II Beynəlxalq Mədəni
İrs və Turizm Forumu keçirilib
Fevral ayının 1-də MİRAS İctimai Birliyinin hesabat yığıncağı çərçivəsində YOCOCU Mədəni İrsin Konvensiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla yanaşı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Qafar Cəbiyev və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Murat Karaçanta da iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini, ölkəmizin milli və mədəni irsinin qorunması və səmərəli idarə edilməsinin vacibliyindən danışmış, milli və mədəni irsin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən təsdiq edilmiş sərəncam və fərmanlar, eləcə də buna dair görülmüş işlər barəsində ətraflı məlumat verib.
Milli və mədəni irsin beynəlxalq arenada tanıdılması və qorunması məsələsinin əhəmiyyətini vurğulayan nazir müavini, ölkəmizin 24 ilə yaxın UNESCO-nun üzvü olduğunu və həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimizin genişləndiyini, bu əlaqələrin məntiqi nəticəsi olaraq, hazırda Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunduğunu xatırladıb. N. Səmədov bu sahədə görülmüş işlərə dair Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın xüsusi rolunu da qeyd edib.
Daha sonra mədəni irsin turizm sahəsinin inkişafında oynadığı rol haqqında bəhs edən N. Səmədov, Azərbaycanda son dövrlər turizmin digər növləri ilə yanaşı, mədəni turizmin inkişafına xüsusi önəm verildiyini xüsusi qeyd edib.
Tədbirin sonunda, MİRAS İctimai Birliyinin həyata keçirdiyi «Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək» layihəsi və arxeoloji turizmə, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin idarə olunmasına yaxından dəstək göstərdiyi üçün nazir müavini N. Səmədova birliyin təsis etdiyi MİRAS mükafatı təqdim edilib.
ZÜMRÜD
Səs.- 2016.- 2 fevral.- S.4