Yaponiya mediası Dağlıq Qarabağ
münaqişəsindən yazıb
Yaponiyanın ən çox oxunan qəzetlərindən biri olmaqla, gündəlik 700 mindən çox tirajla (səhər buraxılışı 510, 994, axşam buraxılışı 192, 095) çap olunan "Tokio" (Tokyo Şimbun) qəzetinin səhər buraxılışında həmyerlimiz, Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorant tələbəsi, konfliktologiya elmində araşdırmalar aparan Əlibəy Məmmədovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eyni zamanda, Rusiya və Yaponiyanın ərazi problemi olan Cənubi Kurillə bağlı geniş müsahibəsi yer alıb. Diaspor Jurnalistlər Birliyindən "Səs" qəzetinə verilən məlumata istinadən, müsahibədə əsas diqqət Dağlıq Qarabağ ətrafında aprel ayında baş vermiş 4 günlük müharibə, azərbaycanlı ziyalıların, məcburi köçkünlərin problemlə bağlı düşüncələri, öz doğma yurd-yuvalarına qayıtmaq əzmində olmaları, eyni zamanda, Kuril adalarından qovulmuş yaponiyalı keçmiş ada sakinləri ilə bağlı həmyerlimizin araşdırmalarının nəticələri yer alıb.
Məqalədə qeyd olunur ki, Əlibəy Məmmədov özü uşaqlıqda təxminən 7 ilə yaxın məcburi köçkün düşərgəsində yaşayıb, köçkünlərin ağrı-acılarını görə-görə, hiss edə-edə böyüyüb: "Müharibənin sülh yolu ilə həlli haqqında düşündüyü bir zamanda, Cənubi Kuril adaları problemi və oranın yaponiyalı ada sakinləri haqqında biliklər əldə etdikdə, yaponların da azərbaycanlılar kimi öz yurd-yuvalarından qovulduqlarının fərqinə varmışdır. Bu onda dərin təəssürat yaratmışdır".
Müsahibədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olması, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın milyona yaxın qaçqın və məcburi köçkününün olması açıq şəkildə qeyd edilib. Müsahibə ilə bağlı Əlibəy Məmmədov qeyd etmişdir ki, Tokioda belə bir qəzetdə Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağla bağlı geniş, Azərbaycanın haqlı mövqeyindən çıxış edən məqalənin yer alması, təkcə bir azərbaycanlının deyil, həm də bütöv Azərbaycanın və dünya azərbaycanlılarının uğuru kimi qələmə alınmalıdır. Onu da qeyd edək ki, həmyerlimiz hər iki münaqişədən bəhs edən digər bir məqaləsi noyabr ayının 17-də gündəlik iki milyona yaxın tirajla çıxan Hokkaydo qəzetində də yer almış və geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. Ə.Məmmədov bildirib ki, bundan sonra da ən ali səviyyələrdə Azərbaycanın haqq səsinin elmi yolla yaponiyalıların diqqətinə çatdırmağa davam edəcəkdir.
NƏZAKƏT
Səs.-
2016.-20 dekabr.- S.11.