Dədə-Qorqud yurdu Naxçıvan - tarixietnoqrafik atlası" hazırlanacaq

Dastanda ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir  

  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  yanında Bilik Fondunun 2016-cı il üzrə planına uyğun olaraq "Dədə-Qorqud yurdu Naxçıvan - tarixietnoqrafik atlası"nın hazırlanması nəzərdə tutulub. Bununla bağlı AMEA-nın Naxçıvan Bölməsində dəyirmi masa keçirilib.

Bölmənin sədri, akademik  İsmayıl Hacıyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" 20 fevral 2015-ci il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

Akademik İ.Hacıyev qeyd edib ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Dastanda Azərbaycanla bağlı adı çəkilən coğrafi məkanlardan söz açan bölmə sədri bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Bu mühüm fakt Naxçıvana ərazi iddiaları ilə yaşayan bədnam ermənilərə tutarlı cavabdır.   Bildirilib ki, dastan Oğuz türklərinin şəcərəsi, soykökü, onların həyat tərzi, adət-ənənələri barədə məlumatların toplandığı tarixi mənbədir. Bu baxımdan "Dədə Qorqud yurdu Naxçıvan - tarixietnoqrafik atlası"nın hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Bölmə sədri qeyd edib ki, atlasda "Kitabi-Dədə Qorqud" dastanının Naxçıvanla bağlılığı dərindən araşdırılacaq, xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası, dialektlərin, habelə folklor materialları əsasında "Oğuznamə"lərin yayılma arealı əks olunacaq.

Tədbirdə bölmənin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və başqaları mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.

Yekun olaraq akademik İsmayıl Hacıyev bildirib ki, atlasın hazırlanmasında əsas məqsəd "Kitabi-Dədə Qorqud" dastanının geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, hazırda atlasın hazırlanması istiqamətində işlər davam etdirilir. 

  

ZÜMRÜD

Səs.- 2016.- 17 fevral.- S. 7