Moskvada Ümumrusiya Azərbaycanlıları
Konqresinin IV Qurultayı keçirilib
Dekabrın 28-də Moskvanın “Ukrayna” otelində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi, həmçinin Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Qurultay Rusiya və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlandı.
ÜAK-ın ötən illər ərzində fəaliyyəti barədə videoçarx nümayiş etdirildi.
Qurultayı giriş sözü ilə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV açdı.
Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu. (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).
Azərbaycan Prezidentinin köməkçisi qurultayda çıxış etdi.
Ümumrusiya Azərbaycanlıları Konqresinin IV Qurultayının bu ölkədə yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da dərinləşməsinə xidmət edəcəyini bildirən Əli Həsənov ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki xidmətlərini xatırladıb, Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə diaspor təşkilatlarının inkişafının əsas vektorlarını və fəaliyyət perspektivlərini müəyyən edən Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini, bu işlə məşğul olan Dövlət Komitəsinin təsis olunduğunu, dünyanın bütün ölkələrində həmvətənlər təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıldığını diqqətə çatdırdı.
Konqresin mühüm işlər gördüyünü vurğulayan professor Əli Həsənov mövcud olduğu illər ərzində ÜAK-ın nüfuzlu ictimai təşkilata çevrildiyini, milli multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini, xeyriyyə aksiyalarında iştirak etdiyini, təhsil və mədəniyyət sahələrində layihələr həyata keçirdiyini dedi.
“Azərbaycanlıların gənc nəsli də ÜAK-ın diqqət mərkəzindədir. Konqres Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə yönəlmiş layihələr həyata keçirir. Bu layihələr gəncləri xalqlarımızın tarixi və mədəniyyəti ilə yaxından tanış edir. Konqres həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə fəal əməkdaşlıq edir”, - deyən Əli Həsənov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb, həmişə qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və mehriban qonşuluq xarakteri daşıyıb. Müasir mərhələdə əlaqələrimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişlənməsinə, tərəfdaşlığın möhkəmlənməsinə xüsusi önəm verirlər.
Azərbaycan diasporu nümayəndələrinin milli identikliyi və mənəvi dəyərləri qoruyub saxlamaqla Rusiya cəmiyyətinə inteqrasiya etdiklərini bildirən Prezidentin köməkçisi deyib ki, bu insanlar həm onlar üçün ikinci vətən olan ölkənin firavanlaşmasında, həm də xalqımızın müsbət imicinin formalaşmasında maraqlı olan, Azərbaycanı ləyaqətlə təmsil edən əsl quruculardır.
Konqresin IV Qurultayının həm Azərbaycanın, həm də Rusiyanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin tamam olduğu ildə keçirildiyini diqqətə çatdıran professor Əli Həsənov bildirib ki, ölkəmiz bu yubileyi iqtisadi, sosial və siyasi sahələrdə böyük uğurlarla qeyd edib. Müstəqillik illərində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, dünya birliyinin tərkib hissəsinə çevrilib. Biz bununla fəxr edirik.
Ümumrusiya Azərbaycanlıları Konqresinə uğurlar arzulayan Prezidentin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə işlərinizdə uğurlar və nəzərdə tutulan hədəflərə nail olmağı diləyirəm”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında bildirdi ki, qurultay Ümumrusiya Azərbaycanlıları Konqresinin ötən illər ərzində fəaliyyətinə qiymət verəcək, eləcə də gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirəcək. Qurultayda Rusiyanın bütün bölgələrindən nüfuzlu azərbaycanlılar toplaşıblar. N.İbrahimov vurğuladı ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasəti həyata keçirir. Bu siyasətin əsası ondan ibarətdir ki, harada yaşamasından və işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsində dəyərləndirilir. “Diaspor üzvləri Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün çox işlər görürlər. Dövlət Komitəsinin başlıca vəzifəsi isə dövlətlərin daxili işlərinə qarışmadan diaspor təşkilatlarının fəaliyyətinə dəstək olmaqdır”, - deyən N.İbrahimov ÜAK-ın yeni seçiləcək heyətinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışında diasporumuzun həm siyasi, həm də ictimai sahələrdə vəzifələrinin dəqiq müəyyən edildiyini bildirib. Qurultayda Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı Prezident İlham Əliyevin diasporun işinə verdiyi böyük önəmin göstəricisidir. Səfir Ulu Öndərin xaricdə yaşayan azərbaycanlılara tövsiyəsini xatırlatdı: “Harada yaşamağınızdan asılı olmayaraq unutmayın ki, siz azərbaycanlısınız”. Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılarla iş sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Fondun Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini xüsusi vurğuladı.
Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev qurultayın gündəliyindəki məsələlər barədə məlumat verdi, konqresin hesabat məruzəsi ilə çıxış etdi.
Sonra ÜAK-ın 5 il ərzində gördüyü işlər haqqında hesabatlar dinlənildi, məruzə ətrafında çıxışlar oldu. Qurultayda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr aparıldı.
Sonra Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi seçildi. Tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov Ümumrusiya Azərbaycanlıları Konqresinin yeni prezidenti seçildi.
F.Qurbanov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirdi ki, ÜAK kimi böyük diaspor təşkilatına rəhbərlik etmək çox məsuliyyətli işdir. ÜAK-ın Azərbaycan ilə Rusiya arasında mehriban dostluq münasibətlərinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyini qeyd edən F.Qurbanov qarşıda duran əsas vəzifələrdən danışaraq dedi ki, yeni tərkibdə ÜAK-ın əsas məqsədlərindən biri Rusiya regionlarındakı bölmələrlə əlaqələri genişləndirmək, problemləri ən yüksək səviyyədə həll etməyə səy göstərməkdir.Qurultayda elan olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fazil Qurbanov Azərbaycanın “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb. F.Qurbanov onun fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.ÜAK-ın vitse-prezidenti vəzifəsinə 10 nəfər seçildi. Onlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.Qurultayda ÜAK-ın Rəyasət Heyətinə 40 nəfər və Mərkəzi Şurasına 160 nəfər üzv seçildi.Qurultayda Ümumrusiya Azərbaycanlıları Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olundu.
Səs.-
2016.- 29 dekabr.- S.7