Dünya sosial-fəlsəfi fikir tarixində insan haqları ideyası

 

Aristotel siyasət haqqında elmi hərtərəfli tədqiq etməyə səy göstərmişdir. Onun nəzərində siyasət bir elm kimi etika ilə sıx bağlıdır.

Aristotelə görə, siyasətin elm kimi dərk edilməsi mənəviyyat (fəzilətlər) haqqında təsəvvürlərin, etikanı (əxlaqı) bilməyin inkişafı deməkdir. Məhz gözəl və ədalətli olanlar siyasi elmin obyektləridir. Lakin eyni obyektlər fəzilətlər qismində etikada da öyrənilirlər. Etika siyasətin başlanğıcı ona girişdir. Aristotel "Etika"da spesifik etik mövzu ilə yanaşı, bir sıra əlahiddə siyasi-hüquqi problemləri də tədqiq etmişdir.

Etikanın və siyasətin qarşılıqlı əlaqəsi Aristotelin insan haqları probleminin işıqlandırılmasına dair mülahizələrində hərtərəfli təzahür edir. Mütəfəkkirin fikrincə, ədalət bərabərlikdir, ...ancaq hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir; ...bərabərsizlik də ədalətdir, ...amma yenə də hamı üçün yox; yalnız bərabər olmayanlar üçün bərabərsizlik ədalətdir.

A.Quliyevin fikrincə, Aristotel dövlətdə ali hakimyyətin kimə-xalq kütləsinə, varlılara, yaxud vicdanlı adamlara və ya onlardan ən yaxşı olanlardan birinə, ya müstəbidə məxsus olduğunu təyin etməyin çətinliyinə toxunurdu. Yoxsullar tərəfindən varlıların varının bölüşdürülməsinin ədalətli olub-olmaması sualının cavabını dövlət hakimiyyətinin dili ilə verən Aristotel qeyd edirdi ki, "bəli, ədalətlidir", deyəcəklər, çünki ali hakimiyyət onu ədalətli sayır. Onda bəs ifrat ədalətsizlik anlayışına nə aid ediləcək? Yenə də çoxluq azlığın varını əllərinə alıb aralarında paylaşarsa, dövləti məhv etmiş olar, əxlaqi keyfiyyət özündə olanı məhv etmək, yaxud ədalətlilik dövləti məhv etmək deyildir. Bu qanun ədalətsiz sayıla bilməz.

Mütəfəkkirin ideyasına görə, fəzilət iddiası da ədalətlidir, insan haqları ilə bağlıdır. Ona görə ki, ...ədalət toplum həyatı üçün qaçılmaz fəzilətdir, ədalətin ardınca isə qalan fəzilətlər gəlir. Çoxluğun azlıqdan üstün olması iddiası da ədalətlidir, çünki çoxluq gücünə, varına görə azlıqdan üstündür. Beləliklə, Aristotelin mülahizələrində siyasi ədalət insan haqları hakimiyyətin siyasi formasının prinsipi kimi təzahür edir. A.Quliyev yazır: "Bundan başqa, həm də insanlar arasında münasibətlərin təşkilinin siyasi üsulu hüquqi qismində çıxış edir. Siyasi ünsiyyət cəmiyyət üzvlərinin hakimiyyətində və tabelikdə azadlığını və bərabərliyini nəzərdə tutur. Ellinizm dövrü siyasi-hüquqi fikrinin görkəmli nümayəndələrindən biri olan Epikürün (eramızdan əvvəl 341-270-ci illər) yaradıcılığı qədim yunan dövlətinin tənəzzülü dövrünə təsadüf edir. Eramızdan əvvəl IV yüzilliyin sonuncu rübündə yunan polisləri öz müstəqilliyini itirərək, əvvəlcə Makedoniyanın, sonra isə Romanın hakimyyəti altına düşmüşlər".

Epikür çoxsaylı əsərlərin müəllifi idi. Onun əsas işi olan "Təbiət haqqında" əsəri 37 kitabdan ibarət idi. Lakin onun əsərlərindən dövrümüzə yalnız azsaylı fraqmentlər (bir neçə məktub, çıxışlar və ayrı-ayrı aforizmlər) gəlib çatmışdır.

Etika Epikür təliminin əsas hissəsini təşkil edir. Epikür etikasının aparıcı prinsipi fərdi zövqdən ibarətdir. Epikür "dövrü" hər cür hissi ləzzətdən deyil, yalnız zəkalı insanın, məxsusi olaraq müdrikin nail olduğu rifahdır.

Epikür idraka mühüm etik məna verir: təbiəti dərk etmədən, hansı hadisənin zəruri, hansının isə təsadüfi xarakter daşıdığını bilməyən insan, "taleyin qulu" olur. Epikürə görə, insanın azadlığı onu öz həyat tərzini ağılla seçməsinə görə məsuliyyətidir. İnsan azadlığı sferası insanın özünə görə, onun məsuliyyəti sferasıdır.

Dövlət və qanun Epikürün izahında insanlar arasında onların ümumi faydası - qarşılıqlı təhlükəsizliyi haqqında müqavilənin nəticəsi kimi dərk edilir. Mütəfəkkir ədlalətə, insan haqlarına da məhz bu kontekstdən yanaşır və yazırdı: "Ədalət təbiətdən doğan və bir-birinə zərər vurmamaq, zərərə dözməmək məqsədilə faydalı olan haqqında müqavilədir".

Epikürün interpretasiyasında ədalət (elə onun ardınca, həmçinin dövlət və qanunlar) şərti və süni hadisədir. Ədalət, dövlət və qanunlar təbiətin hökm və zərurətlərinə uyğundurlar. Lakin heç bir ilkin, əbədi və dəyişməz təbii ədalət öz-özlüyündə insanların qarşılıqlı təhlükəsizliyinin faydalı olması haqqında sazişdən asılı deyil. Mütəfəkkir qeyd edir ki, "ədalət öz-özlüyündə heç nə deyil, lakin həmişə və harada olursa-olsun, insanların bir-birilə qarşılıqlı ünsiyyətinə zərər vurmamaq və zərərə dözməmək haqqında müqaviləsidir".

"Ədalət" anlayışının özü dəyişkəndir. Bu və ya digər ölkənin zaman-zaman dəyişən fərdi xüsusiyyətlərindən asılı olaraq ədalət də dəyişir. Lakin özünün bütün dəyişikliyi ilə "hamı üçün ümumi olan ədalət eynidir, çünki o, insanların bir-biri ilə qarşılıqlı ünsiyyətində faydalı olandır". Burada insan haqlarına da toxunulur.

Hər yerin və hər zamanın öz ədaləti - "ədalət haqqında öz təbii təsvvürləri vardır". Lakin bütün bu dəyişkən "ədalətlər" üçün ümumi olan budur ki, onların hamısının mahiyyətini müqavilə iştirakçılarının ümumi faydası haqqında saziş təşkil edir.

Epikürün etik-siyasi konsepsiyasında qanunla qarşılıqlı əlaqədə olan "ədalət" dəyişkən məzmunlu təbii hüquqdan ibarətdir. Qarşılıqlı ünsiyyətin ümumi faydası da belə məzmuna malikdir. Təbii hüququn qanunla qarşılıqlı əlaqəsinin bu konstruksiyasında "ədalət haqqında təbii təsəvvürlərin" hərəkətdə olan başlanğıcını və bununla yanaşı onun mənbəyini "insanların qarşılıqlı ünsiyyətinin" dəyişkən praktiki "tələbatları" təşkil edir. Həmin tələbatların dəyişməsi nəticəsində ümumi fayda haqqındakı təsvvürlər, yəni ədalətin məzmununu təşkil edən təsəvvürlər də dəyişirlər.

Qədim Yunanıstanın mənəvi irsinin ümumdünya tarixi əhəmiyyəti onunla əlamətdardır ki, qədim yunan mütəfəkkirləri insan idrakının çoxsaylı sahələrində mənəvi sərvətlərin ilk ixtiraçısıdırlar. Sosial-siyasi və hüquqi təlimlər həmin sərvətlərin tərkib hissəsidir. Burada söhbət qədim yunanların fəlsəfi, siyasi və hüquqi fikir tarixinə təkcə dəyərli töhfə vermələri deyil, həm də onların nəzəriyyə və təcrübənin müxtəlif sferalarında əsas ideya və konsepsiyalarının təməlini qoymaları haqqında gedir.

İnsanları azadlara və kölələrə bölmək şəraitində təşəkkül tapmış antik siyasi-hüquqi fikir azad adamların ideologiyası kimi formalaşmış və inkişaf etmişdir. Azadlıq bütün qədim yunan siyasi nəzəriyyə və praktikasının təməli sərvəti, əsas və başlıca qayğı predmeti olmuşdur. Əlbəttə bu, ümumi deyil, məhdud azadlıq idi, kölələr həmin azadlıqdan kənar idilər.

Siyasətin azad münasibətlər və azad insanların həyat forması kimi dərk edilməsi qanunun həqiqi azadlığın ifadəçisi, siyasi ədalətin ağıllı norması qismində izah edlilməsi ilə əlaqədar olmuşdur. Azad və bərabər insanların qarşılıqlı münasibətlər qaydası polis həyatının əsasını təşkil etməklə yanaşı, öz təzahürünü həm də qanunlarda tapan sosial ədalətə söykənirdi.

Yuxarıda göstərilən nöqteyi-nəzərindən belə demək mümkündür ki, nə ədalət, nə də ədalətsizlik insana verilmir. Heç Tanrı da insanı xəlq edəndə onu nə ədalətli, nə də ədalətsiz yaratmır. Ədalətlilik və ya ədalətsizlik insanın daxili məziyyətlərindən təzahür edən mənəvi keyfiyyət göstəricisidir. Əgər belə keyfiyyəti insana Allah versəydi, o zaman Yer üzündə ədalətsiz insan, ümumiyyətlə, ədalətsizliklər olmazdı. Deməli, bütün ədalətli olanların və ədalətsizliklərin əsl səbəbkarı insandır. Ona görə insanı xeyirxahlıqlarının müqabilində qiymətləndirən də onu törətdiyi ədalətsizliklərə və bədxahlıqlara görə cəzalandıran da məhz insandır.

Artıq insan şüurunda belə bir aksioma formalaşmışdır ki, heç kəs anadan cinayətkar, yaxud zülmkar və qaniçən doğulmur. İstər cinayət, istərsə də hər hansı zülm insanın sosial həyatdakı qeyri-əxlaqi hərəkətlərinin mənfi təzahürüdür. Doğrudur, insan hər hansı haqsızlığı etməyə, yaxud cinayəti törətməyə təhrik edilə bilər, lakin onun belə qeyri-əxlaqilikləri etməsinin vacib zərurətdən irəli gəldiyini təsdiq etmək olmaz. Cinayət heç bir fərdə "mütləq addım atmaq" qismində verilmir. O, insanın mənfi daxili niyyətlərinin aşkara çıxıb iradəvi aktı kimi təzahür edir.

Beləliklə, cəmiyyətdə istər ədaləti, istərsə də ədalətsizliyi yaradan insan fəaliyyətidir. Kiminsə haqsız, yaxud haqlı olduğunu ulu Tanrının adı ilə əlaqələndirmək tamamilə səhvdir. İslam dünyagörüşünə uyğun olaraq Allah insanları fəzilətli əməllərlə məşğul olmaq, sosial ədalətsizliklərlə mübarizə aparmaq üçün yaratmışdır.

Romanın süqutu ilə (476-cı il) "Qədim dünya tarixi" dövrü başa çatmış və "Orta əsrlər" tarixi başlanmışdır. IX-X yüzilliklərə doğru Qərbi Avropa, faktiki olaraq mərkəzi hakimiyyətdən asılı olmayan çoxlu xırda feodal dövlətlərə parçalanmışdır. Bununla da, cəmiyyətin feodal strukturu təşəkkül tapmışdır.

Feodal cəmiyyətinin sinfi bölgüsü təbəqə quruluşu ilə təsbit edilirdi. Hər bir təbəqə feodal iyerarxiyasında ciddi müəyyən edilmiş yerə malik idi. Hüquqlar (imtiyazlar) və vəzifələr həmin iyerarxiyada qabaqcadan müəyyən edilirdi. Qərbi Avropanın feodal cəmiyyətində katolik kilsəsi xüsusi yer tuturdu. Kilsə ən böyük feodal idi. O, siyasi hakimiyyət elementlərinə, öz məhkəmələrinə, silahlı qüvvələrinə, kilsənin müəyyən etdiyi və hüquqi məna kəsb edən (kanonik hüquq) bir sıra normalara malik idi.

Kilsənin mövqeyinə və əmllərinə haqq qazandırılması üçün "əxlaqi qanun", "katolik ədaləti" kimi dəlillərdən istifadə olunurdu. Təkcə xristian kimi deyil, həm hakimyyətin daşıyıcısı kimi, imperatorun ədalətli və ya ədalətsiz olub-olmamasını yalnız kilsə müəyyənləşdirə bilərdi. Bu, katolik kilsəsinin prioritet hüquqlarından biri idi.

XIII yüzillikdə orijinal fəlsəfi-hüquqi konsepsiya xristian teologiyası mövqeyindən Foma Akvinat (1226-1274) tərəfindən işlənib hazırlanmışdı. O, orta əsr katolik kilsəsinin böyük müdafiəçilərindən biri olmuşdur.

Hüquq, qanun, etika və ədalət problemləri F.Akvinat tərəfindən xristian dini - sxolastikası kontekstində izah olunmuşdur. Akvinatın konsepsiyasına uyğun olaraq azad iradə, eyni zamanda da xeyirxah iradədir. Ədaləti və xeyirxahlığın təntənəsində insanın azad iradəsi aparıcı rola malikdir. Buna isə ilahi qanunlara - (Allahın müəyyən etdiyi qanunlara) əməl etməklə nail olunur.

Qanunları əbədi qanun, təbii qanun, bəşəri qanun, və ilahi qanun kimi təsnifləşdirən Akvinatın izahında bəşəri qanun, onun pozuntuları əleyhinə məcburiyyət sanksiyaları ilə təchiz edilmiş müsbət qanundur. Ancaq təbii qanuna (təbii hüquqa) uyğun olan bəşəri göstərişlər bəşəri (müsbət) qanun qismində çıxış edə bilər. Akvinatın ədalətli və ədalətsiz bəşəri (müsbət) qanunu fərqləndirməsi də bununla bağlı idi.

F.Akvinata görə, hüquq ədalətin insan birgəyaşayışında ilahi qaydada hərəkətdir. Fəzilətlərin əxlaqi elementlərindən biri olan ədalət hər kəsə ona məxsus olanı vermək ədaləti dəyişməz və daimi iradə kimi səciyyələndirir. Aristotel kimi F.Akvinat da ədaləti bərbərləşdirici və bölüşdürücü ədalətə ayırırdı.

Fəlsəfi-hüquqi ideyalar tarixinin zəngin səhifələrindən birini orta əsr hüquqşünaslarının yaradıcılığı təşkil edir.

XI yüzilliyin sonundan XIII yüzilliyin ortalarınadək fəaliyyət göstərmiş qlossatorlar məktəbinin İrneri, Bulqar, Rokerius, Alberikus, Bassianus, Pilmus, Vakarius, Odofredus və Atso kimi hüquqşünasları hüquq və qanunun, ədalətin qarşılıqlı əlaqəsi problemlərini dərindən araşdırmışdır.

XIII-XV yüzilliklərin yurisprudenisyasında postqlossatorlar (və ya şərhçilər) üstün mövqeyə malik olmuşlar. Ravanis, Lulli, Bartolus, Baldus və başqaları postqlossatorlar məktəbinin görkəmli nümayəndələri idi. Təbii hüquq ideyalarına yenidən müraciət edən postqlossatorlar ədalətli qanunla bağlı problemlərin də şərhi üzərində dayanmışlar.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 16 fevral.- S.15