XII yuxu. Şeyx Nəsrullah
Atamın Şeyx Nəsrullah ilə gəlişinə özüm də diksinib məəttəl qaldım. Dedim: "ata, bu hiyləgəri, dələduzu hardan tapmısan? Camaat görüb bizi lənətləyər. Həm də Mirzə Cəlilin qələminə düşüb sənin şəbehini çıxarar. Təzə bir əsər yazıb, aləmdə rüsvay-cahan eyləyər".
Dedi yox, oğlum, mən də əvvəllər sənin kimi düşünürdüm. Ancaq burada vəziyyət urusucadır. Dedim ata, bu Şeyx Nəsrullah da cənnətdədir. Dedi oğul, sən nə danışırsan? Heç onun qəbuluna düşmək olur. O, həm cənnətin, həm də cəhənnəmin ştatnı komendantıdır. Hamı ona səcdə edib, imdad diyləir.
- Bəs,
ordakı camaat onun kim olduğunu bilmir? Onlar heç "Ölüllər"
tamaşasına baxmayıblar?
- Oğul
elə ilk günlərdən Şeyx Nəsrullah bütün
camaatı başına toplayıb, geniş nitq irad eylədi.
Dedi bir naxçıvalı Mirzə Cəlil adlı şər
ustası mənim "Ölüllər"
tamaşısında şəbehimi çıxarıbdır.
İndi onunla
haq-hesabımı çürütmək üçün yer
üzünə gedirəm. Axı mən
yazıq Quzey Azərbaycandan bura gəldiyim gündən yediyim
cəmi dörd xurma olubdur. Heç
buraların çörəyini-duzunu da dadmamışam.
Onları başıma toplayıb, qəbirstanlığa
aparmışım. Ölülərini
diriltmək üçün bir qəpik pul da istəməmişəm.
"Qurani-Kərim"dən gür səsimlə
dua oxuyub, onlara rəhmət diləmişəm. Demişəm ki, ay mənim quzeydəki
qardaş-bacılarım, Allah yanında savab qazanmaq
üçün bu uzaq yolu gəlmişəm ölülərinizi
diriltməyə. İndi kim öz
atasını, anasını, qardaşını,
bacısını, uşağını diriltmək istəyirsə,
əlini qaldırsın. Mən də o
biçarəni dirildim, vursun qoltuğuna aparsın evinə.
Kəndin ağsaqqalı Məşədi Oruc
deyir ki, qoy gedim evdə arvadla məsləhətləşim,
sonra gəlim. Çünki öz
bacısı Nənəqız onun yerinə ərə gəlibdir.
Birdən razı olmaz, evdə
qanqaraçılıq yaranar. Kəblə
Cəfərqulu deyir ki, şeyx həzrətləri,
qardaşım Novruzəli öləndən sonra ona çatan
ata mülkünü əlimə keçirib,
uşaqlarını atmışam bayıra. Qorxuram dirilib gələ, dava-dalaş sala. Qoy gedim fikirləşim. Yetim
Abbasın oğlu deyir ki, xalaoğlum İsfəndiyar mənim
əlimi çörəyə çatdırdı, mülk
tikdirdi, avtomobil aldı. Sonra birdən
başım döndü. Dedim nə olursa-olsun, onu aradan
götürüb, biznesinə sahib olmalıyam. Aparıb
bağımda öldürüb, həyətimdə
basdırdım. İndi mən onu təzədən
necə dirildim? Bir də gələk
üz-üzə? Şeyx həzrətləri,
qurbanın olum, mənə də möhlət ver, gedim bir az fikirləşim. Murad müəllim
deyir ki, vaxtilə dostum Şirvan Əbilov məni vəzifə
sahibi etdi. Məni katib seçdirdi.
Döşümə "Qızıl ulduz" və "Lenin"
ordeni taxdı. SSRİ Ali Sovetinə deputat
seçdirdi. Mən ağılsız,
başıboş təzə rəhbərliyə gələn
katibdən tribuna istədim ki, mənə söz verin,
Şirvan müəllimin bütün işlərini
açıb-töküm. Təzə
katibin mənim bu sözümdən xoşu gəlmədi və
məni öz işimdən uzaqlaşdırdı. İndi mən dirilib necə təzədən
Şirvan müəllimin üzünə çıxa bilərəm?
Təpəm bərk ağrıyır, qoyun,
gedim türk serialına baxım, sonra gələrəm.
-
Görürsünüz, ay camaat, mən uzaq yol yolçusu
aydan-arı, sudan duruyam. Bir
din xadimini Mirzə Cəlilin yanındakı Kefli İsgəndər
tamaşada biabır edir. İndi özünüz deyin, mənim
nədir qəbahətim?
Bir neçə gün bundan əvvəl Aşura
Günü Misirdən gələn din xadimlərini
aparmışdım Təzə Pir məscidinə namaz
qılmağa.
Camaat zəncirlə başına-gözünə
vurub ağlaşırdılar. Ərəb
mollaları məndən soruşdular ki, şeyx həzrətləri,
bu adamlar özlərini niyə belə döyürlər?
Dedim, ay əziz peyğəmbər nəslinin övladları,
bəs bilmirsiniz ki, İmam Hüseynin bu gün qətl
günüdür? Hələ biz iki ay da yas
saxlayacağıq. Onlar mənə gülüb dedilər:
bu xəbər sizlərə nə gec gəlib
çatıbdır? Bu hadisə VII əsrdə
olubdur. Bu camaatı başa sal, de ki, burda
qanlarını tökmək əvəzinə, gedib
işğal olunmuş kəndlərini düşməndən
azad etsinlər. Biz ərəblər bu
hadisəni çoxdan unutmuşuq. İndi
bizdə toy şənlikləri, bayramlar keçirilir. Necə olur ki, imamlar bizimkidir, yası siz
saxlayırsız? Dedim mənim həmkar din
qardaşlarım. Bunu bilməzsiniz, gəlib Təbrizdə,
Ərdəbildə deyərsiniz, camaat sizi daş-qalaq edər.
Biz il boyu gözümüzün
yaşını leysan kimi axıdıb, matəm
saxlayırıq. Siz əvəzində deyirsiniz
ki, bizdə toylar, bayramlar keçirilir.
Atam dedi
oğul, biz cənəttdən gələndə, Şeyx Nəsrullah
bir də toplantı keçirtdi. Özü də həm cənnətdəkiləri,
həm də cəhənnəmdəkiləri bir yerə
yığıb, xəbərdarlıq etdi ki, sabah
mən yer üzünə gedəcəyəm. Kim
dirilmək istəyirsə, Muxtar kişinin kitabçasına
adını qeyd etdirsinlər. Amman nə cəhənnəmdəkilərdən,
nə də cənnətdəkilərdən səs-səmir
çıxmadı. O, bir də bərkdən səsləndi:
ay camaat, niyə dinmirsiniz? Kim yer üzündə
olan övladlarının, doğmalarının yanına getmək
istəyirsə, əllərini yuxarı qaldırsın.
Yenə heç bir kəsdən tərpəniş
olmadı.
Bundan əsəbləşən, Şeyx Nəsrullah
üzünü cəhənnəmdə olan Dilqəm kişiyə
tutub dedi: ay kişi, burda qanov təmizləməkdən
qulunc olursan, niyə dirilib yer üzünə qayıtmaq istəmirsən?
- Vallah,
Şeyx həzrətləri ürəyimdən qayıtmaq
keçir- deyə Dilqəm kişi dilləndi.
Amma qulağıma səda gəlib ki, oğlum
bankdan kredit götürüb verə bilmədiyinə görə,
evimizi satışa çıxarıblar. Mən
gedib harada qalacağım. Allah ölənlərinə
rəhmət eləsin. Mənim
adımı yazmayın.
- Ay, Nobat
arvad, övladların üçün darıxmırsan, niyə
adını yazdırmırsan. Səni də
aparıb balalarına qovuşdurum.
- Şeyx, sənə qurban olum, onsuz da evə gedən kimi,
gəlin məni evə buraxmayacaq. Deyəcək ki,
gözü nəzərli, fitnə-fəsad anan gəldi.
Səhərisi aparıb məni qocalar evinə
qoyacaqlar. Oğlum da - arvad Əyyub səsini
də çıxara bilməyəcək. Vallah,
bura mənim üçün çox rahatdır.
- Ay
müxbir qardaş, Təkdamarov, niyə istəmirsən, yer
üzünə qayıtmağı? Get ağlamalı-gülməli
"Mizrab" jurnalının ikinci nömrəsini
çıxarat. Camaat həsrətlə
jurnalının ikinci nömrəsinin yolunu gözləyir.
- Yox,
şeyx həzrətləri, vaxtilə yazdığım
"Saxtakardıqdan əl çəkin" yazımın
üstündə başım bəlalar çəkdi. Belə ki, cəddi
belini qırmış hakim icra başçısı tərəfindən
təsdiq olunmuş qanuni sənədi kənara atıb, məhkəməyə
təqdim olunan saxta sənədə qərar
çıxartdı. Halbuki o sənəddə
nə icra başçısının, nə də təşkilat
rəhbərini möhürü, imzası yox idi. O qədər
tələm-tələsik yazılmışdı ki,
yadlarından çıxıb nə günü, nə də
ayı sənəddə göstərilməmişdir. O məktubu
göndərən Rauf adlı dələduzu hakim həbs etmək
əvəzinə, hələ məni 1000 manat cərimələyir
ki, sən qəzet vasitəsi ilə cinayətkara niyə
saxtakar demisən? Mən də qayıtmaq istəmirəm,
çünki o min manatı kimdən alıb verəcəyəm?
Bir ümidim göyçaylı dostum Qədirə
qalmışdı, bir də ki, "İnturist" Aydına.
Onlar da dedi ki, vallah, bonkrot olmuşuq, verə bilməyəcəyik.
Allah köməyin olsun, şeyx həzrətləri,
elə məni də burada qalıb, yuxularımı
yazmağım məsləhətdir.
- Ay
yazıçı atası, Nəcəf
kişi, niyə
dinmirsən? Özünü
gizlədirsən? Gəl səni də
dirildim, aparım Əylis kəndinə. Həm
kəndlilərilə görüşdürüm, həm də
oğlunun kitablarının külünü meydandan
yığışdır ki, külü meyvə
ağaclarının üstünə səpələnməsin.
Yoxsa ağaclara xəstəlik düşər,
camaatın son ümidləri də puç olar.
- Şeyx həzrətləri, vallah-billah, o mənim
oğlum deyil.
Görmürsən, heç mənə də
oxşamır. O, qonşumuz Arakel Nayibyanın oğludur.
ZAQS müdiri mənim adıma yazdı ki, kəndə
söz-söhbət yayılmasın. Kəndin
ağsaqqal və ağbirçəkləri bu əhvalatdan xəbərdardılar.
Ona görə də, onun suyu ermənilərə
tərəf axır. Hələ uşaq
vaxtı o, həmişə erməni uşaqları ilə
oynayardı. Deyirdi ki, mənim babam
qulağı kəsik Andranikdir. Mən
böyüyəndə gedib onun kəsik qulağını
tapıb yerinə tikdirəcəyim. Burda cəhənnəmdə
qalmaq mənə daha xoşdur.
- Sən
kimsən, ay polis forması geyən yoldaş? Sən
bizim nə cənnətin, nə də cəhənnəmin
adamına oxşamırsan.
-
Tovariş şeyx ya iz karennoy Şahbuzi.
- Ay
yoldaş, cənnətimizi murdarlama, öz dilində
danış.
- Mən
40 ildir ki, Rusiyada yaşayıram.
Eşitdim
ki, siz ölüləri dirildib, təzədən yer üzünə göndərirsiniz.
Gəldim ki, o gedənlərə bir məktub verim,
bacıma-qardaşıma versin və desin ki,
atamın-anamın yasına gələ bilmədiyim
üçün məni bağışlasınlar. O iki
övladıma da desinlər ki, həyatda mənim
günahlarımı təkrar etməsinlər.
-
Oğul, hələ gedən bir adam
tapılmır ki, məktubunu ona verəsən, Sən
çalış xristian qəbirstanlığında azərbaycanlı
olduğunu dilinə gətirməyəsən. Yoxsa
ordakı ölülər bizim millət haqqında pis fikirdə
olarlar. Hə, camaat mənim namaz
vaxtımdır. Görürəm, siz
ölülərdən yer üzünə getmək istəyən
olmayacaq. Mənim də qızıl
vaxtımı aldınız. İndi
övlada həsrət üç gəlin oturub Mirzə
Bağırın həyətində mənim yolumu gözləyir.
Onlara şəfa duası yazıb,
oğul-qız sahibi etdirəcəyəm. Gedin
bir də yaxşı-yaxşı fikirləşin. Əgər könlünüzdən yer üzünə
qayıtmaq fikri keçsə, mənim əl telefonuma zəng
çalın. Nömrəmi qeyd edin,
0503442911.
Bu vaxt bir
nəfər əlini qaldırıb dedi: şeyx həzrətləri,
məni heç nədən cəhənnəmə göndəriblər.
Mənim bir günahım olub ki, "Peşəkar
yaltaq" şeirini yazmışam. Xahiş
edirəm, məni cənnətə keçirəsiniz.
Şeyx Nəsrullah dərin fikrə gedib dedi: əgər
şeirində siyasi motiv olsa, cənnətə keçə
bilməyəcəksən. Oxu görüm, nə
yazmısan?
Peşəkar
yaltaq
Düz
qırx ildir bir ümüdlə yaşayıram: yaltaq olum,
Peşəkarlar aman vermir, mən həvəskar ortaq
olum.
Od
püskürən asfaltlarda dizin-dizin sürünürəm,
Mələk, iblis donu geyib al qumaşa bürünürəm.
İlan
dili çıxarmaqdan acılaşıb dilim-ağzım,
Sözümə də daha baxmır səs tellərim,
kal boğazım.
Döymədiyim
qapı qalmır, getmədiyim ocaq başı,
Sanki bir əl yuxarıdan qəsdə durub mənə
qarşı.
Hansı
qulpdan yapışıram, əlim qalır sonda boşda,
- Gecikmisən, Ramiq Muxtar, bizə
lazım olan yaşda,
Bu səs
mənə tanış gəldi,
döndüm geri,
Gördüm bic-bic gülümsəyir xalq sevməyən
xalq şairi.
- Bu yol beşikdən başlanır,
çağa dövrün keçməmisən.
Bizim kimi
"Malış", "Smes", paraşok süd içməmisən,
Ana
südü içənlərdən tam peşəkar yaltaq
olmaz,
Olsa da, o yaltaqların bu həyatda izi qalmaz.
Vallah, qardaş, cərgəmizdə yox bir dənə
boş yerimiz.
Ya da gözlə, növbəyə dur, rəhmətə
gedək birimiz.
Şeyx Nəsrullah:
bu şairi keçirin cənnətə! Sənə
haqsızlıq ediblər. Sndən daha ümidverici yaltaq
ola bilər.
Müəllifdən:
Hörmətli oxucular, mənim bu yuxulardan başqa iki yuxum da
vardır. Lakin o yuxuları dərc etdirmək
istəmirəm. Çünki "Səs"
qəzeti redaksiyası haqsız hücumlara məruz qala bilər.
O iki yuxunu mənim bu yaxınlarda dərc olunacaq "Mənim
oyaq yuxularım" sənədli povestimdə oxuya biləcəksiz. Kitabın qiyməti məmurlara
100 manat, əmək haqqından şikayət edən millət
vəkillərinə isə pulsuzdur.
Hörmətlə, Ramiq Muxtar
Səs.-
2016.- 15 dekabr .- S.13