XI YUXU Aşıq Şəmşir

Atamın Aşıq Şəmşir ilə birgə gəlməyindən təəccüblənjim. Dedim ata, bu ustad sənətkar kəndin uşaq qəbristanlığında uyuyur, səninlə harada görüşüb? Dedi oğul, cənnətin uşaq-böyük bölməsi olmur. Bu el sənətkarı səndən çox razılıq elədi. Dedi ki, şairin mənim üstümdə çox haqqı olub, bizi görüşdür. Dedim ustad, mənim sənin üstundə heç bir haqqım olmayıb, sənə o gözəl şeir və qoşmaların üçün borcluyam. Çünki o şeirlərdən az-çox mən də bəhrələnmişəm.

Aşıq Şəmşir dedi:

- Sən oğul, 1997-ci ildə Azərbaycan Yazıçıları Qurultayında çıxış edib özünün yox, mənim "Zərli tac kamallı başa yaraşır" kitabımı Prezidentimiz Ulu Öndər Heydər Əliyevə təqdim etməklə, mənim ruhuma su çilədin. Axı Heydər Əliyev "İkinci Qızıl Ulduz" medalı və Sosialist Əməyi Qəhrəman adı alanda bəlkə də hər kəsdən çox sevinən 87 yaşımın içində olan mən olmuşdum. Bu şeirim də uğurlu alınması ona olan dərin sevgimdən yaranıb.

 

Azərbaycanımın igid oğluna,

"Qızıl Ulduz" qoşa-qoşa yaraşır.

Alqış kamalına, alqış ağlına,

Zərli tac kamallı başa yaraşır.

 

Atam diqqətlə qulaq asıb dedi: oğul, bu ustad sənətkarın 4 sətir şeiri sənin bütün yazılarına dəyər. Çalış özünə bir başqa peşə, sənət tap. Sənin yerin şeir meydanı deyil.

- Düzü, bu sözdən çox pərt oldum.  Məni bu vəziyyətdən çıxarmaq istəyən ustad sənətkar dedi:

- Yox atası, onu bu yoldan çəkindirmə. Qoy başını yazı-pozuya qarışdırsın. Yoxsa o da bəziləri kimi danos yazmaqla məşğul olar. Axı siz naxçıvanlılar yazı-pozu işində mahirsiz. Hələ o vaxtlar qulağıma çatmışdı ki, ilk dəfə Lenin Movzoleyinə sizinkilər ərizə göndərmişdir. Ərizə o qədər, sərt, güclü olmuşdu ki, movzoleyin mühafizəçiləri iddia etmişdilər ki, İliç babamız bu sözlərdən silkələnib, böyrü üstə çevrilmişdi. İkincisi, oğul, sən mənim Azərbaycandan əvvəl 110 illik yubileyimi Tbilisi şəhərində keçirmisən. Azərbaycanın böyük sənət adamları Nəriman Məmmədov, Ramiz Quliyev, Xuraman Hacıyeva, Taryel Qasımov, Ramiz Məmmədzadə, Nadir İsmayılov və başqalarını ora aparmaqla yadda qalan gözəl tədbir olmuşdur. Sonra günün xəbərlərinə tamaşa edən Ulu Öndərimiz Heydər Əliyev Fatma xanım Abdullazadəyə demişdi: Fatma xanım, Gürcüstan xalqı aşıq Şəmşirə bizdən qabaq yubiley keçirib. Ramiq Muxtar məşhur sənətkarları da özü ilə Gürcüstana aparıb. Sonra Fatma xanım mənə irad tutaraq bildirdi ki, belə tədbirləri keçirəndə, bizi məlumatlandır. Az sonra Aşıq Şəmşirin anadan olmasının 110 illiyi münasibətilə Prezident Sərəncam imzaladı. Çox təəssüflər ki, bu Sərəncam Onun sonuncu Sərəncamı oldu. O xaricdə rəhmətə getdiyi üçün bu tədbirdə iştirak edə bilmədi. Biz Aşıq Şəmirin istəyi ilə Fəxri Xiyabana gəldik. Əvvəlcə Ulu Öndərin məzarı üstə gül-çiçək dəstələri düzdük. Sonra ustad sənətkar onun məzarı önündə namaz qılıb, dua oxudu. Dedim ustad, bu namazı cənnətdə öyrənmisən, yoxsa əvvəlcədən bilirdin? Dedi oğul, baxmayaraq ki, mən məmur vəzifəsində də işləmişəm ancaq yeniyetmə vaxtımdan hər zaman namaz qılıb, oruc tutmuşam. Sonra XX əsrin sovet poeziyasının ən qüdətli şairi Səməd Vurğunun məzarı üstə gəldik. Aşıq şairin övladları Yusif və Vaqifi orada görüb çox pərişan oldu. Aşıq Şəmşir Səməd Vurğunla 50-ci illərin əvvəllərində görüşmüşdü və bir-birilərinə şeir həsr etmişdilər. Mən ustad sənətkara dedim ki, mənim də bir xoşbəxtliyim o oldu ki, bu dahi sənətkarın qarşısında öz şeirimi oxumuşam. Ustad aşıq mənim bu sözümə şübhə ilə yanaşdı. Ay oğul, sən yaşından çox-çox qabaq danışırsan. Dedim yox ustad, atam bu hadisənin şahididir. Atam mənim sözümü təsdiqlədi.

- 1952-ci ildə mən 4-cü sinifdə oxuyurdum. Məktəbimizin divar qəzetində tez-tez şeirlərimlə çıxış edirdim. Ədəbiyyat müəlliməmiz Nəzifə Bağırova məni bir gün özü ilə birlikdə o vaxt Naxçıvan yazıçılarına rəhbərlik edən xalq yazıçısı Hüseyn İbrahimovun yanına apardı. Hüseyn müəllim mənim bu şeirlərimi oxudu və çox bəyəndi. Az sonra Hüseyn müəllimi Naxçıvan Radio Verilişləri Komitəsinə sədr təyin etdilər. Onun yanında şair Məşkur Əkbər, Əli Mirzəyev və Əsgər Səfərov kimi əsl yaradıcı insanlar işləyirdi. Hər həftənin 1-ci günü saat 18.15-də pioner və məktəblilər üçün veriliş olurdu. O həftə olmazdı ki, mən yeni şeirlərimlə orada çıxış etməyim. Bunun da ikinci əbəbi o idi ki, mənim atam Muxtar kişi o vaxt respublikanın tikinti trestinin rəhbiri idi. Komitə əməkdaşları atama zəng edib radioya qulaq asmağı xahiş edirdilər. O da işdən sonra komitəyə gəlib, oranın əməkdaşlarını götürüb qonaqlıq məclisinə aparırdı. Bir gün yenə həftənin 1-ci günü idi. Əsgər Səfərov mən oxuduğum 1 saylı məktəbə gəldi. Mənə dedi ki, axşam radioda çıxışın olacaq. Dedim Əsgər müəllim mən təzə şeir yazmamışam. O axşamkı yeyib-içmək məclisi pozulmasın deyə, sən gəl mən sənə şeir verərəm oxuyarsan. Dedim Əsgər müəllim, mən başqasının şeirini oxumaram.

Onda manqanız haqqında danışarsan, ancaq atana deyərsən ki, şeir oxudum. Mən Radio Komitəsinə gəlib manqamız haqqında danışdım və Əsgər müəllim mənim çıxışımdan sonra atama zəng edərək "Muxtar Abbasoviç, oğlunuzun şeirini dinlədinizmi?"-deyə soruşdu. O da xəbəri olmadığını deyib, yenə gəlib onları qonaq apardı. Mən isə tez evə gəlib bir kiçik şeir yazıb, özümü sığortaladım. Bir gün Hüseyn İbrahimov atama zəng edib demişdi ki, ustad sənətkarımız Səməd Vurğun Naxçıvana sərhədçilərlə görüşə gəlib. Axşam xalq artisti, Vaqif rolunun ifaçısı İsa Musayevin həyətində məclisimiz olacaq. Sən də oğlunla oraya gəl. Atam çox həvəslə məni həmin məclisə apardı. O vaxt məni təzəcə pionerə qəbul etmişdilər. Məclis tut ağacının altında qurulmuşdu. Həmin məclisdə ev sahibi İsa Musayev, yazıçı Hüseyn İbrahimov, Naxçıvanın mədəniyyət naziri Əli Hüseynov, teatrın baş rejissoru Miribrahim Həmzəyev, Naxçıvanın ilk komsomol veteranı Qasım Tağıyev və İsa Musayevin qohumu "çapıq" Süleymanov iştirak edirdilər. İsa müəllim atamı Səməd Vurğuna təqdim etdi. Əslən irəvanlı olmasını Mustafa Topçubaşovla yaxın qohumluğunu bildirdi və atamın hazırda respublika tikinti trestinə rəhbərlik etdiyini söylədi. Mənim tez-tez radio verilişlrində yeni şeirlərimlə çıxış etməyimi bildirdi. Səməd Vurğun, ilk növbədə, Mustafa Topçubaşovla yaxın dost olduqlarını atama xatırlatdı və mənə üzünü tutub dedi:. Bir şeir söylə oğul, görüm, sən yaxşı şairsən ya mən? Mən utancaq halda "Sülh" şeirimi oxudum.

 

Sülh xalqın azadlığı,

Sevinci-vüqarıdı,

Sülh səadət dünyası,

Ömrün xoş baharıdı.

Sülh insan əməyinin,

Ürəyidi, gözüdü.

Sülh sadə insanların

Ən sevimli sözüdü.

 

"Nə gözəl, nə gözəl" deyərək başımı sığalladı. Bir şeir də oxu.

 

Səhər tezdən yuxudan

Oyandı bacım Zivər.

İstədi seyr eləsin,

Bağçanı səhər-səhər.

Nənəmizi səslədi,

Dedi, ay nənə Nərgiz.

İstəyirəm gül yığam

Həm ətirli, həm təmiz.

 

Nənəmiz dedi qızım,

Səni səsləyir bülbül.

Get bağçaya al-əlvan,

Yığ bir dəstə qzıl gül.

O sevincək bir halda

Endi səfalı bağa.

Ürəyi sevincindən

Döndü böyük bir dağa.

 

Atası, arxayın ola bilərsən. Sənin oğlun elə bu yaşında şairdi. Onun zəmanətini mən özüm - Səməd əmisi verəcəyəm. Oğlum, mənim sənə gözəl bir hədiyyəm olacaq. Atam haqqında İsa Musayev tost deyəndə, atamın gözəl insan olmaqla yanaşı, həm də xalq arasında böyük hörməti olduğunu söylədi və dedi ki, 5 ildən artıqdır ki, həyat yoldaşı rəhmətə gedib, biz onu evləndirə bilmirik.

- Baldızı da yoxdur? - deyə Səməd Vurğun dilləndi. Düzü, mən uşaq olduğumdan bu sözün mahiyyətini başa düşmədim. Ancaq hiss etdim ki, atam çox pərt oldu və qızardı. Hüseyn müəllim ortaya söz qatıb, sözün uzanmasına yol vermədi. Biz məclisdən qayıdıb evə gələnə kimi atam bir kəlmə danışmadı. Aşıq Şəmşir ustada haqq qazandırdı ki, ögey əlinə düşməsin deyə Qazax mahalında buna pis baxmırlar. Görünür, sizin bölgədə bu tamamilə fərqlidir. Bu əhvalatdan bir ay keçmişdi ki, məktəbin pioner dəstəsinin rəhbəri Ələviyyə Musayeva sinifimizə daxil oldu (bu gün də Ələviyya Musayeva 93 yaşında sağ-salamatdır) vəəlliməmiz Nəzifəəlliməyə dedi ki, uşaqların hamısı məktəb həyətinə toplansın. Bakıdan qonaqlar gəlib. Biz məktəbin həyətinə gələndə, artıq bütün şagirdlər sıraya düzülmüşdü, ortaya qonaqlar üçün masa qoyulmuşdu. Məktəbin direktoru İdris Səlimov elan etdi ki, məktəbimizin 4-cü sinif şagirdi Ramiq Nağyevə Azərbaycan Yazıçılar İttifaqının sədri, Səməd Vurğun "Smena" fotoaparatı və "Artek" Pioner Düşərgəsinə pütyovka göndərib. Hər kəs məni təbrik etdi. Komsomolun mərkəzi komitəsindən gələn fotoaparatı və pütyovkanı mənə təqdim etdi. Atam bu hadisədən o qədər sevindi ki, Səməd Vurğunla köhnə söz-söhbəti tamamilə unutdu. Mən iyul ayının 1-də Bakıda olmalıydım. Lakin atam mənim bu yaşda Artekə getməyimə razı olmadı. Bu xəbər komsomolun mərkəzi komitəsindən Səməd Vurğuna çatdırıldıqdan sonra, o, mənə qoşulacaq pioner dəstə rəhbəri Ələviyyə Musayevanın yol və qalma xərcini öz şəxsi hesabından ödədi. Biz 1 ay pioner düşərgəsində qalmalı idik. Lakin o qədər maraqlı tədbirlər keçirilirdi ki, heç oradan ayırılmaq istəmirdim. Renat adlı tatar bir şair mənim şeirlərimi rus dilinə tərcümə edib, təbirlərdə çıxış etmə şəraiti yaradırdı.

Aşıq Şəmşir Səməd Vurğuna rəhmət diləyib dedi. Muxtar kişi mənim sözlərimə oğlun Ramiq Muxtar 10 mahnı bəstələtdirib. Xüsusilə, bəstəkar Nəriman Məmmədovun diqqəti hörmətə layiqdir. O, mənim iki şeirmə və nəvəm Cavid Qəmbəroğlunun sözlərinə gözəl mahnı bəstələyib. O Nəriman Məmmədovun dəfnində qohumlarının iştirak etmədiklərinə görə, öz doğmalarını qınadı. Sonra Aşıq Şəmşir təklif etdi ki, gedək kəlbəcərlilərin toplandığı yerə. Onlarla görüşüb, ürək sözümü deyim. Mən ustadı öz adını daşıyan Şəmşir adına Mədəniyyət Mərkəzinə gətirdim. O öz adını binanın divarında görüb çox sevindi.

- Bu kimin xidmətidi? - deyə məndən soruşdu. Dedim ustad, bu səni sevən, sənətivə qiymət verən bütün Azərbaycan xalqının xidmətidir. Mərkəzin təşkilatı işlərinə rəhbərlik edən Həbib müəllim də ustadın gəlişini alqışladı və zəng edib kəlbəcərliləri mərkəzə dəvət etdi. Kəlbəcərli aşıq Ədalət ustad sənətkarın şeir-qoşmalarını çalğısı ilə ifa etdi. Sonra kəlbəcərlilərdən biri dedi. Ay Şəmşir əmi, doğrudur ki, bir dəfə sən atla qonşu kəndə toya gedən vaxt qızlar səni bulaq başına dəvət ediblər. Sən isə getməmisən. Həmin qadınlardan biri deyib ki, aşıq bu bulaqdan küsüb. O, gəlməyəcək.

Aşıq Şəmşir: O qadın elə sənin anan idi. vaxtilə bu bulağın başında ona eşq elan etmişdim. Lakin məni bəyənmədi. Başqasına ərə getdi. O vaxt onu qızların arasında görüb, ona görə atdan yenmədim. Allah ona rəhmət eləsin.

Sonra Aşıq Şəmşir camaata üzünü tutub dedi: Ay kəlbəcərlilər. Qulağıma xoş sədalar gəlir. Prezident İlham Əliyev çox çətinliklə də olsa işğal olunmuş torpaqlarımızı qaytarmaq əzmindədir. Əgər siz kəlbəcərlilər vətəninizi, xalqınızı, torpağınızı sevirsinizsə, öz ata-baba ocağınıza qayıdın. Bakıda çoxunuzun villaları, super-marketləri, şadlıq evləri var. Doğma yurdunuzu onlara qurban verməyin. Məni aparıb uşaq qəbristanlığında basdırmısınız. Mən o uşaqlara bu ağsaqqal yaşımda yalan danışmaqdan yorulmuşam. Onlar məndən soruşurlar ki, ata-anamız niyə məzarımız üstünə gəlmirlər. Deyirəm ki, onların başı qarışıb. Atan gedib Çindən sənə oyuncaqlar almağa. Anan isə Dubaydan sənə telefon alıb gətirəcək və hər gün məzarımız üsiə saz səsi eşidəcəyik. Dağlarımızdan, bağlarımızdan üçüb gedən quşlar yenidən öz ağaclarının budaqlarına qonacaq. "İsti su" bulağımız yenidən fəvarrə vuracaq. Təzə nəğmələr və qoşmalar uaranacaq. O zəfər günü çox yaxındadır. Amin!

    

Səs.- 2016.-14 dekabr.- S.13