Suraxanıda Ulu
Öndər Heydər Əliyevin anım günü
ilə bağlı silsilə tədbirlər keçirilir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Suraxanı rayonunda icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir. Rayonun 118 nömrəli tam orta məktəbində keçirilən növbəti tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndərə həsr olunmuş sərgi ilə tanış olaraq, məktəblilərin əl işlərinə baxıblar.
Tədbirdə bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib və Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə hazırlanmış film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan 118 nömrəli məktəbin direktoru Nizaməddin Ağayev bildirib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 13 il keçir: "Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir".
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Tədbirdə çıxış edənlər, bir daha qeyd ediblər ki, Ulu Öndərin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.
Sonda məktəblilərin Ulu Öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim olunub.
ZÜMRÜD
Səs.-
2016.- 7 dekabr.- S.11