Tbilisidə "Xocalıya ədalət"
aksiyası keçirilib
Gürcüstanın paytaxt Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Xocalı ayı çərçivəsində keçirilən tədbir "Borçalı-İrəli İctimai Birliyi"nin təşkilatçılığı ilə baş tutub. Aksiyada iştirak edən Tbilisidə təhsil alan tələbə-gənclər və ictimaiyyət nümayəndələri Xocalı soyqırımı ilə bağlı informasiya bukletləri paylayıblar.
Aksiyadan öncə "Borçalı-İrəli İctimai Birliyi"nin sədri Məhəbbət İmanov iştirakçılara Xocalı qətliamı haqqında məlumat verib. M.İmanov qeyd edib ki, şəhər sakinləri və qonaqlar bu qətliam haqqında onlara verilən məlumatları olduqca maraqla qarşılayıb, bu hadisələr haqqında öyrənən xarici və yerli vətəndaşlar terroru törədənləri lənətləyərək, bu faciəyə ədalət tələb ediblər. Daha sonra Tbilisinin mərkəzi küçələrinə yürüş edən gənclər şəhər sakinlərinə və qonaqlara Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin gürcü və ingilis dillərində çap etdirdiyi məlumat bukletlərini və posterlərini paylayıb. Şəhərin mərkəzi küçələrinin ictimai nəqliyyat dayanacaqlarında, divarlarında və əhalinin ən çox toplaşdığı məkanlarda Xocalı qətliamı haqqında informasiyalı və görüntülü posterlər yerləşdirilib.
Qeyd edək ki, "Xocalıya ədalət" kampaniyası Gürcüstanın bir sıra bölgələrində davam edir.
ZÜMRÜD
Səs.-
2016.- 16 fevral.- S.10