"Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə"

 

Bu mövzuda Mərkəzi-Elmi Kitabxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

 Dünən AMEA-nın Mərkəzi-Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi elmi müəssisənin timsalında Ulu Öndər Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqətdən danışıb: "Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, öz dilinə, ədəbiyyatına sahib çıxmaq, bununla da, əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi. Bu baxımdan, kitabxananın hazırda üzərində çalışdığı Milli Rəqəmsal Yaddaş, Vikipediya və digər layihələr, həyata keçirdiyi elektron kataloqlaşdırma, qanunvericiliyə təkliflər və çoxlu sayda başqa təşəbbüslər MEK-ə oxucu icmasını formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilmək imkanı verir". Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevlə bağlı MEK-ə hədiyyə olunmuş kitabların sərgisi də təşkil edilib. Bildirilib ki, kitabxananın sərgi salonunda və akademiklər zalının Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşəsində Ümummilli Lider irsinə dair 252 adda kitab saxlanılır.

 

ZÜMRÜD

Səs.- 2016.- 9 dekabr.- S.12