Milli Məclisin yaz sessiyasının ilk iclası keçirildi

Parlamentdə Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

 Dünən Milli Məclisin yaz sessiyasının ilk iclası keçirildi. Yaz sessiyası spiker Oqtay Əsədov tərəfindən açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi. Bunun ardınca Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkilləri dünyasını dəyişən dörd çağırış Milli Məclisin deputatı olmuş, siyasi xadimakademik Cəlal Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Qeyd edək ki, iclasın gündəliyinə 26 məsələ salınmışdı. Əvvəlcə Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edildi, parlamentin komitələrinin yeni üzvləri seçildi.

 Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları təsdiqlənib

 "Azərbaycan Respublikası Milli Məclisi İntizam Komissiyasının təşkil edilməsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında" sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olunub. Əsas yenilik isə odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək.

Müzakirə zamanı YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə buna etirazını bildirib: "Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə, bu, düzgün deyil".

 Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmadığını bildirib: "Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heçyoxdur".

 Qeyd edək ki, İntizam Komissiyasının tərkibinə deputat Kamran Nəbizadənin adı əlavə edilib.

 Komissiyaların tərkibi isə belədir:

 İntizam Komissiyası: Abıyev Ağacan Qulam oğlu, İbrahimqızı Məlahət İbrahim qızı, Fətiyev Xanlar Nuru oğlu, Kazımov Mirkazım Məhəmməd oğlu, Möhbalıyev Səttar Suliddin oğlu, Mustafa Fazil Qəzənfər oğlu, Nəbizadə Kamran Telman oğlu

 Hesablayıcı komissiyası: Heydərov Fəttah Səməd oğlu, Vəliyeva Sədaqət Süleyman qızı, Həsənquliyev Qüdrət Müzəffər oğlu, Hüseynov Rafael Baba oğlu, Kazımlı Xanhüseyn Hüseynağa oğlu, Orucov Zahid Məhərrəm oğlu, Zabelin Mixail Yuryeviç

 Milli Məclisin 2016-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi

 Sonra Milli Məclisin 2016-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Millət vəkilləri çıxışlarında təhlükəsizlik və müdafiə, sosial, təhsil və digər sahələrdə bəzi yeni hüquqi sənədlərin hazırlanıb qəbul edilməsini də təklif etdilər. Mənzil Məcəlləsinə, "Dərman vasitləri", "Məşğulluq" haqqında qanunlara, "Əhalinin sağlamlığının qorunması", "Ünvanlı dövlət sosial yadım" haqqında qanunlara dəyişikliklər edilməsinə dair təkliflər səsləndi.

Eləcə də, informasiya təhlükəsizliyi,  Azərbaycanın ermənilərin işğalı altında olan torpaqları ilə bağlı yeni qanun layihələrinin hazırlanması təklif olundu.

 Siyavuş Novruzov: "Mən Milli Məclisin İctimai Birliklər və Dini İcmalar Komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik"

 YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, bu qanun layihəsində kimsə Allahlıq edir. S.Novruzov onu da vurğulayıb ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər varonlar çıxarılmalıdır. O, qeyd edib ki, ünvanlı sosial yardıma baxış da dəyişməlidir: "Bu, o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu, insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Bu məsələyə baxış dəyişməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlir ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa, bu qrupp əhalini ələbaxımlılığa öyrətmək düzgün deyil".

 İnformasiya təhlükəsizliyi ilə bağlı Prezidentin Fərmanına diqqət çəkən S.Novruzovun sözlərinə görə, bununla bağlı bəzi qanunlara dəyişiklik edilməlidir: "Bir mənbə Azərbaycan Ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar ona istinadən yazı verironlarda yazı qalır. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edib. Bununla bağlı ciddi addımlar atılmalıdır".

 S.Novruzov "Siyasi partiyalar haqqında" qanuna müvafiq dəyişikliklərin edilməsini də istəyib: "Hazırda bizim komitə qanuna dəyişikliklər üzərində işləyir və hazır olduqdan sonra Milli Məclisə təqdim olunacaq. Büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Təəssüflər olsun ki, bir sıra siyasi partiyalar qanunda bununla bağlı göstərilən müddəlara əməl etmir. Çünki qanunda buna məcburetmə mexanizmi nəzərdə turulmayıb. Bu da qeyri-şəffaflıq yaradır".

Müzakirələrdən sonra Milli Məclisin 2016-cü il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi. Qanunvericilik işləri planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericlik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "İctimai nəzarət", "Silahlı qüvvələr və başqa silahlı birləşmələr", "Hərbi qulluqçuların statusu", "Daxili qoşunlaırn statusu", "Kənd təsərrüfatı kooperasiyası", "Hesablama Palatası", "Lisenziyalar və icazələr", "Ətraf mühitə təsirin qiymətləndirilməsi", "Elm", "Məktəbəqədər təhsil", "Kinematoqrafiya", "Reproduktiv sağlamlığın qorunması", "Psixoloji yardım", "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə","Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması" haqqında yeni qanun layihələri daxildir. Qanunvericilik işləri planına əsasən parlamentdə bəzi hüquqi sənədlərə dəyişikliklər və əlavələr edilməsi haqqında layihələrə də baxılacaq. Iclasda Azərbaycan və Gürcüstan Prezidentlərinin Birgə Bəyannaməsi, "Azərbaycanla Çinin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında" Birgə Bəyannamə, eləcə də "Azərbaycan və Çin Hökumətləri  arasında mülki hava nəqliyyatına dair" Saziş, "Məhkumların verilməsi haqqında" Müqavilə,  "Azərbaycan və Monteneqro Hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş təsdiqləndi. "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası"na qoşulmaq barədə qanun layihəsi qəbul olundu. Miqrasiya, Şəhərsalma və Tikinti, İnzibati-Xətalar  Məcəllələrinə dəyişikliklər edildi. Milli Məclis polis əməkdaşlarının, əməliyyat-axtarış subyektlərinin qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədilə "Polis",  "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunlara, Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər etdi.

Bunula da Milli Məclisin yaz sessiyasının ilk iclası sona çatdı.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2016.- 2 fevral.-S.5