Heydər Əliyev
xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır!
Dünən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin anım günü münasibətilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının gənclər birliyinin dəyirmi masası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstünün önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
YAP rayon təşkilatı qərargahının akt zalında keçirilən dəyirmi masada iştirakçılar əvvəlcə Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı gənclər birliyinin sədri Daşqın Rüstəmov açaraq bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 13 il ötür. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır: "Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai-siyasi, iqtisadi-mədəni və digər sahələrlə yanaşı, gənclərlə aparılan işi daim önə çəkmişdir. Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın Sədri İlham Əliyev tərəfindən davam etdirilir".
Çıxışçılardan YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov, rayon təşkilatının gənclər birliyinin şura üzvü, şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova, gənc fəal Rauf Abuşov bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdi. Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər bu gün ölkə rəhbəri İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar.
Dəyirmi masada AP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirib ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır".
R.RƏSULOV
Səs.-
2016.- 10 dekabr.- S.14