Heydər Əliyev Fondu uşaqlar
üçün ənənəvi bayram sənliyi təşkil edib
Mehriban Əliyeva: “Mən çox şadam ki, bu gün biz böyük bir ailə, ən əziz insanlar kimi 2017-ci ili birgə qarşılayırıq”
Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.
Uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərində tərbiyə alan, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Psixonevroloji Mərkəzin azyaşlı sakinləri üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.
Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda balacalar üçün qurulan və əsl bayram əhvali-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.
Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, Bakının 1 və 2 saylı uşaq evlərinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.
Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.
2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı dəfələrlə “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, “Uşaq evlərinin və internat məktəblərin inkişafı” Proqramı çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqlarla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinətinə çevrilən ali dəyərlərdən sayılır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 12 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi:
-Hörmətli müəllimlər, çox hörmətli valideynlər, hörmətli sənətçilər, əziz uşaqlar.
2016-cı
il son günlərini yaşayır. Biz bu gün yeni 2017-ci ili birgə qarşılayırıq. Mən çox şadam ki, artıq 12 ildir Heydər
Əliyev Fondu paytaxtımızda
yerləşən bütün uşaq evlərində, internat məktəblərində
yaşayan, tərbiyə və
təhsil
alan uşaqlar üçün yeni il şənlikləri təşkil
edir. Yeni il həm uşaqların, həm də
böyüklərin
ən sevimli bayramlarından biridir. Adətən bu bayramı insanlar doğmaları və
əzizləri ilə
bərabər qeyd edirlər.
Mən
çox şadam ki, bu gün
biz böyük bir ailə,
ən əziz insanlar kimi 2017-ci ili birgə qarşılayırıq.
Əziz uşaqlar, ömrünüzün
bu çağında
sizin ən əsas vəzifəniz
yaxşı oxumaqdır,
bilik, savad qazanmaqdır. Mən ümidvaram
ki, siz bu
ili yaxşı
qiymətlərlə və ən əsası
da yeni biliklərlə başa çatdırırsınız. Sizin qarşınızda böyük
ömür yolu var. Bu
ömür yolunda layiqli, sağlam, savadlı, bacarıqlı
vətənpərvər
insan olmaq üçün bu gün tam gücünüzlə təhsil
alıb oxumalısınız.
Bu yolda sizə müəllimləriniz kömək
edir. Bu gün
Azərbaycanın
bütün müəllimlərinin əməyini qeyd etmək
istəyirəm. Bütün peşələr dəyərlidir, qiymətlidir,
gözəldir.
Lakin müəllimlik
elə
bir peşədir ki, onun məhsulu insandır. Biz bilirik
ki, hər bir ölkənin,
hər
bir cəmiyyətin
gələcəyi onun yeni nəslindən asılıdır.
Ona görə
müəllimlik
ən
müqəddəs, ən
şərəfli peşədir.
Təkcə hansısa bir
fənni
tədris
etməklə, bilik verməklə müəllimin
vəzifəsi bitmir. Müəllim səylərini yüksək
mədəniyyətə, milli-mənəvi dəyərlərə, geniş dünyagörüşünə malik olan, xalqa,
Vətənə layiqli, vətənpərvər
vətəndaş böyütməyə yönəldir.
Mən əminəm ki, əziz
uşaqlar, siz məhz
belə
insanlar kimi böyüyəcəksiniz. Bizim arzumuz sizləri mənəvi və fiziki sağlam, savadlı, bilikli, mədəniyyətli, güclü, iradəli vətənpərvər
görməkdir.
Siz müstəqil
Azərbaycanda
doğulmusunuz və müstəqil
Azərbaycanda
böyüyürsünüz. Bu, sizin ən böyük xoşbəxtliyinizdir.
Ötən 2016-cı ildə
Azərbaycan
müstəqilliyinin
bərpa
olunmasının 25-ci ildönümünü
qeyd etdi. Bu, bizim ən
böyük sərvətimizdir. Azərbaycan bu illər ərzində böyük və şərəfli yol keçib, böyük nailiyyətlər əldə edib, böyük qələbələrə imza atıb. Biz fəxr
edirik ki, Azərbaycan
müstəqil,
qüdrətli,
dünya xəritəsində öz layiqli yerini tutmuş, öz sözünü söyləyən və
maraqlarını qoruyan
bir dövlətdir. Ötən
il yaddaşımızda
həm
xoş anlarla, yeni nailiyyətlərlə, yeni qələbələrlə, həm
də
çətinliklərlə, çətin anlarla, itkilərlə
qalacaq.
Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyünün bərpası, ölkəmizin
daha qüdrətli, daha möhkəm olması
yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət
eləsin. Onların əziz xatirəsi
Azərbaycan
xalqının qəlbində daim yaşayacaq. Siz gənc
nəsil
onların əməllərini,
ideyalarını həyata keçirəcəksiniz.
Mən bu gün artıq 12 ildir ki, bizim
bu şənliklərə dəstək verən
Azərbaycanın
sənət adamlarına, bütün müğənnilərə, artistlərə öz dərin
minnətdarlığımı
bildirirəm. Mən sizə
Yeni ildə cansağlığı,
yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər arzulayıram. Qoy, Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə yaşasın, daim yaşasın, güclənsin! Çox sağ olun, sizi təbrik edirəm.
* * *
Beləliklə, Heydər Əliyev Fondunun
həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir
hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi.
Şənliyin sonunda hər
bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim
olundu. Fondun balacalara hədiyyə etdiyi
və iki gün davam
edən bu bayram şənliyi uşaqların
yaddaşında silinməz
iz qoydu.
Səs.-
2016.- 30 dekabr.- S.5.