Prezident İlham Əliyev Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, 2003-cü ildən fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin binasında indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatdırılıb.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqlara qayğısını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə var. Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə 3 şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir.
Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edəcək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərəcəklər. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb, buradakı siniflər, məşğələ və həkim müayinə otaqları sağlamlıq imkanları məhdud uşaqların çəkdiyi rəsmlərlə bəzədilib.
Bu mərkəz yarandığı vaxtdan respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsini yüksək peşəkarlıqla həyata keçirir.
İndiyə qədər bu müəssisədə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa reabilitasiya xidməti göstərilib. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.
Qeyd edək ki, ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini aydın nümayiş etdirir. Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir.
Uşaq Bərpa Mərkəzində reabilitasiya
planına uyğun olaraq
xəstələrin kompleks
şəkildə müalicəsi aparılır. Buraya müalicəvi
bədən tərbiyəsi, fizioterapiya,
masaj, hovuz müalicəsi, psixoterapiya,
loqoped işi, əmək terapiyası, musiqi
terapiyası və əl əməyi
işi aiddir. Tədris-peşə reabilitasiyası mərkəzin fəaliyyətində xüsusi
əhəmiyyət daşıyır.
Burada müəyyən tədris metodikaları həyata keçirilir,
musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası əsasında sağlamlıq
imkanları məhdud
uşaqlara xüsusi vərdişlər
aşılanır. Bu kateqoriyaya
aid uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq
xüsusi bacarıq nümayiş
etdirirlər. Uşaq Bərpa Mərkəzi mütəmadi
olaraq Uşaq Nevroloji Xəstəxanası, Uşaq Klinik Xəstəxanası, Uşaq
Ruhi-Əsəb Dispanseri, Protez və Ortopediya
Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, həmçinin
rayon və
şəhər uşaq
tibb müəssisələri ilə
sıx əlaqə saxlayır. Mərkəz uşaq əlilliyi
reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları
hazırlayır və
təcrübədə müvəffəqiyyətlə həyata
keçirir. Bundan başqa, mərkəzin həkim və tibb
personalı vaxtaşırı xarici
ölkələrdə təkmilləşmə kursuna
cəlb olunur, bilik və
bacarıqlarını artırırlar. Uşaq
Bərpa Mərkəzində
yenidənqurmadan sonra yaradılan şərait
sağlamlıq imkanları məhdud
insanların dövlətin
diqqət və qayğısı
ilə əhatə olunduğunu
bir daha nümayiş etdirir. Mərkəzin həyətində geniş
yaşıllaşdırma işləri
görülüb, uşaqların təmiz havada
gəzinti və istirahəti üçün
bütün şərait
yaradılıb.
Səs.-
2016.- 30 dekabr.- S.3.