AMEA-da "Heydər Əliyev: Zaman və müasirlik" mövzusunda
elmi sessiya keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində "Heydər Əliyev: Zaman və müasirlik" mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, Ulu Öndərin siyasi-iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb. Akademik qeyd edib ki, Ümummilli Liderin fəaliyyətinin birinci dövründə Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti özünün qızıl dövrünü yaşayıb. Ulu Öndərin tarixin çətin vaxtlarında Azərbaycan xalqının xilasına gəldiyini xatırladan akademik Akif Əlizadə Ümummilli Liderin xidmətləri nəticəsində ölkəmizin inkişafa qədəm qoyduğunu bildirib.
Sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov "Ulu Öndər və böyük xilaskar" mövzusunda məruzə ilə çıxış edib. Fəttah Heydərov bildirib ki, Ümummilli Liderin Azərbaycan üçün xidmətlərini sözlə ifadə etmək mümkün deyil: "SSRİ dövründə Azərbaycan 15 respublika içərisində elə də yaxşı vəziyyətdə deyildi. Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldi və qüdrətli əlləri ilə yeni bir Azərbaycan qurdu, insanların həyat şəraiti yaxşılaşdı.
Sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli "Azərbaycan elmi: Heydər Əliyevdən İlham Əliyevə" mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda elmin yarıməsrlik inkişafında təşkilatçısı, ideya rəhbəri, strategiyasını müəyyən edən dövlət xadimi olub: "Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, apardığı siyasət, qurduğu Azərbaycanın müxtəlif sahələrdəki inkişafının özü böyük bir elmdir. Məhz Ümummilli Liderin apardığı elm siyasəti Azərbaycanı keçmiş SSRİ-də və dünyada elmi mərkəzə çevirmişdi. Ulu Öndərin elm sahəsində müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. "Elm haqqında" Qanunun qəbulu Prezident İlham Əliyevin elmə böyük töhfəsi, Azərbaycan aliminə diqqətinin göstəricisidir".
Azərbaycan Respublikası Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxışında Ümummilli Liderin daima uşaqlara, gənclərə qayğı göstərdiyini bildirib. Şahin İsmayılov Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra insanlarda gələcəyə ümid yarandığını deyib: "Həqiqətən, biz xoşbəxt insanlarıq ki, bizim Ulu Öndər kimi Liderimiz olub. Bu gün bütün sahələrdə Heydər Əliyevin rolu görünür. Ümummilli Lider hər zaman gənc kadrların irəli çəkilməsi məsələsini qaldırıb və Azərbaycanın müasir dövrdə inkişafında gənclərin iştirakının vacibliyini qeyd edib. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir".
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Samir
Səs.-
2016.- 9 dekabr.- S.9