İSTEHLAKÇILARIN
HÜQUQLARI
İnsan dünyaya gəlməmişdən öncə ana bətnində qidalanır, dünyəvi həyatını yaşayan zaman havadan, sudan istifadə edir, fiziki-mənəvi yaşayışını təmin etmək üçün nəsə alır, başqaları ilə münasibətlərə girərək xidmət göstərilməsi üçün müraciət edir və ya bu münasibətlər üçün niyyət edir. Bəşər övladı dünyasını dəyişdikdən sonra dəfn olunan zaman müəyyən ritualların həyata keçirilməsi zərurəti ilə "üzləşir". Başqa sözlə, insan dünyaya gəlməzdən öncə, gerçək dünyanı tərk edəndən sonra da nəyəsə tələbatının ödənməsinin zəruriliyi ilə qarşılaşır. İstehlakçı anlayışı qədər insanı xarakterizə edən ikinci söz və ya ifadə mövcud deyildir. Bir sözlə: insan - istehlakçı.
Əyyub Hüseynov yazır: "Bu yazıda rast gələcəyiniz əsas anlayışlarla sizi tanış edirik.
İstehlakçı - tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifarişi vermək niyyətində olan şəxs.
İstehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar.
İcraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar.
Satıcı - alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar.
Normativ sənəd - malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə qanunvericiliyə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər.
Qüsur - malın (işin, xidmətin) normativ sənədlərinin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə, icraçı və ya satıcının mal haqqında verdiyi məlumata uyğunsuzluq.
Mühüm qüsur - maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur.
Uyğunluq sertifikatı (sertifikat) - sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd.
Uyğunluq nişanı - məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır.
Malın (işin, xidmətin) təhlükəsizliyi - maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsini, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində islehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə, ətraf mühitə zərər vurulmasının istisna olunması.
Zəmanət müddəti - müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət".
Müəllifin fikrincə, insan hüquqları spektrində istehlakçı hüququnun özünəməxsus spesifik cəhətləri var. Bu spesifika onunla səciyyələnir ki, bütün ölkələrdə, hətta çağdaş demokratik ölkələrdə istehlakçı hüququ kütləvi pozulan insan hüququdur. Yeni texnologiyalar, elmi-texniki nəticələr həyata vəsiqə alsa da, istənilən elmi nəticənin istər-istəməz biznes maraqlarına xidmət etdiyini nəzərə alsaq, hər bir yenilik istehlakçıya doğru yönəldiyi üçün, əslində, istehlakçıdan, aşağı maya dəyərinə hasil olunmuş mal və xidmətdən daha çox faydalanmağa cəhd göstərilir. Biznesin aksiomu çox gəlir əldə etmə olduğu üçün sahibkar daim malın, xidmətin maya dəyərini aşağı salmaq üçün yollar arayır, lazım gəldikdə, ucuz işçi qüvvəsi olan ölkələrdə zavodlar qurur və s.
Ona görə də, eynimarkalı mal və xidmət sahəsində kəskin keyfiyyət fərqi ilə rastlaşırıq. İstehsalçıların özləri də istehlakçı olduğu üçün bütün insanların maraqları yüksək keyfiyyətli mal istehlak etmək məsələsində birləşir. Məhz bu səbəbdəndir ki, insanlar standartlar deyilən normativ sənədlər hazırlamışlar, öz istehlak tələblərinə cavab verə bilən tələblər bu normativ sənədlərdə öz əksini tapır.
Standartlar vasitəsilə malların və xidmətlərin keyfiyyəti ayrı-ayrı paramentrlər üzrə optimal çərçivəyə salınır. İstehlakçı hüquqlarını qorumaq üçün insanlar istehsalçılar qarşısında məsələlər qaldırır, standartların dəyişdirilməsi, təkmilləşdirilməsi tələblərini qoyurlar və s.
İstehlakçı ömrü boyu diletantdır. Səbəbi budur ki, hər bir insan öz tələbatını ödəmək üçün özünəməxsus fərdi xüsusiyyətlərə malikdir. Satmaq elmi (marketinq, menecment) olsa da, almaq elmi yoxdur, heç kim minlərlə bir-birinə bənzəməyən mal və xidmətdən istifadəyə dair elm öyrənmir. İllərlə eyni ərzaq malını xoşlayıb, seçməyi bacaran insanlardan, çox ahıl vaxtlarında belə, böyük təcrübə qazandıqdan sonra həyatı üçün təhlükəli mal və xidmət seçməsi halları hər birimizə məlumdur. Bütün bunlara görədir ki, istehlakçının mühüm hüququndan biri də istehlakçı təhsili almaq hüququdur. İlk baxışda cümlə mənasız görünür. Guya kimsə istehlakçıya təhsil almağa maneçilik törədir, o isə hüquqlarının bərqərar olması üçün cəhd göstərir. Əslində, istehlakçı təhsili almaq hüququ, istehsalçıların əsrlər boyu malın-xidmətin mənşəyini, hazırlama texnologiyasını insanlardan gizli saxlamasına qarşı istehlakçıların tələbidir. Başqa sözlə, mənası çox da aydın dərk edilməyən "təhsil hüququ" mallar və xidmətlərdən müxtəlif göstəriciləri barədə məlumatlara malik ola bilməsi kimi səciyyələnməlidir.
Ə.Hüseynov yazır: "Heç də təsadüfi deyildir ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, hətta Rusiya Federasiyasında məktəblərdə "İstehlakçı hüququ" dərsləri tədris olunur. Bir çox ölkələrdə kiçik yaşlı məktəblilərə belə mal almaq, mal seçmək, pul xərcləməklə bağlı tədris həyata keçirilir.
Ümumiyyətlə, əsrlər boyu istehlakçını diletant olmağa sövq edən sanki gözəgörünməz səbəblər olub və bu gün də belədir. Nəticə olaraq istehlakçının kəmsavad saxlanması və bütün əsrlər boyu belə qalması biznesin mahiyyətindən irəli gələn və istehsalla bağlı elmlərin sürətli inkişafı, bu inkişafdakı vərəsəlik əlaqələri ilə də səciyyələnə bilər. Qeyd etdiyimiz kimi, istehlakçı fərddir, fiziki ömrünü başa vurur və onun istehlakçı təcrübəsi özündən sonrakına materiya qismində ötürülmür. Ola bilər ki, istehlakçının diletantlığının daha dərin fəlsəfi əsasları da var.
- İstehsal olunan mallar birbaşa və ya bilavasitə, təyinatı zamanı istehlak olunarsa, onların təhlükəsizliyinə dair hüquqi- normativ sənədlər beynəlxalq normalarla uyğunlaşmalıdır.
- Dövlətlərin siyasəti istehsal olunan malların birbaşa və ya bilavasitə, mümkün olan istehlak şəraitində təhlükəsiz olmağa yönəldilməlidir. Malların ticarəti, saxlanması ilə məşğul olan müəssisələr malın təhlükəli olmasına şərait yaradan səbəbləri aradan qaldırmalı, malın istehlakına dair bütün məlumatları istehlakçılara verməlidirlər".
Dövlətin siyasəti təhlükəlilik ehtimalı olan malın əmtəə dövriyyəsinə çıxandan sonra, məlum olduğu halda, istehlakçılara dərhal məlumat verilməsilə, təhlükəli malın dövriyyədən çıxarılmasına yönəlməlidir.
Dövlətlər satış dövriyyəsində olan malın aşağı keyfiyyətliliyinin təcili aradan qaldırılması, satışdan götürülməsi, istehlakçılara dəyən zərərin ödənilməsi siyasətini həyata keçirməlidirlər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 14 dekabr.- S.15