Gənclik parlaq
gələcəyimizdir"
Bu mövzuda "SƏS" qəzetində 2 Fevral Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib
Dünən "SƏS" qəzetinin redaksiyasında "Gənclik parlaq gələcəyimizdir" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edən gənclər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və Prezidentimizin ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışdıqlarını diqqətə çatdırıblar.
Dəyirmi masaya aparıcılıq edən "SƏS" qəzetinin əməkdaşı 2 Fevral Gənclər Gününün əhəmiyyətini vurğulayaraq, bu günün Azərbaycan gənclərinin həyatında oynadığı roldan bəhs edib.
Çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 1996-ci ilin fevral ayının 1-də gənclərin Ulu Öndər Heydər Əliyevlə görüşündə Onun da iştirak etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, həmin günü heç vaxt unutmayacaq: "Nə xoş ki, həmin görüşdə iştirak etmişəm və təkliflərimi Dahi Şəxsiyyətə çatdıra bilmişəm. Məhz Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 1997-ci il fevralın 1-də "2 Fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur".
Vüqar Qədirov bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: "Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu Proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Bir necə gün əvvəl Prezident İlham Əliyev bir qrup gənci qəbul edərək onlarla cox səmimi, mehriban söhbətlər apardı. Görüşdə Prezident Azərbaycanın müstəqilllik illərində səriştəsiz hakimiyyət təmsilçilərinin yanlış siyasətlərinin nəticəsi olaraq ölkəmizin üzləşdiyi problemlərdən, sonrakı mərhələdə xalq-hakimiyyət birliyinin nəticəsi olaraq problemlərin aradan qaldırılmasından, bu gün insanların rahat, təhlükəsiz şəraitdə yaşamasından danışmış, gənclərə öz tövsiyələrini və məsləhətlərini vermişdir. Bütün bunlar gənclərdə xoş əhval-ruhiyyə yardır, çalışdıqları sahədə daha əzmlə işləməyə dövlətə və xalqa xeyir verməyə sövq edir".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifəndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışında bildirib ki, Azərbaycan gəncləri ölkədə gedən ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə də yaxından iştirak edərək öz uğurları ilə seçilir: "Hazırda ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti bunu deməyə əsas verir ki, Azərbaycan gənclər ölkəsidir. Ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, bu istiqamətdə dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Ulu Öndərin ideyalarından bəhrələnən və onlara göstərilən böyük etimaddan ruhlanan Azərbaycan gəncliyi özünün inkişafına xüsusi önəm verdi, diqqət ayırdı. Bunun da nəticəsidir ki, Azərbaycan gəncliyi dünyada tanınan və qəbul edilən bilikli və bacarıqlı gəncliyə çevrilib. Bütün bu uğurlara və əldə olunan nailiyyətlərə görə, həm də ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Bu gün Prezident İlham Əliyev gənclərin hamisi və qayğıkeşidir. Məhz buna görə də Azərbaycan gəncliyi Prezident İlham Əliyevə qəlbən bağlıdır, Onun daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu kurs dəyişməz olaraq qalacaq".
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Kənan Kərimov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri olduqları üçün qürur duyurlar: "Biz hər zaman özümüzdə bir fərqlilik hiss edirik. Dəfələrlə toplantılarda, söhbətlərimizdə YAP gəncləri olaraq necə davranmalı olduğumuzun fərqindəyik və Ulu Öndərin vətən sevgisini, Cənab Prezident İlham Əliyevin vətənə bağlılığını, məhəbbətini dərk edirik. Bütün bunlar bizim üçün bir məsuliyyətdir. Biz gənclər Azərbaycan bayrağını necə sevməyin, necə qorumağın məsuliyyətini dərk edirik. Əgər bizim bayrağımız beynəlxalq arenalarda dalğalanırsa, himnimiz səslənirsə, bunun qürurunu yaşamalıyıq. Çörək növbələrindən azad olub, çörəyə əlimiz çatırsa, bu gün onun şükrünü və borcunu bilməliyik. Bu borc bizim vətənə və dövlətə olan borcumuzdur. Cənab Prezidentin ətrafında sıx birləşməklə aparılan uğurlu siyasətin bir parçası olduğumuzu görürük. Eyni zamanda Prezidentin arxalandığı insanların gənclər olduğunu görəndə də bunun qürurunu yaşayırıq. YAP gəncləri olaraq daim örnək davranışımızla, öz keçmişimizə, Öndərimizə sayğımızla, öz gələcəyimizə, rəhbərimizə hörmətimizlə atdığımız addımlar böyüklərimizin başını dik tutmaqdan ibarətdir".
YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü Arzu Həsənzadə gənclər günü münasibətilə bütün gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. Arzu Həsənzadə bildirib ki, MDB məkanında, o cümlədən də Avropada ilk dəfə məhz gənclər günü Azərbaycanda qeyd edilib: "Hətta BMT-nin qəbul etdiyi qərardan öncə Ulu Öndər belə bir qərar vermişdi. Gənclərə diqqət və qayğı özünü tarixin bütün səhifələrində göstərir ki, bizlər çox sevinirik. Azərbaycan insanı tarix boyu öz addımları ilə, Azərbaycan gəncləri öz yenilkçi fikirləri ilə hər zaman seçilib. Nə zamana qədər ki, dövlətçilik, Azərbaycan ideologiyası, Azərbaycan məfkurəsi bizim üçün önəmli olacaq, o zamana qədər Azərbaycan var olacaq. Düşünürəm ki, Azərbaycan dünya ölkələri sırasında birinciliyini qoruyub saxlamağa nail olacaq. Çünki Prezident İlham Əliyev hər zaman mənəvi dəyərləri rəhbər tutur. Biz gənclər də Cənab Prezidentimizin ətrafında sıx birləşməklə mənəvi dəyərlərimizi rəhbər tutaraq uğurlu zəfərlərə doğru irəliləyirik".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə çıxışında qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin formalaşması məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır: "Biz bu siyasətin içərisində neçə illər fəaliyyət göstərdik və uğurlu nəticələrimizlə dövlətin bir parçasına çevrildik. Ümummilli Lider Azərbaycan gəncliyinin obrazını bir model olaraq bizim qarşımıza qoymuşdu. O model də ondan ibarət idi ki, Azərbaycan gəncliyi, ilk növbədə milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Digər tərəfdən Azərbaycan gəncləri dünyada gedən proseslərin içində olmalı, onlardan nəticə çıxarmağı bacarmalı idi. Yəni bilikli, intellektual, savadlı gənclik yetişməli idi ki, bu gün artıq biz bu gəncliyin perspektivlərini nəinki ölkə miqyasında, hətta ölkə hüdudlarından kənarda görürük. Sevindirici haldır ki, Ulu Öndərin arzuladığı gənclik bu gün dünyada öz sözünü deməyi bacarır. Əlbəttə, bütün bunlar həyata keçirilən gənclər siyasətinin bəhrəsidir".
İlqar Orucov onu da qeyd edib ki, ilk dəfə olaraq 2013-cü ildə Avropa gənc alimlərinin Bakıda Forumunun təşkil edilməsi bilavasitə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqətin bariz nümunəsi idi: "Bu, Azərbaycanda elmin inkişafı üçün yaradılmış münbit şəraitin göstəricisi idi. 500-ə yaxın gənc alimi Bakıya toplamaq, onlarda ölkələr haqqında pozitiv fikirlər aşılamağın özü elmə verilən qiymətin nümunəsi oldu. Bütün bunlara nəzər salaraq hesab edirəm ki, Azərbaycan gəncləri firavan həyat sürən xoşbəxt gənclərdir. Firavan ölkənin xoşbəxt gəncliyinə yalnız uğurlar və zəfərlər yaraşır. Bayramınız mübarək, əziz gənclər".
Sonda dəyirmi masa iştirakçıları mövzu ətrafında diskussiya aparıblar.
İntizarə Məmmədova
Səs.-
2016.- 3 fevral.- S.8-9