Ekologiya və ətraf mühitin mühafizəsi
Nədənsə, son vaxtlar diqqət eləmişəm, hər dəfə qar yağanda insanlar o qədər sevinir ki. Sözsüz ki, artıq son illərdə nadir hallarda qar üzü görən şəhərimizdə insanların qarın yağmasına bu cür sevinclə yanaşması, ilk baxışdan təbii və istəkli görünür. Axı çox vaxt yeni ili qarsız qarşılamağa adət etmiş bizlər üçün bu gözəl təbiət hadisəsi qış fəslinin əsl sürprizi sayılır. O qədər süni "qar dənəciklərinə" gözümüz adət edib ki, birdən-birə əsl qarın yağmasını seyr etmək bizim üçün əsl sürpriz hadisə kimi də yadda qalır. Amma sən demə bu insanların qış fəslinin gözəlliyi olan qara sevgisi təkcə onun gözəlliyi ilə bağlı deyil.
Məsələ burasındadır ki, bu Allah nemətini bizim insanlar, sən demə, bir sıra əraziləri başına alıb gedən antisanitariyanın ört-basdır edilməsi üçün, yayda tüğyan edəcək xəstəliklərin qarşısını almaq üçün, ekologiyanın, ətraf mühitin üfunət iyindən, zibilliklərdən qorunması üçün xilas yolu kimi görürlərmiş. Bu da səbəbsiz deyil. Belə ki, bizim camaat yay-qış bilmədən bu ölkənin yaşıllıqlarına qarşı törədilən "soyqırımı", bir çox ərazilərdəki küçə və məhəllələri başına alıb gedən zibillikləri ancaq ağ qarın örtə biləcəyini düşünür. Burası belədir. Amma nəzərə alanda ki, qar əriyəndən və ölkəmizə yayın qızmar istiləri daxil olandan sonra bu şəhərinin küçələrində üfunət iyindən nəfəs almaq belə mümkünsüz problemə çevrilir, o zaman qarın da baş aldatmaq vasitəsindən başqa bir şey olmadığı üzə çıxır.
Bizə nə lazımdır: təmiz ətraf mühit, yoxsa...
Bizə nə lazımdır: təmiz ətraf mühit, yoxsa park və xiyabanların, yaşıllıqların vəhşicəsinə qırılıb yerinə "ucaldılan", "göbələk" kimi çoxalan şadlıq sarayları? Qlobal böhranların dünyanı başına alıb getdiyi indiki zamanda böyük təbii sərvətləri olan biz azərbaycanlıların təbiətimizə, ekologiyamıza, ən əsası isə gündəlik yaşayışımıza bu qədər amansız və yumşaq desəm, laqeyd olduğumuzu başqa bir xalqa anlatsan, məncə, bütün bunları etdiyimizə görə bizə veriləcək cavabı elə indidən yəqin etmək olar.
Məncə, dünyada bizim kimi camaat çətin tapılar ki, nəfəs aldığı ekologiyanı zibilliklərlə "bəzəsin", özünün, balalarının ciyərlərini təmiz oksigenlə təmin edən yaşıl ağacları kəsib yerində şadlıq evləri tiksin, axşam yediyi ərzaqların qalıqlarını səhər işə gedəndə zibil yeşikləri əvəzinə, təmiz nəfəs almaq üçün əvəzsiz Tanrı hədiyyəsi olan ağacların altına, yaşadığı həyətin ortasına atsın, mənşəyini belə bilmədiyi, insan həyatı üçün ölümcül təhlükəli olan əcnəbi ərzaqları televiziyalarda "bəh-bəhlə" reklam edib yenicə həyata göz açan körpələrinin, yeniyetmə uşaqlarının mədəsinə, ordan da ciyərlərinə "endirsin"! Xüsusilə yaşıl ağacların kəsilməsi prosesi, demək olar ki, bir sıra hallarda adi şəkil alır. Bir çoxları sanki heç bir şey olmamış kimi həyətlərdə, küçə və məhəllələrdə yaşıllıqları kəsib yerində şadlıq sarayları, kafe-restoranlar tikməyə daha çox "həvəs göstərir".
Öz əlimizlə ömrümüzü qısaldırıqsa...
Bu bədbəxt anlamır ki, əlinə balta, mişar alıb doğradığı bu əvəzsiz sərvəti Allah-Taala ona görə göndərib ki, sən insan övladı ciyərlərini təmiz hava ilə təmin edəsən, uzun ömür yaşayasan, səndən sonra gələn nəsillərin sağlam böyüsün. Amma sən özün öz əlinlə ömrünü qısaldırsansa, "qəbrini qazırsansa" insan kimi yaşamağa haqqın varmı bu işıqlı dünyada? Məncə, artıq o vaxt yetişib ki, ətraf mühitə, ekologiyaya amansız divan tutan, yaşıllıqların qənimi olan insanlara qarşı qanunvericilikdə olduqca sərt maddələr, cərimə sanksiyaları tətbiq olunsun.
Görünür, biz tərəflərdə insanları məhz bu yolla qanuna dəvət etmək mümkün olacaq. Çünki bizim cəmiyyətimiz hələ də özü öz təbiətini, sağlamlığını, gələcək övladlarının sağlam böyüməsini düşünəcək halda deyil. Acı da olsa, hələ ki, biz beləyik...
Cəmiyyətimizdə ekologiya mədəniyyəti və ekoloji məlumat niyə sıfıra bərabərdir? Nədənsə, bu ölkədə yaşayan insanlar elə bilirlər ki, aynəbənddən aşağı tulladıqları torba-torba zibillər bizim deyil, başqa xalqların başına enir, biz deyil, məhz başqaları yuxarıdan aşağı tökdüyümüz həmin zibilliklərdən hava udurlar. Sanki ciyərlərinə, nəfəs borularına çirkli oksigen daxil olan biz yox, ermənilərdir sanki. Daha anlamırıq ki, ekologiyaya, ətraf mühitə vurduğumuz hər zərbə özümüzün, böyüməkdə olan uşağlarımızın həyatına, gələcək sağlamlığına endirilən amansız zərbədir.
Meşələrdən başlamış həyət-bacaya qədər qırılan ağaclar...
Meşələrdən başlamış həyətlərə qədər bir ucdan qırıb axırına çıxdıqları, insanlara təmiz oksigen verən yaşıl ağaclardan bizim deyil, başqa millətlərin övladları yararlanır sanki. Acı da olsa, bu bizim yaşadığımız günlərin acı mənzərəsidir. Açıq şəkildə demək lazımdır ki, cəmiyyətimizdə ekologiya mədəniyyəti, hər ağacın və yaşıllığın bizim həyatımız üçün nə qədər önəmli olduğu barədə məlumat bazamız sıfıra bərabərdir. Bizim cəmiyyətdə internetdən dəyərli məlumatlar əldə etmək, biliyini, dünyagörüşünü artırmaq yox, sosial şəbəkələrdə çənə döymək, mənasız laqqırtılar üçün istifadə olunur təəsüf ki. Ağılı başında olan insan hər kəsilən ağacın bir insan taleyində hansı dəhşətli nəticələrə başa gəldiyini oxuyub öyrənsə, indi ekoloji mədəniyyətimiz və biliyimiz barədə tam başqa mövzuda danışardıq bəlkə də.
Təəssüf ki, bizim cəmiyyətimizdə, bütün sahələrdə olduğu kimi, elə ekologiya sahəsində də olduqca yarıtmaz "düşüncə sistemi" mövcuddur - qoy bu işlərlə Ekologiya Nazirliyi məşğul olsun. Acı da olsa, etiraf etməkdən başqa, deməkdən başqa çarəmiz qalmır ki, bütün sahələrdə vətəndaş məsuliyyəti, vətəndaş təəssübkeşliyi elə bu əcaib stereotipdən ibarətdir,-mənim yerimə qoy başqası işləsin, mənim əvəzimə qoy başqaları düşünsün!
Axı hər şeyi dövlətin, onun strukturunun boynuna yıxmaq olmaz. Sən vətəndaş yaşadığın yerin, nəfəs aldığın fauna və floranın, ətraf mühitin qorunması üçün, təmizliyə riayət olunması üçün əlini ağdan qaraya vurmursansa, hələ üstəlik, özün də bir çox hallarda "qara işlərlə" məşğul olursansa, uzağı 1000-ə yaxın işçisi olan bir nazirlikdən 10 milyona yaxın insanın yaşadığı ölkənin hər bir kolunu, ağacını qorumağı tələb etmək nə qədər məntiqə uyğundur?
Düzdür, Ekologiya Nazirliyi də bir sıra hallarda üzərinə düşən işləri nöqsansız yerinə yetirə bilmir. Xüsusilə, ekoloji təbliğat sahəsində formal tədbirlərdən o yana ötməyən işlərin görülməsi, quruca tədbirlərin keçiriliməsi ilə kifayətlənmək halları mövcuddur. İndi birbaşa insan şüuruna hesablanan, insanların ekologiya ilə bağlı düşüncələrini tamamilə dəyişməyə qadir möhkəm informasiya və təbliğat konsepsiyasına çox böyük ehtiyac var yaşadığımız günlərdə. Elə bir təbliğat ki, orada zibili öz yaşadığı həyətə, çimdiyi dənizə tolazlayan, yaşıllıqları qəddarcasına məhv edən insanlara, bu əməllərinin onun özü üçün, uşaqları üçün necə dəhşətli nəticələrə gətirib çıxardığını, hansı ölümcül xəstəliklərin yaranmasına "yaşıl işıq yandırdığını" izah edə bilsin.
Zibil qalıqlarını dənizə tökən vətəndaş...
Amma yenə də deyirəm, bütün bunları, sadəcə bir nazirliyin işçilərinin üzərinə atmaq, yumşaq şəkildə ifadə etsək, sadəlövhlük və məsuliyyətdən qaçmaqdır. Zibil qalıqlarını dənizə tökən vətəndaş... Məsələn, yayda Azərbaycanın çimərliklərinə bircə dəfə baş çəkmək kifayətdir ki, bizim əhalinin ekologiyaya, elə ilk növbədə, öz nəfəs aldığı həyata, ətraf mühitə necə düşmən kəsildiyini görə biləsən. Təsəvvür edin ki, əvvəlcə dənizin qırağında meyvə-tərəvəz yeyən, sərinləşdirici sular içən, ən dəhşətlisi isə yeyib qurtarandan sonra onu balaca uşaqlarının, ailəsinin girib çiməcəyi dənizə atan hər nəfərin yanına bir hüquqşünas və ya hökumət adamı qoyursan ki, onu bu dəhşətli ekoloji cinayətdən çəkindirsin. Bu, mümkünsüz və əcaib məcburiyyət olduğu qədər, eyni zamanda bizim üçün üzüqaralıqdır həm də. Təəssüf ki, bizim ölkədə əksər çimərliklərin heç bir standartlara cavab verməməsi, bu çimərliklərdə ekoloji mədəniyyət qaydalarının, ekoloji təhlükəsizliyin təmin olunmaması bir yana, bura çimməyə gələnlərin kütləvi şəkildə bu əraziləri zibilliyə çevirmələri ilə yanaşı, çimdikləri suyun tərkibini ən dəhşətli xəstəliklər üçün "ideal" vəziyyətə gətirmələri və insan sağlamlığına ölümcül təhlükə olan xəstəliklərin həmin çimərliklərdə tüğyan etməsi, demək olar ki, adi hal alıb. Belə getsə, həm ekologiyamızı itirəcəyik, həm də özümüzü...
Ermənilər "Qırmızı kitab"a daxil edilmiş ağacları kütləvi şəkildə qırıb xaricə satırlar
Başqa vacib bir məqam isə, işğal olunmuş ərazilərimizdə ermənilərin təbii sərvətlərimizə, ekologiyamıza və ətraf mühitə vurduqları amansız ziyanlar, həyata keçirdikləri "ekoloji terror" siyasətidir. Erməni işğalı ucbatından əlimizdə olmayan rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalıb. Hal-hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv ediblər. Ekoloji vandalizm siyasəti bununla bitmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına diqqət edək: "Kəlbəcər rayonunda "Qırmızı kitab"a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası" mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur."
Erməni terrorunun ekologiyamıza vurduğu zərbələr, həqiqətən ürək ağrıdıcıdır. Amma gəlin heç olmasa bütün bunlardan, sözün əsl mənasında dərs götürüb, ekologiyamızı, ətraf mühitimizi qorumaq üçün əməli işlərə başlayaq. Ancaq bir şərtlə, formallıqdan, yalnız görüntü xatirinə olan tədbirlərdən qaçaq. Çünki yalançı maarifləndirmə, yalançı canfəşanlıq, ilk növbədə bizim özümüzə və gələcək nəsillərimizə böyük zərbə olacaq. Ekologiyamızı, təbii sərvətlərimizi qorumaq üçün bir vətəndaş olaraq hərəmiz, sadəcə üzərimizə düşəni edə bilsək, zibil qutularını küçələrə atmasaq, meşələri qırıb yandırmasaq, dənizi zibilləməsək, avtomobillərimizlə zəhərli tüstüləri havaya buxarlandırmasaq, o zaman artıq hər şey başqa cür olacaq. Ən azından sabah dünyaya gələn övladlarımızın təmiz, sağlam böyüməsinə əmin olacağıq. Daha indiki kimi onların gələcək sağlamlıqları üçün "qəbir qazmayacağıq". Unutmayaq ki, bu gün ekologiyamıza, ətraf mühitimizə qarşı etdiyimiz cinayətlər, sabah övladlarımızın, gələcək nəsillərin acı həyatında öz əksini tapacaq. Gəlin gələcək nəsillərə sağlam həyat, təmiz ətraf mühit bəxş edək!
Mətləbəli SALAHOV
Səs.-
2016.- 12 fevral.- S.5