Azərbaycanın dövlətçilik tarixində əbədi iz salan LİDER

Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, milli-mənəvi dəyərlərə sədaqət, ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, qonşu dövlətlərlə münasibətlərin qurulması Azərbaycanın beynəlxalq səviyyədə imicini formalaşdırıb. Bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin, inkişaf strategiyasının məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strategiyası uğurla reallaşaraq Azərbaycanı müasir, qüdrətli, dinamik inkişafda olan dövlətə çevirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük epoxanı əhatə edir. Bu, müxtəlif illəri əhatə edən mürəkkəb, çətin, ziddiyyətlərlə dolu proseslər Azərbaycanın dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsinə səbəb oldu. Ulu Öndər Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yolun hər səhifəsi Azərbaycan salnaməsinə daxildir. “Hamımızın bir vətəni var. Bu      Azərbaycandır!”- deyən Dahi Öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində xalq üçün, Azərbaycan torpağı üçün əvəzsiz işlər gördübu gün hansı sahəyə diqqət yetirsək, burada Ulu Öndərin əməyini, müdrik siyasətini görə biləcəyik. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, taleyüklü bir dövrdə əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə yeni səhifələr əlavə etdi. Azərbaycanın xoşbəxt gələcəyi uğrunda göstərdiyi titanik fəaliyyəti nəticəsində, qısa bir zamanda Bakı tikinti meydanına çevrildi. Paytaxtımızda parklar, xiyabanlar və meşə zolaqları salındı. Gül-çiçəyə, yaşıllığa bürünən Bakı Neapolla müqayisə olundu. Yeni-yeni zavod və fabriklər açıldı, mikrorayonlar və yaşayış sahələri salındı. Elmə, sənətə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğı və diqqət milli intibaha meydan açdı. İctimai-siyasi həyatın və iqtisadiyyatın bütün sahələrində qazanılan yüksək nailiyyətlərə görə ölkəmiz keçici bayraqlara layiq görüldü. Azərbaycan Respublikası aqrar məmləkətdən yüksək inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Belə nəhəng işlərin müəllifi məhz Heydər Əliyev oldu. Böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxardı. Sovet dövründə Heydər Əliyev milli-hərbi kadr hazırlığı sahəsində əhəmiyyətli addım atdı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı ki, bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu. Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrilmişdir. O vaxt Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qoruyub saxladı. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə vurğulayırdı ki, “hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik arasında çox böyük məsafə və olduqca ciddi maneələr var”. Heydər Əliyevin hakimyyətə qayıdışı ölkəmizin müstəqilliyinin təməlini möhkəmlətdi, ölkədəki ab-hava tam dəyişdi. Ulu Öndər Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi və geniş xalq məhəbbəti bir vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas oldu. Qondarma “Talış-Muğan Respublikası”nın ləğv edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, Heydər Əliyevin, müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yollarındakı danılmaz böyük xidmətidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dayandırılması, atəşkəs sazişinə nail olması, qısa müddətdə mütəşəkkil və nizamlı ordunun yaradılması Ulu Öndərin müstəqillik uğrunda mübarizəsində mühüm tarixi hadisələrdən biridir.

Ümummilli Liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində, ölkədə sabitlik yarandı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Ulu Öndər Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Siyasi sabitliyi təmin etməklə yanaşı, eyni zamanda, demokratik, qüdrətli dövlət modeli konsepsiyasını da həyata keçirməyə başladı. Bu müddətdə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadihüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verildi.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Milli neft strategiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” imzalandı. Neft strategiyasının beynəlxalq layihələrin və iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac verdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi-iqtisadisosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən, “Vətəndaşlıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi  praqmatik düşüncəli, müasir dünya siyasətində yerirolu olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib. Ulu Öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss eləsin”- deyən Cənab İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 9 dekabr.- S.12