Xocalı
soyqırımının 24-cü ildönümü
ilə əlaqədar Azərbaycan diaspor təşkilatları
silsilə tədbirlər keçirəcək
Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərə elmi-prakitiki konfranslar, dəyirmi masalar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fləşmoblar və s. daxildir.
Avropanın bir çox ölkələrinin - Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belarus və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq. Həmçinin, fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarka Krallığında fəaliyyət göstərən "Vətən" Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və digər Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Xocalı faciəsi mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), "Xəzər" Cəmiyyəti, Azərbaycan Evi, Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, "Alm.Az." Cəmiyyəti Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlər keçirəcək. Fevralın 24-ü Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində "Aleksandr Plats" meydanında fləşmobun və fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur. Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcək.
Niderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşurlar paylanılacaq, fevralın 26-da isə Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq.
Xocalı soyıqırımının 24-cü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirəcək, ABŞ Konqresinə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Xocalı hadisələrinə dair məlumatları əks etdirən plakatlardan ibarət guşə yaradacaq. Şimali Kaliforniya Amerika Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edəcək. Nyu-York Azərbaycan - Amerika Qadınlar Assosiasiyası isə fevralın 26-sı Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirəcək. Amerika Azərbaycan Mədəniyyət Mərkəzi, Nyu-York Mədəniyyət Mərkəzi, Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF) və Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Xocalı qətliamı qurbanlarının gözü ilə, qondarma erməni soyqırımının ifşası" şüarı ilə etiraz yürüşünün keçirilməsi də nəzərdə tutulur.
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rusiyanın bir çox kütləvi informasiya vasitələrində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə "Xocalı şeir antologiyası" kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, Xocalı mövzusunda panel və fotosərgilər də təşkil ediləcək. Hazırda Gürcüstanda Xocalı ayı çərçivəsində tədbirlər keçirilir.
Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Dövlət Komitəsinə daxil olan məlumatlara görə, bir sıra ölkələrdə də Xocalı soyqırmının 24-cü ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.
ZÜMRÜD
Səs.-
2016.- 16 fevral.- S.11