YAP Yasamal
rayon təşkilatı Ulu
Öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə bağlı anım
tədbiri keçirib
Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının on üçüncü ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərdən danışıb: "Ümummilli Lider Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün örnəkdir. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqının rifahına, dövlətimizin möhkəmləndirilməsinə və millətimizin inkişafına həsr edib. Məhz onun sayəsində ötən əsrin 90-cı illərində vətəndaş müharibəsindən, xaosdan, özbaşınalıqdan əziyyət çəkən, əraziləri bir-birini ardınca ermənilər tərəfindən işğal olunan Azərbaycanı bəlalardan xilas etdi. Ölkəmizdə sabitlik, əmin-amanlıq yarandı, düşmənlərimizin də arzu-niyyətləri həyata keçmədi. Hələ sovet dövründə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq, millətimizdə milli oyanış prosesləri başlanmışdı". T.Əhmədov çıxışında bildirdi ki, Ulu Öndər müasir Azərbaycanın banisi və millətimizin xilaskarıdır. Onun Azərbaycan üçün etdiklərini sözlə ifadə etmək qeyri-mümkündür.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin atdığı tarixi addımlar, həyata keçirdiyi böyük miqyaslı tədbirlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib: "Ulu Öndərin həyat yolu və fəliyyəti böyük bir elmdir. Onun həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan öz milli kimliyini əldə etdi, elmimiz, ədəbiyyatımız yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan xalqının xilaskarı kimi Ulu Öndərin hələ ötən əsrin 90-cı illərində atdığı qətiyyətli addımlar bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Hələ uzun illər Ulu Öndərin irsi araşdırılacaq, Onun Azərbaycan xalqının rifahı üçün həyata keçirdiyi genişmiqyaslı layihələr gələcək inkişaf üçün də yeni üfüqlər açacaqdır. Ulu Öndərimizin müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir".
Xalq şairi Nəriman Həsənzadə çıxış edərək, Ulu Öndərin Azərbaycan ədəbiyyatına, elminə, söz və qələm adamlarına göstərdiyi böyük diqqət və qayğıdan söz açıb.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hər bir azərbaycanlı üçün mayak rolunu oynayan mühüm addımlarından, Onun dahiliyini xarakterizə edən xüsusiyyətlərindən danışıblar.
Samir
Səs.-
2016.- 10 dekabr.- S.10