Suraxanıda 2 Fevral
Gənclər Günü qeyd
edilib
2 Fevral Gənclər Günü münasibətilə Suraxanı rayonunda gənclərlə görüş keçirilib. Görüş iştirakçıları öncə rayonun Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olan gənclərə bildirilib ki, mərkəzə ziyarətə gələnlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 58 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, mərkəzin elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanmışdır.
Gənclərlə «Bülbülə» şadlıq sarayında davam etdirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 Fevral Gənclər Günü münasibəti ilə təbrik edərək qeyd edib ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır:«Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq, bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, gənclərimiz böyük nailiyyətlərə imza atır, onların sorağı beynəlxalq konfranslarda, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir».
Rayon icra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyev yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşündə qeyd edib ki, gənclərimiz cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar:«Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar».
Rayon rəhbəri çıxışını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə yekunlaşdırıb: «Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz».
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd ediblər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bildirilib ki, Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə rayon icra hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Sonda «Gənclər Evi»nin və rayonun mədəniyyət ocaqlarının bədii kollektivləri konsert proqramı ilə çıxış edib.
ZÜMRÜD
Səs.-
2016.- 2 fevral.- S.7