Ekstradisiya təsisatı və insan
hüquqları
Müasir dünya özünün bütün müxtəlifliyi və ziddiyyətlərilə yanaşı, bir sıra ümumi problem və məsələlərlə rastlaşır ki, onların da həlli yalnız dövlətlərin əməkdaşlığı sayəsində mümkündür.
İsmayıl Əliyev yazır: "Hazırda ümumi sosial hadisə olan cinayətkarlıq dövlət sərhədlərini aşmış və ümumdünya miqyaslı problemə çevrilmişdir. Belə ki, ayrı-ayrı ölkələrin mütəşəkkil qrupları arasında sıx əlaqələr yaranmış, bir ölkə ərazisində cinayət törətmiş cinayətkarlar yaşayış yerini tez-tez dəyişir, havadarlarından dəstək və yardım almaqla digər ölkə ərazisində gizlənirlər. Eyni zamanda, bir sıra dövlətlərin ayrı-ayrı cinayətkarları verməməyə can atması və həmin şəxslərə sığınacaq verməsi müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə işini çətinləşdirir. Bütün bu çətinliklərə və ziddiyyətlərə baxmayaraq, görünür ki, beynəlxalq cinayətkarlıqla mübarizədə ekstradisiya institutu olmadan keçinmək qeyri-mümkündür. Bütün bunlar ekstradisiya problemini son dərəcə aktuallaşdırır və burada daha çox diqqəti çəkən məqam bu təsisatın sığınacaq hüququ ilə qarşılıqlı əlaqəsi məsələsidir".
İ.Karpes yazır: "Cinayət törətmiş şəxslərin verilməsi institutu sığınacaq təsisatı ilə qarşılıqlı əlaqəli olmasına baxmayaraq, onlar beynəlxalq və daxili hüququn ayrı-ayrı təsisatıdır". Bu anlayışların hər biri, eyni zamanda həm beynəlxalq, həm də dövlətdaxil hüququn institutları kimi çıxış edir. İ.Lukaşuk və A.Naumovun fikrincə, birinci halda beynəlxalq - hüquqi, ikinci halda isə dövlətdaxili hüquq normalarının məcmusundan söhbət gedir. Ekstradisiya institutu, ilk növbədə dövlətlərin cinayətkarlığa qarşı mübarizələrinin hüquqi yardım forması kimi təzahür edərək insan hüquqlarının müdafiəsini yalnız əlavə kimi özündə əks etdirir. Sığınacaq institutu isə ilk əvvəldən insan hüquqlarının müdafiəsini qarşıya məqsəd qoymuşdur. Bütün bu deyilənlərlə yanaşı, müasir anlamda başa düşülən cinayətkarların verilməsi institutunun inkişafının demokratikləşmə və insan hüquqlarının müdafiəsi tarixi tendensiyasına müvafiq baş verdiyini də nəzərdən qaçırmaq olmaz. Hazırkı dövrdə siyasi cinayətkarların verilməməsinin bir normaya çevrilməsi bunun bariz nümunəsidir.
Cinayətkarların verilməsi və sığınacaq institutları arasındakı fərqlər, həmçinin onların istər beynəlxalq hüquqda, istərsə də dövlətdaxili hüquqda əks olunduqları normalarda özünü büruzə verir. Belə ki, cinayət törətmiş şəxslərin verilməsi təsisatı "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" 1957-ci il Avropa Konvensiyası və ona əlavə protokollar, BMT çərçivəsində 1990-cı il dekabrın 14-də qəbul olunmuş "Ümumi Müqavilə", MDB çərçivəsində 22 yanvar 1993-cü ildə qəbul olunmuş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında" Konvensiya (Azərbaycan Respublikası 1 sentyabr 1995-ci ildə ratifikasiya edib), Benilüks ölkələri arasında 1962-ci ildə imzalanmış ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Konvensiya, Amerika dövlətləri arasında 7 fevral 1973-cü il tarixdə imzalanmış ekstradisiya haqqında Konvensiya digər regional və ikitərəfli müqavilələr ilə tənzimləndiyi halda, sığınacaq institutu 1948-ci il İnsan Hüquqlarının Ümumi Bəyannaməsi (maddə 14), 1967-ci il Ərazi Sığınacağı Haqqında Ümumi Bəyannamə", "İnsan Hüquqları haqqında 22 noyabr 1968- ci il Amerika Konvensiyası" (maddə 22), "İnsan və Xalqların Hüquqları haqqında 1981-ci il Afrika Xartiyası" (maddə 12) və sair beynəlxalq universal və reginol sənədlərdə nəzərdə tutulmuşdur. Bununla belə, beynəlxalq hüquqda sığınacaq hüququ məsələsini tənzimləyən vahid məcəllələşdirilmiş sənəd mövcud deyildir. Bu sahədəki mövcud normalar tövsiyə xarakteri daşıyır. Hətta Beynəlxalq Hüquq Komissiyasının ciddi səylərinə baxmayaraq, sığınacaq hüququnun məcəllələşdirilməsi mümkün olmayıb və nəticədə yalnız BMT Baş Məclisinin 2312 saylı (XXII) 14 dekabr 1967-ci il tarixli qətnaməsi ilə "Ərazi Sığınacağı haqqında Bəyannamə" qəbul edilmişdir.
P.Kuris yazır: "Ayrı-ayrı normalarla nizama salındıqlarına baxmayaraq, hər iki təsisat bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Cinayət törətmiş şəxslərin verilməsi və sığınacaq institutlarının qarşılıqlı əlaqəsini geniş şərh etməzdən əvvəl, sığınacaq hüququnun özünün məzmununun açılması məqsədəmüvafiq olardı. Sığınacaq, dövlət suverenliyinə əsaslanan müstəqil hüquqi institut olub, yerləşmə dövlətinin öz dövlətində siyasi, dini və ya digər motivlərə görə təqibə məruz qalan xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərə himayədarlıq etməsini özündə əks etdirir".
Lətif Hüseynov yazır: "Bir sıra ədəbiyyatlarda, o cümlədən beynəlxalq təcrübədə və milli qanunvericilikdə hüquqi institut kimi sığınacaq hüququndan danışıldıqda "siyasi sığınacaq" ifadəsi işlədilir. Siyasi sığınacaq dedikdə, ilk növbədə hər hansı bir şəxs və ya şəxslərə onların vətəndaşı olduğu və ya daimi yaşayış yerinə malik olduğu ölkə ərazisində siyasi motivlərə görə təqib olunmadan daldalanmaq imkanının verilməsi başa düşülür. "Siyasi motivlərə görə təqib edilmə" ifadəsi özündə yalnız siyasi əqidəyə görə deyil, eyni zamanda ictimai fəaliyyətə, dini əqidəyə, irqi və ya milli mənsubiyyətə və s. görə şəxsin təqib edilməsini özündə ehtiva edir".
İ.Əliyev yazır: "Müasir dövrdə yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə məxsus olan və bu baxımdan da məhdud xarakterli insan hüququ kimi qiymətləndirilən fərdin sığınacaq hüququ "İnsan Hüquqlarının Ümumi Bəyannaməsi"nin 14-cü və "Ərazi Sığınacağı haqqında Bəyannamə"nin 1 -ci maddəsində təsbit olunmuşdur. 1948-ci il Bəyannaməsinin 14-cü maddəsində hər bir şəxsin ona edilən təqibdən digər dövlətdə sığınacaq axtarmaq və ondan istifadə etmək hüququna malik olması nəzərdə tutulmuşdur. Lakin maddənin 2-ci bəndində qeyri-siyasi cinayətlər və ya Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsipləri ilə bir araya sığmayan əməlin törədildiyi zaman bu hüquqdan istifadənin qeyri-mümkün olması fikri də təsbit edilmişdir. Ümumiyyətlə, 14-cü maddədə nəzərdə tutulmuş şəxsi sığınacaq hüququnun Bəyannamənin 13-cü maddəsində ifadə olunmuş fərdin sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ ilə əlaqəsi də nəzərdən qaçırılmamalıdır".
Ayrı-ayrı dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sığınacaq hüququnu özündə ehtiva edən müddəalar təsbit edilmişdir. Konstitusiyamızın 70-ci maddəsinin 1-ci bəndinə görə, "hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir". Demək olar ki, analoji müddəa "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti" haqqında 13 mart 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində də öz əksini tapmışdır. Sığınacaq hüququ fərdlərə birbaşa beynəlxalq hüquq normaları əsasında verilmir, çünki ümumi beynəlxalq hüquqda belə normalar yoxdur. Beynəlxalq hüquq normaları, sadəcə dövlətin ayrıca kateqoriyadan olan şəxslərə siyasi sığınacaq vermək hüququnu və digər dövlətlərin bu hüquqa hörmət etmək öhdəliyini təsdiq edir. Göründüyü kimi, sığınacaq beynəlxalq hüquq əsasında deyil, dövlətdaxili qanunvericilik əsasında verilir. Siyasi sığınacağın verilməsi əsası və proseduru (məhkəmə, inzibati), eləcə də sığınacaq əldə etmiş şəxslərin statusu dövlətlərin daxili qanunvericiliyindən asılıdır. Burada beynəlxalq hüquq üçün əhəmiyyətli məsələ sığınacaq veriləndən sonra ortaya çıxan hüquqi nəticələrdir.
İ.Lukaşuk və A.Naumov yazırlar: "Ərazi sığınacağı haqqında 1967-ci il Bəyannaməsinin 1-ci maddəsinin 3-cü bəndinə görə sığınacaq hüququnun təqdim olunması üçün əsasların qiymətləndirilməsi sığınacaq hüququnu təqdim edən dövlətə məxsusdur. Buradan da məlum olur ki, sığınacaq institutu da cinayət törətmiş şəxslərin verilməsi institutu kimi dövlətlərin suveren hüququ və insan hüquqlarının kəsişdiyi yerdə fəaliyyət göstərir. Bundan başqa, Bəyannamənin preambulasında göstərilir ki, şəxsə ərazi sığınacağının təqdim olunması sülh və humanizm aktıdır və bu cür davranış digər dövlətlər tərəfindən bədxahlıq kimi qiymətləndirilə bilməz".
Bütün bunlarla yanaşı, sığınacaq hüququnun həyata keçirilməsi şərtsiz xarakter daşımır və bu, müəyyən məhdudiyyətlərlə əlaqədardır. Y.Kolosov və V.Kuznesov göstərirlər ki, əgər siyasi sığınacaq verilməsini mümkün edən əsasların siyahısı dövlətlərin daxili qanunvericiliyindən asılıdırsa, dövlətlərin müəyyən kateqoriya şəxslərə belə bir sığınacağı verməmək öhdəliyi beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuşdur. Bunların sırasına ümumi xarakterli ağır cinayətlər törətmiş şəxslər, eyni zamanda, beynəlxalq birlik üçün təhlükə törədən ayrı-ayrı növ cinayətlərlə mübarizə haqqında beynəlxalq konvensiyalara müvafiq olaraq verilməsi nəzərdə tutulmuş hüquq pozucuları daxildir.
Ağır cinayətlər, ayrıca olaraq isə terror aktı
törətmiş şəxslərə münasibətdə
sığınacaq hüququnun istisna edilməsi tamamilə təbii haldır.
Belə ki, bu cür yanaşma
sığınacaq istəyən şəxsin törətmiş
olduğu əməllə, eləcə də
fərdin şəxsiyyəti ilə əlaqədar olan bütün
halların diqqətlə öyrənilməsini nəzərdə
tutur. Məsələn, Beynəlxalq
terrorizmin qarşısının
alınması barədə tədbirlər haqqında
1994-cü il Bəyannaməsi"nə əlavə
olaraq BMT Baş Məclisi
tərəfindən qəbul edilmiş
"17 dekabr 1996-cı il
Bəyannaməsi"nin 6-cı maddəsində qeyd olunur ki,
dövlətlər milli və beynəlxalq hüququn müvafiq
maddələrini, eyni zamanda
insan hüquqları sahəsində minimal standartları nəzərə almaqla şəxsə qaçqın statusu verməmişdən əvvəl
sığınacaq axtaran şəxsin terror aktlarında iştirakı, həmin
şəxsə qarşı tenorizmə görə ittiham irəli sürülməsi və ya terror aktına
görə onun təqib olunub-olunmaması
barədə məlumat toplamalıdırlar. Bu,
əsasən şəxsin qaçqın statusundan
istifadə edərək digər dövlətə və ya onun vətəndaşlarına
qarşı terror aktları
hazırlaması və ya təşkil etməsi
üçün zəmin yaratmamaq
məqsədi daşıyır.
Səs.-
2016.- 3 fevral.- S.1