"Ümummilli
Lider Heydər Əliyev Azərbaycan
dövlətinin Qurucusu və
Memarıdır"
Bu mövzuda "Səs" qəzetinin təşkilatçılığı ilə Ulu Öndərin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi
"Səs" qəzeti, ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirir və mövcud proseslərlə bağlı fikir mübadilələri apararaq, onları ictimaiyyətə təqdim edir. Dünən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin Qurucusu və Memarıdır" mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Azər Badamov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, "91-lər" hərəkatının üzvü Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov, fəal gənclər və media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirdi ki, "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin ən sevdiyi qəzetlərdən biri olub: "1992-ci ildə "Səs" qəzetində 91 ziyalının müraciəti, həmin il oktyabrın 24-də isə Ulu Öndərin xalqa ünvanlanan cavabı dərc olunub. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın müstəqillik təməlini möhkəmlətdi və onu əbədi etdi. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir:"Müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, ictimai-siyasi vəziyyətin gərginliyini və belə zamanda Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı, uğurların təməlini qoydu".
B.Quliyev bildirdi ki, tədbiri gənclərin iştirakı ilə keçirməyimizin məqsədi budur ki, bura dəvət olunan qonaqlar öz dövlətçilik təcürbələrini gənclərin diqqətinə çatdırıb, o illərdə cərəyan edən hadisələrdə iştirakçı olduqlarından, fikirlərini bölüşsünlər. Onlar Ulu Öndərin fəaliyyəti ilə bağlı danışa biləcək canlı şahidlərdirlər.
XALQIMIZ ÜÇÜN ƏN BÖYÜK SƏRVƏT ONUN MÜSTƏQİL DÖVLƏTÇİLİYİDİR VƏ BUNDAN GÜCLÜ SƏRVƏTİ OLA BİLMƏZ
NOVRUZ MƏMMƏDOV:
- Hər şeydən əvvəl, mən "Səs" qəzetinin redaksiyasına minnətdarlığımı bildirirəm ki, çox əhəmiyyətli bir mövzu ətrafında dəyirmi masa təşkil etmisiniz. Bu cür tədbirlərin təşkili respublikamız üçün çox əhəmiyyətlidir. Yaşanılmış illərin gənclərə bu şəkildə təqdim olunması vacibdir. Heydər Əliyevi anmaq, xatırlamaq, siyasi fəaliyyəti, keçdiyi yol, zəngin irsi ətrafında fikir mübadiləsi aparmaq bugünkü cəmiyyətimizdə hamının borcudur. Heydər Əliyev zaman baxımından bizdən nə qədər uzaqlaşsa da, qəlbən, ruhən bizə daha çox yaxınlaşır. Xalqımız üçün ən böyük sərvət onun müstəqil dövlətçiliyidir və bundan güclü sərvəti ola bilməz. Bu nöqteyi-nəzərdən Ulu Öndər bizə elə bir sərvət qoyub ki, biz onu göz bəbəyimiz kimi qorumalı, daha da inkişaf etdirib genişləndirməliyik. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyev, xalqın düşüncə tərzində, eləcə də oyanışında müstəsna rol oynamış Siyasi Liderdir. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Bu, Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin məntiqi idi ki, ölkə ictimaiyyəti qısa bir zaman məsafəsində öz milli potensialını ortaya qoyub, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi.
Ulu Öndər bizim dünyamıza sanki bir elçi kimi gəldi və elçi kimi də getdi. O, bizə müstəqil dövlətimizi necə qorumağın lazım olduğunu öyrətdi. Biz ilk günlərdən seçdiyimiz yolu, götürdüyümüz istiqaməti Ona sədaqətli olaraq, indi də inkişaf və davam etdiririk. Bu baxımdan biz bir çox dövlətlərdən fərqlənirik. Azərbaycan tarixində belə şəxsiyyətlər çox olub. Lakin onların içərisində ən zirvədə dayanan və düşünürəm ki, bundan sonra onilliklər, əsrlərlə dayanacaq, məhz böyük Dahi Heydər Əliyev olacaq. Ona görə də belə tədbirlərin keçirilməsi, Onun haqqında danışmaq, bizə miras qoyduğu dövlətçilik haqqında fikir mübadiləsi aparmaq, əslində, bizi Ulu Öndərə bir daha yaxınlaşdırır.
Xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. Heydər Əliyevin siyasəti və uzaqgörənliyi dövlətin gələcək inkişafına yollar açdı. Onun işləyib-hazırladığı inkişaf strategiyası Azərbaycanın dinamik inkişafına səbəb oldu.
BƏHRUZ QULİYEV:
- İsa müəllim, Ulu Öndərin dərin, mənalı, keşməkeşli həyatının böyük bir hissəsi Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə bağlıdır. Yaxşı olardı ki, o tarixi dönəmə diqqət yetirək və Azərbaycan elminin inkişafındakı roluna, verdiyi töhfələrə nəzər salardıq.
XALQLA SİYASİ HAKİMİYYƏTİN MÖHKƏM BİRLİYİ MÜSTƏQİL AZƏRBAYCAN TƏMƏLLƏRİNİ MÖHKƏMLƏTDİ
İSA HƏBİBBƏYLİ:
- Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan həyatının xüsusi bir hissəsi də Naxçıvanla bağlıdır. Ömrünün uşaqlıq, məktəb illəri, eləcə də gəncliyinin ilk dövrləri Naxçıvanda keçmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti bir akademiyadır. Heydər Əliyevin Moskvadan Naxçıvan qayıtması bu torpağı erməni işğalından xilas etməsinin birinci nəzəri faktorudur. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan hissəsi Azərbaycanın, eləcə də Naxçıvanın taleyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Ulu Öndərin taleyin hökmü ilə Moskvadan Naxçıvana qayıtması 3 tərəfdən Ermənistan, daha 2 tərəfdən isə başqa xarici ölkələrlə qonşu olan muxtar respublikanı, əslində, düşmən ölkənin işğalından xilas etməsində əsas faktordur. Ümummilli Lider Naxçıvanda bir neçə məsələni bu istiqamətdə ciddi şəkildə yerinə yetirərək, xilaskarlıq missiyasını muxtar respublikadan başlayaraq davam etdirdi. O zaman xalq Ulu Öndər ətrafında sıx birləşdi. Birincisi, o zaman Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri kimi xalqla hakimiyyətin möhkəm birliyinə nail oldu. İkincisi, Ulu Öndər Naxçıvandakı vətənpərvər qüvvələri öz ətrafına toplayaraq muxtar respublikada bir neçə mövqedən düşmənin hücumlarına qarşı ciddi müqavimət hərəkatını təşkil etdi. Azərbaycan xalqı dəfələrlə şahidi oldu ki, Ümummilli Lider ən çətin, gərgin dövrlərdə dövlət sərhəddində xalqla birgə oldu. Ulu Öndər döyüş nöqtələrində xalqa səslənərək, bəyan etdi ki, Azərbaycan xalqı son damla qanınına qədər vuruşmaqda davam edəcək və bu birlik Naxçıvanı düşmənin işğalından qoruyan əsas səbələrdən biri oldu.
İşğaldan xilas edilmiş və möhkəmləndirilmiş Naxçıvan Muxtar Respublikası Azərbaycanın müstəqil dövlətçiliyinə Heydər Əliyevin çox böyük ərməğanıdır. Heydər Əliyev xilaskarlıq missiyasını Naxçıvandan başladı və bütöv Azərbaycanda davam etdi. Həqiqətən də, 1990-1993-cü illərdə həm Ermənistan tərəfindən ardıcıl olaraq hərbi həmlələrə məruz qalan, həm də o zamankı ölkə rəhbərliyi tərəfindən sıxışdırılan, təzyiq göstərilən Naxçıvan tarixin ən çətin sınaqlarını yaşamalı olmuşdur. Yaranmış mürəkkəb hərbi-siyasi və ağır iqtisadi vəziyyətdən xalqı çıxarmağın ən mümkün, arzuolunan real və şərəfli yolu zəngin təcrübəyə, möhkəm siyasi iradəyə malik olan Böyük Xilaskar Heydər Əliyevin Liderliyi ətrafında birləşməkdən və Onun rəhbərliyi ilə mübarizə aparmaqdan ibarət idi. Xalqla siyasi hakimiyyətin möhkəm birliyi müstəqil Azərbaycan təməllərini möhkəmlətdi.
Azərbaycan ictimai-siyasi vəziyyətin acınacaqlı olduğu bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Zaman ən böyük hakim olduğundan, qısa bir məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. Sözsüz ki, bu, Heydər Əliyevin qətiyyətli addımları nəticəsində həyata keçirildi. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Heydər Əliyevin siyasəti və uzaqgörənliyi dövlətin gələcək inkişafına yollar açdı. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan 15 iyun tarixi xalqın yaddaşında dərin iz saldı.
Ulu Öndər Azərbaycan tarixində, ilk dəfə olaraq, ölkəmizdə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırmışdır. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilmiş, son yüzillikdən bir qədər artıq dövrdə həm də milli ideya olaraq formalaşmışdır.
HEYDƏR ƏLİYEVİN NAXÇIVANA QAYIDIŞI NAXÇIVANI QORUYUB SAXLADI, AZƏRBAYCANA QAYIDIŞI İSƏ BÜTÖV AZƏRBAYCANI QORUYUB SAXLADI
VÜQAR RƏHİMZADƏ:
- Bu gün dövlətimiz, dövlətçiliyimiz üçün çox əhəmiyyətli və aktual olan bir mövzu ətrafında "Səs" qəzeti dəyirmi masa təşkil edib. Gənclərin iştirakı ilə keçirilən tədbiri, xüsüsilə, təqdirəlayiq hesab edirəm. Gənclik böyük bir qüvvədir. Ulu Öndər gəncliyə xüsusi diqqət yetirirdi.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı qoruyub-saxladı. Hansı ki, həmin illərdə insanların sabaha olan inamı itmişdi. Ölkədə iqtisadi tənəzzül günü-gündən artır, siyasi sabitlik yerinə siyasi və silahlı birləşmələr tüğyan edir, insanlar aclıqla sınağa çəkilirdi. 1992-ci ilin 16 oktyabrında "SƏS" qəzeti vasitəsilə ziyalılar Heydər Əliyevə müraciət etdilər. O zaman Ulu Öndər Ona ünvanlanan müraciətlə razı olmasaydı, Azərbaycanın gələcək taleyinin necə olacağını təsəvvür etmək çətin olmaz. Lakin Ulu Öndər millətinə, xalqına dövlətinə bağlı bir Şəxsiyyət kimi bu müraciətə biganə qala bilməzdi və Ümummilli Lider Azərbaycanı düşdüyü vəziyyətdən qurtarmaq üçün müraciətə müsbət cavabını verdi. O zaman 91 ziyalı əvəzinə 1091, 100091 ziyalı da ola bilərdi. Çünki o zaman insanların Ulu Öndərə sevgisi çox böyük idi. O zaman hakimiyyətdə olan insanlar bu sevginin maksimum şəkildə söndürülməsinə çalışırdılar. Lakin bu, mümkün deyildi. Heydər Əliyevi sevmək Vətənini, dövlətini sevmək demək idi. Əgər Ulu Öndər olmasaydı, nə Naxçıvan, nə də Azərbaycan olmazdı.
Heydər Əliyev Azərbaycan üçün həmişə yaşayır, əbədi Liderdir. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Heydər Əliyevin Naxçıvana qayıdışı Naxçıvanı qoruyub-saxladı, Azərbaycana qayıdışı isə Azərbaycanı qoruyub-saxladı. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi.
Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin məntiqi idi ki, ölkə ictimaiyyəti qısa bir zaman məsafəsində öz milli potensialını ortaya qoyub, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı.
(Ardı var)
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.-
2016.- 10 dekabr.- S.8-9