə, xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.

2016-ci ilin iyununun 2-dən 3-dək Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının 4-cü Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın növbəti birlik və həmrəylik təntənəsinə çevrilib.

İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparılıb, rəy və təklifləri səsləndirilib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunub.Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev dispora quruculuğundan, azərbaycançılıq idedologiyasınının təbliğindən, Azərbaycan həqiqətləribdən, xüsusilə də, Dağlıq Qarabağ problemindn danışıb: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edilib. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək".

Dövlət başçısı dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: "Bu halda, Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır".

Müasir dövrdə Azərbaycanının dünyada yerinin və rolunun artması, sosial-iqtisadi imkanlarının genişlənməsi, onu deməyə əsas verir ki, bundan sonra da  Azərbaycan diasporu daha da güclənəcək, doğma Vətənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəçəkdir.

   

AFƏT RƏSULOVA.

Səs.- 2016.- 3 dekabr.- S.11