Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği

XII əsr ictimai-siyasi və hüquqi fikrimizin ən görkəmli numayəndəsı Nizami Gəncəvi öz dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərinin, habelə sosial ədalət ideyalarının parlaq təbliğatçısı olmuşdur. Nizami söz, fikir və ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir.

İnsan haqlarının təbliği və onların müdafiəsi, şəxsiyyət azadlığı, şəxsiyyətin iradə müstəqilliyi, bəşəriyyətin mədəni tərəqqisində dönüş nöqtələrindən olan İntibah dövrünün mənəvi mahiyyətinin aşkar olunmasına çevrilmiş səlist humanizm təlimi Nizaminin sosial-siyasi görüşlərinin sosial ədalət hissəsində öz parlaq təcəssümünü tapmışdır.

Görkəmli Azərbaycan mütəfəkkiri, söz və fikir aləminin nəhəng karifeylərindən biri olan Nizami sosial ədaləti, azadlığı hüquq bərabərliyini hələ XII yüzillikdə təbliğ etməklə insanlığın xoşbəxt gələcəyini arzu edən dahi şəxsiyyət olmuşdur. Bəşəriyyətin taleyi üçün hər kəsin öz səviyyəsində, imkan və bacarığı daxilində məsuliyyət daşıdığını dönə-dönə müasirlərinə çatdıran böyük mütəfəkkir bütün həyatı boyu ümumbəşəri ideallarla yaşamış və bunun uğrunda mübarizə aparmış, öz zəngin yaradıcılığını insanın taleyüklü problemlərinin həllinə həsr etmişdir. H.Araslı yazır: "Nizami xalqların səadətini, istiqlaliyyətini, onların hər cür zülm və istismardan azad olmasını istəyib bütün ömrünü bu uğurda sərf etmişdir. Nizami əməkçi insanın hüququ uğrunda mübarizə aparmışdır. Nizami öz xalqını bütün dünyada şöhrətləndirmiş və bütün xalqların bərabər hüquqlu mədəni həyatını arzulamışdır".

Nizami öz əsrinin misilsiz humanist mütəfəkkiri olmuşdur. Bunun onun öz əsərlərində irəli sürdüyü sosial-siyasi ideyaların məzmunu da təsdiq edir. Mütəfəkkir lirik əsərləri ilə yanaşı, "Xəmsə"yə daxil olan əzəmətli poemalarında da dövrün və sosial-siyasi problemlərinin həllinə toxunmuşdur.

Nizaminin sosial-siyasi ideyaları Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynamış, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərmişdir.

Nizaminin sosial ədalətə dair ideyalarının formalaşmasına Azərbaycanın şifahi xalq ədəbiyyatının böyük təsiri olmuşdur. Belə ki, mütəfəkkirin sosial-siyasi görüşlərinin demokratik ideyalarının daşıyıcılarının böyük əksəriyyəti xalq təfəkkürünün yaratdıqları obrazlardır. Həmin obrazlar içərisində xalqın istək və arzularının daşıyıcısı olan müsbət, eləcə də nifrət obyekti olan mənfi qəhrəmanlar da vardır.

H.Araslı yazır ki, "biz Nizamidə şah, vəzir surətləri ilə yanaşı çoban, əkinçi, daşkəsən, kərpickəsən surətlərinə, alim surətlərinə, xüsusən o dövr ədəbiyyatında müstəsna bir yer tutan müsbət qadın surətlərinə tez-tez təsadüf edirik". Cəmiyyətdə mövcud olan ədalətsizlikləri və digər nöqsanları həmin müsbət qəhrəmanların aradan qaldıracaqlarına ümid bəsləyən sadə xalq kütlələri şifahi yaradıcılığında onların bir-birindən tamamilə fərqli olan, bir-birini qətiyyətlə rədd edən müsbət və mənfi keyfiyyyətli obrazları yaratmışdır.

 Azərbaycan şifahi xalq ədəbiyyatında hökmdar (ədalətli və ya ədalətsiz, insaflı və ya qəddar, mərhəmətli və ya müstəbid) obrazlarına xüsusi yer verilmişdir. Şübhəsiz ki, Nizami öz əsərlərindəki qəhrəmanların mənfi və müsbət keyfiyyətlərini təsvir edərkən xalq deyimlərindən, xalq müdrikliyindən və onun şifahi qaynaqlarından lazımınca bəhrələnmişdir. H.Araslının yazdığı kimi, "ümumiyyətlə, xalq ədəbiyyatında iki cür şah surətinə təsadüf edilir: müsbət və mənfi. Həyatı ağır keçən, yaşadığı dövrün üsul- idarəsindən narazı qalan xalq kütlələri dövlət quruluşu haqqındakı tələblərini bu surətlər vasitəsilə ifadə etmişlər". Ümumi tarixdən, o cümlədən ümumdövlət və hüquq tarixindən məlumdur ki, hər bir ictimai-iqtisadi formasiya (ibtidai cəmiyyət istisna olmaqla) özünəməxsus idarəçilik formalarına malik olmuşdur. Dövlətin və hüququn tarixi tipləri (növləri) də məhz insan cəmiyyətinin formasiyalar üzrə inkişafı (məsələn, quldarlıq dövləti və hüququ, feodal dövləti və hüququ, burjua dövləti və hüququ) ilə müəyyən edilir. Bu nöqteyi-nəzərdən quldarlıq dövlət tipi üçün əsasən, qeyri-məhdud monarxiya idarəçilik forması səciyyəvi olmuşdur.

İdarəçiliyin bu formasında dövlətdə bütün hakimiyyət, o cümlədən məhkəmə hakimiyyəti bir şəxsin-monarxın əlində cəmləşir. Feodalizm iqtisadi formasiyasında da qeyri-məhdud monarxiyanın hələ mövcud olmasına baxmayaraq, cəmiyyətin tarixi inkişafının bu pilləsində silki nümayəndəli monarxiya idarəçilik forması üstünlük təşkil edir. Bu idarəçilik formasında monarx dövlət hakimiyyətinin yeganə daşıyıcısı olsa da, bir çox dövlət əhəmiyyətli məsələlər (məsələn, müharibə və sülh məsələsi) kollegial şəkildə həll edilir. Kollegiallıq monarxın səlahiyyətlərini nisbətən məhdudlaşdırsa da, bu siyasi dövlət quruluşunda da hakimiyyət irsən keçir.

A.Quliyev qeyd edir ki, dövlətin ən demokratik idarəçilik forması burjuaziya sosial-iqtisadi formasiyasında təzahür edir. Bu, respublika (seçkili dövlət hakimiyyəti) idarəçilik formasıdır. İdarəçiliyin bu formasında əsas dövlət vəzifələri seçkili xarakter daşıyır. Doğrudur, burjuaziya formasiyasında mütləq monarxiyanın (mütləqiyyətin) mövcudluğu istisna olunmur. Lakin bu idarəçilik formasında monarxın səlahiyyətləri xeyli məhdud olur. Belə ki, o, əsasən dövlətin başçısı funksiyasını (xüsusilə də, xarici siyasət sahəsində) yerinə yetirir. Qanunvericilik hakimiyyətini parlament, məhkəmə hakimiyyətini isə məhkəmə həyata keçirir.

Yuxarıda qeyd olunanları göstərməkdə məqsəd ondan ibarətdir ki, Nizaminin yaşayıb-yaratdığı dövrdə orta əsrlər Azərbaycanı ancaq qeyri-məhdud feodal monarxiyası idarəçilik formasını tanıyırdı. Dövlətin başında şah dururdu. O, həm dövlət qanunverici, həm də məhkəmə hakimiyyətinin daşıyıcısı idi. Nizaminin həyat və yaradıcılığının təhlili ilə əlaqədar bu məqama toxunan H.Araslı yazır ki, "orta əsrlərdə yaşayan xalq kütlələri dövlət quruluşunda şahlıqdan başqa üsul-idarə tanımırdılar. Onlar "ölkə şahsız idarə oluna bilməz" təsəvvüründən xaricə çıxa bilmədikləri kimi, dövrün zülmkar hökmdarları ilə də razılaşmaq istəmirdilər. Odur ki, xalq mövcud şahlara qarşı öz istək və arzularına, öz tələblərinə uyğun ədalətli şah surətləri qoyurdu. Belə şahlar ya əməkçi xalq içərisindən çıxıb zülmkar şahla mübarizə aparır, ya da haqsızlığa məruz qalmış şahzadələrdən olub ölkəni ədalətlə idarə edirlər". Nizaminin sosial-siyasi görüşlərində xalqın istəyi ilə hakimiyyət başına gələn və ölkəni ədalətlə idarə edən hökmdar, yəni ağıllı, müdrik və ədalətli hökmdar probemi isə, mütəfəkkirin utopik ideyalarının əsas məzmununu təşkii edir. Mütəfəkkirin "xalq hakimiyyəti" arzusu onu müasiri olduğu dövrdə utopiya olaraq qalırdı.

A.Quliyev yazır: "Yüksək insani və əxlaqi keyfiyyətlərə malik olan və mənəviyyat aləminə qulluq edən bir mühitdə (ailədə) dünyaya göz açmış, öz fitri istedadı və intkellektual səviyyəsi ilə dövrün, zəmanənin köklü problemlərinin mahiyyətini dərindən dərk etmiş Nizami özünün bütün yaradıcılığını insanlığa xidmətə həsr etmişdi. Mütəfəkkirin humanizmi zəmanəsinin qüdrətli mənəvi silahına çevrilərək, bütövlükdə sosial-iqtisadi və siyasi quruluşun qüsur və nöqsanlarına qarşı çevrilmişdi. Bu, artıq ictimai-siyasi fikrimizdə orijinal bir istiqamət idi. Nizami özünün sosial-siyasi ideyalarında hökmdarlar haqqa, ədalətə, özlərinin qeyri-insani instinktlərini boğaraq həyatın bütün nemətlərinin yaradıcısı olan insana və insanlığa xidmət etməyə çağırmışdır."

Zülm və zalıma qarşı mübarizə ideyası Nizami humanizminin baş xətti kimi onun bütün ictimai-fəlsəfi qəsidələrindən keçib gedir. Mütəfəkkir problemin həlli üçün burada bəzən dolayı vasitələrdən istifadə edir, dini etiqad və inamlara müraciət yolu ilə dövrün kəsirlərini-möhnət və haqsızlıqları qamçılayırdı. Mütəfəkkir dini görüş və şüarların öz demokratik ideyalarına xidmətə yönəldir, güc və hökm sahiblərini heç olmasa həmin yolla xeyirxah işlər görməyə, ölkə və xalqın asayişini gözləməyə səsləyirdi.

 Nizami özünün sosial-fəlsəfi lirikasında olduğu kimi, "Xəmsə"yə daxil etdiyi əsərlərində də humanist bir mütəfəkkir, vətənpərvər vətəndaş mövqelərindən çıxış edərək, öz zəmanəsinin məruz qaldığı bəlalarında dərin narahatlıq hissləri keçirmiş, cəmiyyəti düçar olduğu müsibətlərdən xilas etməyin yollarını axtarıb-aramışdır. İnsanpərvər mütəfəkkirin bu yolda "... yeganə silahı-həkim bıçağı mənəvi-əxlaqi təkamül təlimi idi".

Məlum olduğu kimi, Nizaminin dövrü elmin müxtəlif sahələrinin sürətli inkişafı ilə yanaşı, sosial ziddiyyətlərin kəskinləşdiyi bir dövr olmuşdur. Elmi tərəqqi nöqteyi-nəzərindən ayrı-ayrı bilik sahələrinin meydana gəlməsi öz qabaqcıl və mütərəqqi dünyagörüşlü daşıyıcılarının da formalaşmasına şərait yaradırdı. XII əsrdə xüsusilə də fəlsəfənin ayrı-ayrı istiqamətlərdə inkişafi öz nümayəndələrinə malik olan məktəb və cərəyanların meydana gəlməsinə səbəb olmuşdur.

Nizaminin sosial-siyasi məsələlərdən bəhs edən fikirlərində, müxtəlif həyati suallar doğuran əsərlərində toxunulan problemlər öz həlli nöqteyi-nəzərindən ciddi cavabların verilməsini zəruri edirdi. Nizaminin özü məhz belə mürəkkəb və təlatümlü mühitdə yetişdiyinə görə, mövcud ziddiyyətlərin mənasını dərindən dərk etməyə səy göstərmişdir. İctimai həyatın sosial ziddiyyətlərinin özü, eləcə də elmi və mədəni mühitin mütərəqqi təsiri Nizaminin sosial-siyasi, o cümlədən sosial ədalətə dair ideyalarının formalaşması üçün mükəmməl zəmin hazırlamışdır.

Ölkənin müqəddəratını düşünən, bağlı olduğu əməkçi xalqı, zülmkar hakimlərin, sərxoş darğaların talanından qorumağı arzu edən mütəfəkkir həmisə ədalatli şah arzusunda olmuşdur. Elmin, mədəniyyətin inkişafında dövlətin əhəmiyyətini başa düşən Nizami, bu zaman dövlət quruluşunun əsasını şahlıqda görürdü. Lakin onun arzuladığı şah xalqın, vətənin qeydinə qalan, ədalətli şah idi. O, yalnız yaradıcılığının son zirvəsində "İsgəndərnamə" əsərinin sonunda yeni dövlət quruluşu olaraq xəyali, hökmdarsız xalq hakimiyyəti fikrinə gəlib çıxmışdır. Əslində, bu, xalqın öz istəyinə uyğun qurduğu, xəyalında şəxsiyyətini canlandırdığı ədalətli hökmdarın icra etdiyi hakimiyyət idi. Bu dövlətin demokratikliyi onda idi ki, o, insanın hüquqlarını qoruyur, onun əməyini müdafiə edir və qiymətləndirir. Nizaminin təsəvvür etdiyi xalq hakimiyyəti şəxsiyyətlə dövlət və hökmdar arasında ahəngdarlığın və qarşılıqlı vəhdətin bərqərar olmasına rəvac verən siyasi hakimiyyət idi.

Tədqiqatçıların fikrincə, Nizami dühasının böyüklüyü ondadır ki, o, xalqla hökmdar arasındakı münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan cəsarətlə açıb göstərə bilir. İbrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa ... istiqamətləndirir. Əsərlərində şahların ədalətini təsvir etmək Nizami üçün az əhəmiyyətlidir, dövrünün hökmdarlarını isə ... utandırmaq, ... ağıllandırmaq yolu ilə ədalətə yönəltmək, onların ədalətli olmasına nail olmaq mütəfəkkirin böyük ... irsinin əsas qayələrindən birini təşkil edir. Bu, eyni zamanda Nizaminin siyasi idealı, onun nail olmaq istədiyi, yaxud bərqərar olacağına ümid etdiyi məqsədlərindən biridir. Mütəfəkkirin müasiri olduğu hökmdarlara xəbərdarlıqları, müəyyən mənada kəskin vahimələndirici qınaqları, hər şeydən əvvəl, tövsiyə xarakteri daşıyır. Mütəfəkkirin ideyasına görə, hökmdar ilk növbədə aqil, ləyaqətli və nəcib insan olmalıdır. O, alicənablığı ilə seçilməli, nümunəvi və əxlaqlı bir fərd kimi insan, insanlıq adını uca tutmalıdır. Hökmdar xalqın etimadını siyasi cəhətdən səbatlı və tədbirli, ədalətli olması ilə qazanmalı, xalqın hakimiyyət iradəsinə arxalanmalıdır.

A.Quliyev qeyd edir ki, "Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan və sonsuz hörmətindən irəli gəlirdi. Nizami üçün insan ən uca varlıqdır. Həyatın bütün nemətləri və gözəllikləri yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq üçün verilmişdir. İnsan yaşamalı və yaratmalıdır. Mütəfəkkirin məntiqinə görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir.

Lakin insan özü üçün şərəfli həyatı heç də həmişə yarada, təmin edə bilmir. Daha doğrusu, insanlıq şərəfinə nail olmaq yollarının qarşısını kəsənlər onun özünə sədd çəkənlər vardır ki, cəmiyyət belələrinə öz qoynunda yer verməməlidir. İnsanlıq şərəfini ucuz tutanları və bu şərəfi ayaqlar altına alanları sosial ədalətin qorunması üçün təhlükə hesab edən Nizami, onları rəzil və riyakar, şərəfsiz və ləyaqətsiz adamlar kimi qiymətləndirir. Cəmiyyət məhz belə xislətli tiplərdən həmişə ziyan görmüşdür. Öz nəfsinin əsiri olan, zəhmətkeş insanların əməyi hesabına yaşayan və hətta varlanan adamlarda insaf və dəlalət keyfiyyətləri axtarmaq əbəsdir.

 

VAHİD ÖMƏROV

Səs.- 2016.- 11 fevral.- S.15