Sığınacaq hüququ və insan
hüquqları
Müasir qloballaşma şəraitində təkcə ayrı-ayrı dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydan oxuyan təhlükə kimi qiymətləndirilən və beynəlxalq cinayət olaraq tövsif edilən beynəlxalq terrorizmin yeni prinsipial xüsusiyyətlərini müəyyənləşdirərkən "terrorizmə dəstək" (Narbouring of terrorizm) və "terrorizmə bəraət" (Apoogising of terrorizm) kimi tanınan dövlət siyasətinin mövcudluğu faktı ilə rastlaşırıq. N.Abbasov yazır: "Belə siyasət yeridən dövlətlər terrorizmə bəraət qazandırılması məqsədilə çirkin təbliğat kampaniyalarının təşkilini dəstəkləməklə yanaşı, digər ölkələrdə terror aktları törətdikdən sonra bu kimi şəxslərə sığınacaq verir, eyni zamanda, terrorçuların istirahəti və müalicəsi üçün hər cür şərait yaradırlar."
Beynəlxalq terrorçuların ədalət mühakiməsindən gizlədilməsinə xidmət edən və dövlətin sığınacaq vermək hüququnun həyata keçirilməsi pərdəsi altında gizlədilən bu cür hərəkətlər, əslində, "Ərazi Sığınacağı haqqında" 1967-ci il Bəyannaməsinin preambulasında göstərildiyi kimi, "şəxsə ərazi sığınacağının təqdim olunması sülh və humanizm aktıdır" fikrinin özünü şübhə altına alır və beynəlxalq sülh və təhlükəsizliyə real təhlükə yaradır. Faktlar göstərir ki, 80-ci illərin axırları, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistan beynəlxalq erməni terrorçu qruplaşmaları fəallarına öz ərazisində sığınacaq verərək, onlara bəraət qazandırmaqla bir daha özünün dövlət terrorizmi siyasəti yeritdiyini təsdiq etmişdir. Müharibə elan edilməsinin beynəlxalq hüquqi nəticələrini dərk edən Ermənistan dövlət terrorizmi siyasəti vasitəsilə gizli təcavüzə başlamışdır. 1993-cü ilədək Azərbaycan ərazisinin 20%-i zəbt olunmuş və həmin ərazilər indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdə hər şey dağılıb, talan edilib, yerlə yeksan olunub. 900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 600-dək məktəb, 200 tibb məntəqəsi, bütün muzeylər, tarix və mədəniyyət abidələri məhv edilibdir.
Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı həlak olub, 200 mindən çox adam yaralanıb və əlil olub, minlərlə adam əsir düşüb, girov götürülüb, itkin düşüb. Bir milyona yaxın azərbaycanlı, yəni ölkənin hər səkkiz vətəndaşından biri öz torpağından məhrum olubdur.
İ.Əliyev göstərir ki, faktlardan göründüyü kimi, beynəlxalq terrorizm və Ermənistan Respublikası tərəfindən həyata keçirilən dövlət terrorizmi siyasətindən ciddi zərər çəkmiş Azərbaycan Respublikası birinci ilə müqayisədə həm qarşılıqlı informasiya fəaliyyəti baxımından, həm də beynəlxalq terror infrastrukturları fəallarının ifşa edilərək digər ölkələrə verilməsi yolu ilə antiterror koalisiyasının əməliyyatlarında fəal iştirak edir. N.Abbasov yazır: "Son illərdə Azərbaycan Respublikasının ərazisində PKK-nın 33 nümayəndəsi tutulmuş və bunlardan 14 nəfəri Türkiyəyə, 1 nəfəri Qazaxıstana və 1 nəfəri Rusiya Federasiyasına ekstradisiya edilmişdir. Təkcə 11 sentyabr hadisələrindən sonrakı dövrdə beynəlxalq terrorizmlə əlaqəsi olan 31 xarici vətəndaş həbs edilmiş və ekstradisiya qaydasında xarici tərəfdaşlara təhvil verilmişdir".
Bütövlükdə sığınacaq verilməsi bir sıra hüquqi nəticələr doğurur. Bu hüquqi nəticələrə misal kimi himayədar dövlətə giriş və yerləşməyə icazə verilməsi, təhlükəsiz yaşamaq hüququ, şəxsin təqibə məruz qala biləcəyi dövlətə verilməməsi və sürgün edilməməsini qeyd etmək olar. Belə ki, "Ərazi Sığınacağı haqqında" Bəyannamədə nəzərdə tutulur ki, sığınacaq hüququ əldə etməyə haqqı olan şəxsə münasibətdə sərhədi keçməyə icazə verilməsini rədd etmək, yaxud o, artıq sığınacaq axtardığı əraziyə giribsə, onu oradan çıxarmaq, yaxud zorla bu şəxsin təqibə məruz qala biləcəyi hər hansı ölkəyə qaytarmaq kimi tədbirlər tətbiq edilməməlidir (maddə 3(1)). Göstərilən prinsipdən yalnız, həlledici əhəmiyyətə malik olan milli təhlükəsizlik mülahizələrinə görə və ya əhalinin müdafiəsi məqsədilə (məsələn, insanların kütləvi axını hallarındakı kimi) istisna edilə bilər.
L.Qadenskayanın fikrincə, sığınacaq huququnun tətbiqi bir sıra hüquqi nəticələrlə müşayiət olunur. Onlardan biri də sığınacaq verən dövlətin müvafiq şəxsi verməmə öhdəliyidir. Məhz bu əsasdan da, demək olar ki, verilmədən imtina sığınacaq hüququnun mühüm tərkib elementidir. Belə ki, sığınacaq əldə edən şəxs, eyni zamanda verilməmə hüququ qazanmış olur. Təsadüfi deyildir ki, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının qanunvericilik təcrübəsində sığınacaq hüququ ilə bağlı verilmədən imtinanın əsası olduğu təsbit edilmişdir. "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının 15 may 2001-ci il tarixli qanununun 3-cü maddəsinin 1(3)-ci bəndində göstərilir ki, sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada siyasi sığınacaq verildikdə, şəxsin verilməsindən imtina edilir. Hüquq pozuntusunun şəxsiyyət göstəricisi ilə əlaqədar olan ekstradisiyadan imtinanın bu əsasının imperativ əsaslar sırasında Azərbaycan Respublikası qanunvericiliyində təsbit olunması təqdirəlayiq haldır.
N.Səfərov yazır: "Sığınacaq hüququnun məzmunu və mahiyyəti məhz fərdin ona sığınacaq verən dövlətin ərazisində təqibdən müdafiə olunmasından ibarətdir və bu müdafiəyə şəxsin deportasiya və ekstradisiyadan müdafiə olunması, həmçinin ona əsas insan hüquqlarının verilməsi və bu hüquqlardan istifadə imkanının yaradılması daxildir".
İ.Lukaşuk və A.Naumov yazırlar: "Verilməsi sorğu edilən şəxsin siyasi xarakterli cinayət törətdiyi hallarda da verilmədən imtina edilə bilər. Verilmədən imtinanın bu qaydası sığınacaq hüququnun verilməsi ilə sıx bağlıdır".
Müasir anlamda başa düşülən cinayətkarların verilməsi institutundan ümumi cinayətkarlıqla mübarizə sahəsində istifadə XIX əsrin I yarısından başlayaraq beynəlxalq hüquq və məhkəmə təcrübəsində daha geniş yayılmışdır. Beynəlxalq və milli hüququn inkişaf tendensiyası ardıcıl olaraq siyasi xarakterli əməllərin ekstradisiyanın tətbiqi sahəsindən kənarlaşdırılmasına gətirib çıxarmışdır. Bu da hər şeydən öncə, artıq qeyd edildiyi kimi, bütövlükdə verilmə institutunun demokratikləşmə və insan hüquqlarının müdafiəsi tarixi tendensiyasına uyğun olaraq inkişaf etməsi ilə izah olunmalıdır.
İlk dəfə siyasi cinayətkarların verilməməsi qaydası Fransa və İsveç arasında 1831-ci ildə imzalanmış müqavilədə nəzərdə tutulmuşdur. Cinayətkarların verilməsi haqqında ilk milli qanun 1833-cü ildə Belçikada qəbul edilmişdir. Qanunda verilmə tələbi üçün əsas olan cinayətlərin siyahısı sadalanmış və siyasi xarakterli cinayətləri törətməyə görə təqib olunan şəxslərin verilməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bunun ardınca Böyük Britaniya (1870), Hollandiya (1875), Fransa (1927), Almaniya (1929) da analoji qaydanı öz qanunvericiliyinə daxil ediblər.
İ.Əliyev qeyd edir ki, siyasi cinayət törətmiş şəxslərin verilməməsi prinsipi bir çox ölkələrdə konstitusion norma səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Konstitusiyası birbaşa müəyyən edir ki, siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir (maddə 70(2)). Analoji müddəa Rusiya Federasiyası (maddə 63(2)) və Gürcüstan Respublikası konstitusiyalarında da (maddə 47(3)) nəzərdə tutulmuşdur.
Müasir dövrdə siyasi xarakterli cinayətləri törətməyə görə şəxsin verilməməsi prinsipi bir sıra çoxtərəfli konvensiyalarda, ikitərəfli müqavilələrdə və milli qanunvericilikdə təsbit edilmişdir. Bununla belə, beynəlxalq hüquq ədəbiyyatlarında siyasi cinayətkarların verilməməsi məsələsinə dair müxtəlif fikirlər vardır.
V.Kudryavseva göstərir ki, ayrı-ayrı alimlər, eləcə də Beynəlxalq Hüquq İnstitutu tərəfindən siyasi cinayətin dəqiq anlayışını vermək üçün dəfələrlə cəhd edilmişdir. Bununla yanaşı, şəxsin törətmiş olduğu siyasi cinayətin ümumi cinayətlə qarışıq olduğu zaman verilib-verilməmə məsələsinin həll edilməsi də mühüm əhəmiyyət kəsb edir. Lakin bu məsələlərin həlli ilə bağlı nə nəzəriyyədə, nə də təcrübədə vahid yanaşma mövcud deyildir.
Odur ki, istər beynəlxalq, istərsə də dövlətdaxili səviyyədə qanunilik və hüquq qaydasının qorunub saxlanılması ümumi cinayətlər və siyasi xarakterli cinayətlər arasında dəqiq sərhədin müəyyənləşdirilməsini tələb edir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 30 yanvar.- S.15